Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir

14.12.2018
Dünyanın əksər ölkələrində insanlar islamofobiya, ksenofobiya ilə qarşılaşırlar. Azərbaycanda isə bütün dinlərə mənsub insanlar azad, rahat şəkildə yaşayırlar. Bu baxımdan Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rassel Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.
 
QMİ sədri Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, ölkəmizin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyib. O, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcud olduğunu qeyd edib.
 
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu qeyd edən Allahşükür Paşazadə bunun Prezident İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olduğunu bildirib.
 
Şeyxülislam deyib ki, millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın ayrı-ayrı yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyada bir çox tarixi abidələrin bərpasını buna bariz nümunə kimi göstərmək olar.
 

Oxunub : 1396