05 NOYABR 2024
İmam Hüseynin (ə) məqbərə kompleksi – Kərbəla, İraq
İraqın paytaxtı Bağdaddan 105 km məsafədə, Fərat çayının qərb sahilində yerləşən Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) məqbərə kompleksi yerləşir.
Bu məkan əsrlərdən bəri müsəlmanların ən məşhur ziyarət ocaqlarından biri hesab edilir.
Həzrət İmam Hüseyn (ə)
Həzrət İmam Hüseyn (ə) On iki Əhli-Beyt İmamının (ə) üçüncüsüdür. O Həzrət (ə) Miladi təqvimlə 626-cı ildə Mədinə şəhərində dünyaya gəlib və 680-ci ildə, 66-yaşında Kərbəla düzündə şəhid edilib.
Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Müaviyə özündən sonra mənəviyyatdan uzaq həyat tərzi sürən oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi.
Müaviyə Hicri tarixi ilə 60-cı ildə vəfat edir, ölümündən sonra Yezid xilafət kürsüsünə oturur və insanlardan beyət alınmasına göstəriş verir. O, əmisi oğlu Vəlidə məktub yazaraq bir sıra tanınmış şəxslərlə yanaşı, İmam Hüseyndən (ə) də beyət almasını tələb edir. Əks təqdirdə İmamın (ə) başını kəsib ona göndərməsini istəyir.
Yezidin planlarından xəbər tutan İmam Hüseyn (ə) Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı (ə) Kufəyə dəvət edirlər. Rəvayətlərə görə, bu qəbildən olan məktubların sayı minlərlə olur. Vəziyyəti belə görən İmam Hüseyn (ə) öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama (ə) beyət etmək üçün Müslimin yanına gəlirlər. Müslim beyət aldıqdan sonra İmam Hüseyni (ə) məktub vasitəsilə Kufəyə dəvət edir.
Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.
Bu zaman Həzrət Hüseyn (ə) Məkkədən Kufəyə yola düşür. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam (ə) Müslimin şəhid olması xəbərini eşidir. Baş verən hadisədən xəbər tutan İmam Hüseyn (ə) gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə toplayır və onlara Mədinəyə qayıtmağı təklif edir. İnsanların bəziləri dağılışır, o Həzrət (ə) isə ailəsi və ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam edir.
Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürr Riyahinin başçılıq etdiyi Kufə ordusu Həzrət Hüseynin (ə) dəstəsinə yetişdi. Onlar İmam Hüseynin (ə) qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər və İmamın (ə) dəstəsini mühasirəyə aldılar.
Çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qalırdı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynin (ə) qarşısında iki yol qoydu: ya təslim olub Yezidə beyət etmək, ya da qətlə yetirilmək. Azadlıq carçısı olan Həzrət Hüseyn (ə) şəhid olmağı Yezid kimi birisinə beyət etməkdən üstün bildi və “Bizim kimilər Yezid kimilərə beyət etməz” - deyə buyurdu.
İmam (ə) gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istədi. Səhabələr gecəni səhərədək namaz qıldılar, dua etdilər, bir sözlə, Allahı zikr etməklə başa vurdular.
Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən “Allahu Əkbər” sədaları ucalırdı, lakin bir tərəfdə haqq və həqiqət tərəfdarı olan İmam Hüseynin (ə), digər tərəfdə isə zalım Yezidin dəstəsi yer alırdı. Döyüşdən əvvəl Həzrət Hüseyn (ə) son dəfə olaraq Peyğəmbərin (s) əbasını geyinib düşmənə tərəf yollandı və özünün sonuncu xütbəsini oxudu. Ümumiyyətlə, İmam (ə) oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır, öz əməlindən peşman olaraq İmam Hüseynin (ə) tərəfinə keçir və döyüş meydanında ilk şəhid də məhz Hürr Riyahi olur.
Beləliklə, döyüş başlayır. Bu döyüşdə Peyğəmbər (s) ailəsinə qarşı xüsusi qəddarlıq nümayiş etdirilir. Düşmən tərəf İmamın (ə) qucağındakı südəmər körpə Əli Əsğəri belə, öldürməkdən çəkinmir. Əvvəlcə yaxınlarını bir-birinin ardınca döyüşə göndərən İmam (ə) sonda özü döyüş meydanına girir. Qarşı tərəf tərəfdarları kimi İmamı (ə) da təkbətək döyüşdə məğlub edə bilməyəcəklərini görüb uzaqdan daş və ox atmağa başlayır. Atılan daşlardan biri o Həzrətin (ə) mübarək alnına dəyib yaralayır. İmam Hüseyn (ə) köynəyini qaldırıb gözünə tökülən qanı silmək istədiyi zaman Yezid qoşununun sərkərdələrindən olan Ömər bin Səd Hərmələ adlı mahir oxatana İmamın (ə) sinəsini nişan almağı əmr edir. Hərmələ nadir hallar üçün saxladığı xüsusi üçbaşlı oxla İmam Hüseyni (ə) sinəsindən vurur və İmam (ə) atdan yerə yıxılır. Ömər bin Səd İmam Hüseynin (ə) başını kəsməyi əmr edir. Heç kim buna çürət etməsə də Şimr adlı bir döyüşçü amansızlıqla qətlə yetirilən Həzrət Hüseynin (ə) başını bədənindən ayırır. İmamın (ə) kəsilən başını nizəyə taxıb təhqiramiz şəkildə Şam şəhərinə, xəlifə Yezidin hüzuruna aparırlar.
Döyüş bitdikdən sonra düşmən ordusu xeymələrə hücum çəkir, onları talan edərək od vurub yandırır. O qanlı faciədən sonra Peyğəmbər (s) ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Kərbəla çölündən uzaq Şama gətirirlər. Həzrət Hüseynin (ə) başsız cənazəsi isə elə orada, Kərbəla düzündə torpağa tapşırılır...
Qeyd edək ki, Kərbəla çölündə baş verən bu qanlı savaşda əslən azərbaycanlı olan Müslim Azərbaycani İmam Hüseynin (ə) dəstəsində vuruşmuşdur.
Xatırladaq ki, böyük Azərbaycan şairi Məhəmməd Füzuli də öz vəsiyyəti əsasında Kərbəlada Həzrət İmam Hüseynin (ə) məqbərəsi yanında dəfn edilib. Aşağıdakı misralar da elə görkəmli şairə məxsusdur:
Ey Füzuli, məskənim çün Kərbəladır, şeirimin
Hörməti hər yerdə vardır, xalq onun müştağıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə də mirvaridir,
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Hörməti hər yerdə vardır, xalq onun müştağıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə də mirvaridir,
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Oxunub : 14229