Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu

  
Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirildi. Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması, eləcə də Qurani-Kərimin tilavəti ilə başladı.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə giriş sözü ilə çıxış edərək bildirdi ki, Xocalıda baş verən soyqırımı heç vaxt unudulmayacaq: “Xocalı faciəsi bizim qan yaddaşımızdı. Bu gün biz həmin qanlı hadisənin 25 illiyini qeyd edir, faciə zamanı şəhid olanlara- qadınlara, qocalara, körpələrə Allah-Təaladan rəhmət diləyirik. Həmin gecə amansızlıqla qətlə yetirilən uşaqlar sağ olsaydılar, bu gün onlar özləri də valideyn idilər. Ermənistandakı ekstremist qüvvələrin törətdiyi bu qanlı cinayətin tarixi kökləri 200 il əvvələ gedib çıxır. Onlar zaman-zaman Azərbaycana qarşı soyqırımı həyata keçiriblər. Xocalıda baş verənlər bu amansız cinayət planının davamı idi. Amma onlar elə bilirdilər ki, bu yolla xalqımızı məğlub edə biləcəklər. Lakin Azərbaycan xalqını əzmək, diz çökdürmək mümkün olmadı, olmayacaq da. Çünki bu xalq ən ağır günlərdə belə birləşməyi bacarır”. 
 
QMİ sədri bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi qiymət verildi. Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə qüdrətlənən Azərbaycan Ermənistana layiqli cavab verməyə hazırdır: Ötən ilin aprelində cəbhədə baş verənlər buna bir daha sübutdur. Artıq azad olunan Cocuq Mərcanlı kəndində bərpa və quruculuq işləri başlanıb, dövlət başçısının göstərişi ilə orada məscid inşa olunacaq. Cocuq Mərcanlıda digər sosial obyektlərlə yanaşı, məscid də tikiriksə, bunun özü onu göstərir ki, biz təkcə torpağı deyil, həm də milli-mənəvi ruhumuzu orada bərpa edirik. Allahın köməyi, Ali Baş Komandanın rəhbərliyi ilə digər ərazilərimizi də erməni silahlılarının işğalından azad edəcək, dağıdılan qəbiristanlıqları, ziyarətgahları, məbədləri abadlaşdıracağıq. Bütün Azərbaycan xalqında buna böyük bir ümid var. Tezliklə Qarabağ işğaldan azad edəcəyik, bu mərasimdə iştirak edən dövlət nümayəndələri, deputatlarla birlikdə Xocalıda sizlərin qonağı olacağıq. Allah-Təala həmin xoş günü hamımıza nəsib etsin, inşallah”.
 
Şeyxülislam həzrətlərinin sözlərinə görə, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocaqlıya ədalət!” kampaniyasının böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, dünyanın bəzi ölkələrinin parlamenti artıq Xocalı soyqırımını tanıyıb, müxtəlif şəhərlərdə soyqırımı qurbanlarının xatirəsini yad edən aksiyalar, sərgilər keçirilir. Şeyxülislam Allahşükür Paşazadə qeyd etdi ki, Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbirlər keçirmək üçün QMİ-nin xarici ölkələrdəki nümayəndəliklərinə tapşırıqlar verilib: “Rusiyanın Moskva və Dərbənd, İranın Qum, Gürcüstanın paytaxtı Tbilisidə nümayəndəliklərimizin təşkilatçılığı ilə anım mərasimləri keçiriləcək, faciə qurbanları yad olunacaq”.
 
QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırdı. (Müraciətin tam mətni ilə saytımızda tanış ola bilərsiniz).
 
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm, dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Bəxtiyar Sadıqov, Aqil Abbas, Bəxtiyar Əliyev, Roma Katolik Kilsəsinin ölkəmizdəki nümayəndəsi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Alban-udi icmasının rəhbəri Robert Mobili çıxış edərək fikirlərini bölüşdülər.
 
Xocalılar adından çıxış edən Murad Məhərrəmov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirdi.
 
Sonda ehsan verildi.
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 2110