15 DEKABR 2024
98. əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Kitab əhlindən1 (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
2. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
3. O səhifələrdə doğru-dürüst hökmlər vardır.
4. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
5. Halbuki onlara əmr edilmişdi ki, Allaha -dini yalnız Ona xas edərək, batildən haqqa (islama) dönərək -ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
6. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisləridir.
7. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
8. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!
Oxunub : 5511