QMİ-də 20 Yanvar şəhidləri anıldı (VİDEO)

 
Yanvarın 26-da Qafqaz Müsəlmanları İdarəsində Qanlı Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Din xadimlərinin, şəhid ailələrinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunması ilə başladı.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev 1990-cı ilin yanvarında baş verən hadisələr zamanı həlak olan xristianların və yəhudilərin ruhuna dualar səsləndirdilər. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qanlı Yanvarın tariximizin şanlı səhifələrindən biri olduğunu bildirdi, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın şücaətindən danışdı. Şeyxülislam həzrətləri bildirdi ki, M. Qorbaçovun göstərişi ilə Bakıya yeridilən sovet ordusu paytaxtda və bəzi rayonlarda qırğınlar törədib, qocaları, qadınları və uşaqları, peşə borcunu həyata keçirən həkimləri xüsusi amansızlıqla qətlə yetiriblər. O zaman bütün çətinliklərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən Heydər Əliyev Qanlı Yanvarın sifarişçilərini və xalqımıza qarşı bu qırğını törədənləri kəskin ittiham edib. ümummilli Lider yenidən hakimiyyətə gələndən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, şəhid ailələrinə diqqət və qayğı göstərilib. Prezident İlham Əliyev də canlarından keçən qəhrəmanlarımızın ailə üzvlərini, bu hadisədə yaralanan insanları daim diqqət mərkəzində saxlayır.
Allahşükür Paşazadə 25 il əvvəl baş verən hadisələr zamanı Qafqaz Müsəlmanları İdarəsinin gördüyü işlər, faciənin dünya ictimaiyyətinə çatdırılması üçün atdığı addımlar barədə də danışdı. QMİ sədri bildirdi ki, Azərbaycan xalqına qarşı belə bir qanlı cinayəti törədənlər gec də olsa ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Şeyxülislam həzrətləri 20 Yanvar hadisələrindən bəhs edən əsərlərin yaradılmasının vacibliyini qeyd etdi, ANS Şirkətlər Qrupunun “Bakıfilm” studiyasında istehsal olunan “Qanlı Yanvar” bədii filmini ərsəyə gətirənlərə minnətdarlığını bildirdi. Filmin quruluşçu rejissoru Vahid Mustafayevə, ANS Şirkətlər Qrupunun həmtəsisçilərindən olan Mir Şahin Ağayevə Qurani-Kərim hədiyyə etdi.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev 25 öncə baş verənlərin gələcək nəsillərə çatdırılması və gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün davamlı işlərin görülməsini zəruri saydılar. QMİ-nin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, 20 Yanvar hadisələrində həbs olunaraq “Lefortovo” həbsxanasında saxlanılan Hacı Tahir Abbasov xatirələrini danışdı.
Sonra tədbir iştirakçıları üçün  “Qanlı Yanvar” bədii filmi nümayiş etdirildi. Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verildi.   
Mərasimdən hazırlanan geniş reportaj “Haqqın nuru” qəzetinin növbəti sayında dərc olunacaq.
 
 

Oxunub : 1160