Şeyxülislam Allahşükür Paşazadə: Prezident İlham Əliyev bəşəriyyətin mənəvi ehtiyac duyduğu qlobal ideyalar irəli sürür

 
 
08.05.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından, bu istiqamətdə görülən işlərdən söhbət açılır.
- Şeyx həzrətləri, dövlətimiz dinə və dindarlara hər zaman qayğı göstərir. Prezident İlham Əliyevin son sərəncamları bu qayğının bariz nümunəsidir. Bu barədə nə deyə bilərsiniz?
- Bismillahir-rəhmanir-rəhim!
Peyğəmbər Salavatullahın hədisi vardır ki, Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik rəhbər, öndər göndərəcək və bu xalqı zülmətdən nura tərəf aparacaq. Şükürlər olsun ki, Azərbaycana belə rəhbərlər lütf edilib və bu şəxsiyyətlərin ümumbəşər əhəmiyyətli ideyaları sayəsində ölkəmiz, xalqımız adını dünyanın tarix salnaməsinə həkk etməyə nail olub.
Bəli, Azərbaycan Prezidentinin önəmli qərarları sırasında 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə verdiyi sərəncamlar xüsusi yer tutur. Mən dövlətçiliyimiz, bölgəmizin tarixi üçün əhəmiyyətli olan bu sərəncamları həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, eyni zamanda, milli-mənəvi dəyərlərə ali diqqətin bariz nümunəsi kimi qəbul edirəm. Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək dövlətimizin başçısına minnətdarlıq məktubu ünvanlamışıq. Bir daha təşəkkürlərimi Azərbaycanın liderinə, dünya miqyaslı dövlət xadiminə ünvanlamaqdan şərəf duyuram. Zati-aliləri sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Ölkəmizi bütün sahələrdə inkişaf mərhələsinə qaldıran, dini-mədəni mühitin tərəqqisini təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən Prezidentimiz yüksək təfəkkürü sayəsində XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən ideyalar irəli sürür və onların reallaşdırılması istiqamətində əməli səylər göstərir. Bu, Uca Yaradanımızın buyurduqlarına uyğun olan, müqəddəs amallara xidmət edən və insanlığın vəhdəti, həmrəyliyinə rəvac verən önəmli missiyadır. Dünya ictimaiyyəti bunu görür və yüksək dəyərləndirir.
Müxtəlif qitələrin nümayəndələrinin, fərqli din və mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan Respublikasında sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadilələri aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş Sammiti sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə olmuşdu.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu il noyabrın 14-15-də Bakı şəhərində Dünya dini liderlərinin II sammiti keçiriləcək. Bu sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktuallıq və dəyər kəsb edir. Əminik ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək. Bu, Azərbaycanımız üçün böyük uğurdur.
Din xadimi olaraq, xüsusən şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Biz dünya miqyasında dinlərarası əməkdaşlığın uğurlu ənənəsinə hər zaman sadiqik. Əlbəttə, Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən məqamlardan ən mühümü odur ki, ölkəmizdə din-dövlət münasibətləri düzgün qurulub. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi hiss edir, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edirlər.
Düşünürəm ki, Azərbaycan öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində tanıda bilib. Allah doğru yolda, haqq yolunda olanlara rəvac verir, düzgün addımlar atanlara hər zaman yardımçı olur. Əminəm ki, bu nailiyyətlərə görə əziz qardaşım Heydər Əliyevin də ruhu şaddır. Belə ki, bu uğurlu siyasətin əsası dünyaca tanınmış müdrik öndərimiz, bu günlərdə anadan olmasının növbəti ildönümünü qeyd etdiyimiz Heydər Əliyev tərəfindən qoyulub və bu xətti Prezident İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Allah Heydər Əliyev həzrətlərinə rəhmət eləsin!
Dindarlarımız hər zaman dövlətimizin başçısına Azərbaycan naminə misilsiz fəaliyyətində daha möhtəşəm uğurlar qazanması üçün dualar edirlər. Prezidentimiz hər zaman xalqın içindədir, onun qayğıları ilə yaşayır, ehtiyacı olanın, kimsəsizin, dara düşənin, təbii fəlakətdən əziyyət çəkənin, ağsaqqalın, ağbirçəyin, uşaqların, əsgərin, məcburi köçkünün yanındadır. Azərbaycan xalqının dövlətimizin başçısına olan sonsuz etimadı, dəstəyi və məhəbbəti onun rifah və tərəqqisi üçün böyük zəhmətlər çəkən Prezident İlham Əliyevə ən dəyərli mükafatdır.
Uca Allah belə əməllər sahibinin bütün səylərinə rəvac verər. Biz dindarlar dövlətimizin başçısının xalqımızın rifahının daha da yaxşılaşdırılması üçün gördüyü işləri yüksək dəyərləndiririk. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımları, milli-mədəni irsin qorunması işinə göstərilən maddi və mənəvi yardımı, dini abidələrə dövlət səviyyəsində qayğı və himayəni müdrik siyasətin nümunəsi kimi dəyərləndiririk. Biz, Prezidentimizə din xadimlərinə ali diqqət və davamlı maddi-mənəvi qayğısına görə hədsiz minnətdarlığımızı çatdırmaqdan şərəf duyuruq. Biz Uca Allahın lütfü, Prezidentimizin rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, dövlətimizin, xalqımızın daha böyük uğurlara imza atacağına inanırıq. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla, bütün dindarlar Prezident İlham Əliyevin yanındadırlar və Azərbaycanın səadətini təmin edən siyasətini hər zaman dəstəkləyir, xalqımızın və dövlətimizin tərəqqisi naminə gördüyü dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyirlər.
- Dövlətimizin başçısının imzaladığı sərəncamlarla bağlı hansı işlər görülüb və görülməsi nəzərdə tutulur?
- Dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq yaradılmış Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə iclas keçirilib. Artıq dünya dini liderlərinin II Bakı Sammitinə dəvət olunacaq qonaqların siyahısı dəqiqləşdirilib və dəvətlər ünvanlarına göndərilib. Sammitin miqyasına, əhəmiyyətinə və statusuna uyğun təşkilati - texniki işlər başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində, sərəncamlardan irəli gələn məqamlara dair tədbirlər planı hazırlayıb. Təşkilat Komitəsində təmsil olunan rəsmilər, dini icma rəhbərləri, elm adamları, media rəhbərləri ümumölkə əhəmiyyətli tədbir olan bu Sammitin təşkili işinə öz töhfələrini verirlər və İnşallah, bu səylər ən yüksək şəkildə öz nəticəsini göstərəcək.
- Son görüşlərinizdə Vyana şəhərində keçiriləcək konfransın mesajını verdiniz. Bu konfransın gündəliyində hansı məsələlər var? Dağlıq Qarabağ məsələsini Vyana konfransında da qaldıracaqsınızmı?
- Bəli, 2017-ci ilin sonunda “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunan Bakı konfransında iştirakçıların yekdil fikri əsasında, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı şəkildə təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi təsis olundu. Bu Mərkəzin xətti, Xarici İşlər Nazirliyi və mənzil-qərargahı Vyanada yerləşən KAİCİİD beynəlxalq dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin dəstəyi, Avstriyanın müvafiq dövlət, qeyri-hökumət təşkilatları, dini və elm mərkəzləri ilə birgə bu il iyunun 19-20-də Vyana şəhərində “Sivilizasiyalar və dinlərarası dialoqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda “Sivilizasiyalararası və dinlərarası dialoqun bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına və dini tolerantlıq ideyalarının tərənnümünə xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya dinlərarası dialoqa və həmrəyliyə təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqlarının qorunması sahəsində sivilizasiyalar və dinlərarası dialoqun əhəmiyyəti, insanlara qarşı zorakılıq halları — irqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış qaçqın və məcburi köçkünlərə, miqrantlara mərhəmət və qayğı göstərməyin vacibliyi”, “Münaqişə zonalarında etnomədəni və dini abidələrin dağıdılması və zorakılığa məruz qalması”, “Dövlət, elm və din xadimlərinin sivilizasiyalararası və dinlərarası dialoqun və əməkdaşlığın təşviqində birgə səylərinin rolu” mövzularında müzakirələr aparılacaq. Bunlarla yanaşı, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin ümumbəşəri, multikultural ideyalarının dövrümüz üçün aktuallığı mövzusu da gündəmə gətiriləcək.
Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Bu, Uca Yaradanımıza xoş olan mənəvi üstünlükdür, bəşəri ucaldan dəyərdir. Biz bu məqamı xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllində israr edirik.
Bu günədək iştirak etdiyim elə bir beynəlxalq tədbir, çıxış etdiyim elə bir xitabət kürsüsü olmayıb ki, oradan xalqımızın ən böyük problemi olan Qarabağ məsələsini xatırlatmayım, ərazilərimizin 20 faizinin işğal altında olduğunu, dini-mədəni abidələrimizin dağıdılmasını, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın problemini qaldırmayım. Vyana konfransı da istisna olmayacaq. Avropanın mərkəzində biz bütün dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək fürsətindən istifadə edəcəyik.
Qoy Uca Allah lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! İnşəallah!
 

Oxunub : 2551