Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib

 
19.09.2018
Sentyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə QMİ sədri Azərbaycandakı dini tolerantlıqdan bəhs edib. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərə, məzhəblərə mənsub insanlar hər zaman əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Bu cür tolerantlıq ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
QMİ sədri Azərbaycan-Misir əlaqələrindən də danışıb. O vurğulayıb ki, ölkəmizin 2017-ci ildə İslam həmrəyliyi ilə bağlı keçirdiyi konfranslarda Misirdən gələn elm və din xadimləri iştirak ediblər.
 
Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Azərbaycandakı dini tolerantlığın təqdirəlayiq olduğunu söyləyib. O, bugünkü görüşdə şeyxülislamla birlikdə müxtəlif dini icmaların nümayəndələrinin iştirak etməsinin bu tolerantlığın göstəricisi olduğunu bildirib.
 
Mahmud Əhməd Şərif rəhbərlik etdiyi Seyidlər Birliyinin fəaliyyəti haqqında məlumat verib.
 
Birliyin əsas işinin Misirdəki müxtəlif dinlər və millətlər arasında vəhdəti qoruyub saxlamaq olduğunu deyən parlamentin birinci vitse-spikeri qeyd edib ki, görülən işlərin nəticəsində ölkəsində sülh və əmin-amanlıq mövcuddur.
 
Nümayəndə heyətinin digər üzvləri Azərbaycanda gördükləri səmimiliyə və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.
 

Oxunub : 1419