Berlin Bəyannaməsi

 
 
19 noyabr 2018-ci il tarixində müxtəlif ölkələrin dövlət, ictimaiyyət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində “Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdşlığa doğru” adlı
 
Beynəlxalq Konfransın iştirakçıları:
 
mədəniyyətlər və dinlər arası dialoqun, milli-mədəni dəyərlərin və ənənələrin  qorunmasına xüsusi önəm verən Almaniya Federativ Respublikası və Azərbaycan Respublikasından olan həmtəşkilatçılar tərəfindən tədbirə göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək;
 
konfransın həmtəşkilatçıları - Bakı Beynəlxalq dinlər və sivilizasiyalar arası əməkdaşlıq Mərkəzinə, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinə, Almaniya - Azərbaycan Forumuna və Berlin Mədəni Diplomatiya Akademiyasına tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək;
qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlər arası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyini vurğulayaraq və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edərək;
 
ayrı-seçkiliyin, ksenofobiyanın,  terrorizmin, aqressiv separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını ifadə edərək;
 
özündə bəşəri dəyərləri əks etdirən ənənəvi dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfə verdiklərini, humanizmin təbliğinə, sülhün və ədalətin bərqərar edilməsinə xidmət etdiklərini xüsusi vurğulayaraq;
 
davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin zərurətini bildirərək;
 
dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri
 
-         mədəniyyətlər və dinlər arası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə;
-         milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyalara əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə;
 
-         siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya, antisemitizm və islamafobiyanın, habelə dinin adından sui-istifadə etməklə terrorizmin və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə;
 
-         Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq etməklə dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə, Fələstində, Suriyada davam edən münaqişələrin, eləcə də  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə;
 
-         Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan çağırış və təhdidlərlə mübarizə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorizmin, aqressiv separatizmin, ekstremizmin qarşısının alınması sahəsində səmərəli fəaliyyətin aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar.
 
Berlin şəhəri, 19 noyabr 2018-ci il.
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1613