QMİ HAQQINDA

XIX əsrin əvvəllərində Qafqaz (Zaqafqaziya) ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədar bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişikliklər baş verdi. 1823 - cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edildi. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edildi və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyyəti isə çarizm üsulu-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu. İslam ideologiyasını imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də elan etdi. Həmin nizamnaməyə görə, buraya (şiəlikdə) şeyxülislamlar qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyyidlər, mürşidlər və b. daxil idi. 1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam, müfti və s. şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri; məscid mollaları. Bununla yanaşı olaraq, ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından üç zümrəyə aid edilirdi: 1- ci ali zümrəyə Qafqaz Ruhani idarələrinin başçıları - şeyxülislam və müftilər; 2 - ci orta zümrəyə quberniya ruhani məscidlərinin üzvləri və qazilər; 3 - cü aşağı zümrəyə isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) və s. daxil idi.
Bakı və Gəncə (o zamankı Yelizavetpol) quberniyalalarının hər birində şiə və sünni cərəyanlarına aid olan və yanaşı fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədrləri durdu. Hər məclisdə iki nəfər üzv və başqa məmurlar fəaliyyət göstərirdi. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazisi olub. 1823-cü ildən bu günə kimi 12 şeyxülislamımız və 11 müftimiz olub.