Müstəqil Azərbaycan Respublikası dövründə

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dinlə bağlı kifayət qədər geniş məzmunlu qanunlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanun qəbul edildi. 1995-ci ildə qüvvəyə minən yeni Konstitusiyada isə dövlət-din münasibətləri təsbit edildi.
Hazırda mövcud qanunvericiliyə görə, ölkəmizdəki İslam dini qurumlarının fəaliyyəti ilə bağlı “Dini etiqad azadlığı haqqında” qanunun 9-cu maddəsinin birinci hissəsinə uyğun olaraq həmin qurumların birləşdikləri Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərində özünü göstərir. “Dini etiqad azadlığı haqqında” qanunun “Azərbaycan Respublikasında dini qurumlar” adlanan II fəslinin 7-ci maddəsində qeyd edilir ki, “Dini icmalar, idarələr və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzləri (idarələri) ilə təmsil olunurlar. Azərbaycan Respublikasında fəaliyyət göstərən İslam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər”. Qanunun bu maddəsi İslam dini qurumlarının QMİ-yə hesabat verməsini məcburi vəzifə hesab etməklə bərabər, Qanunun 8-ci maddəsinin 2-ci hissəsi də təşkilati məsələlərdə İslam dini icmalarının QMİ-yə tabe olmasını müəyyən edir: “Azərbaycan Respublikasında təşkilat məsələlərində İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər”. Bu normalar QMİ-nin nəzarət funksiyasını, o cümlədən idarədə birləşən dini icmalar tərəfindən dini etiqad azadlığı haqqında qanunvericiliyə riayət olunması üzərində nəzarət edilməsini onun əsas vəzifələrindən birinə çevirir.
Qanunun 9-cu maddəsində isə deyilir: “Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi İslam dini mərkəzində – Qafqaz Müsəlmanları İdarəsində birləşirlər”.
Qanunun 12-ci maddəsində də qeyd edilir ki, “dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.
1980-ci ildən etibarən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləridir. QMİ-nin səlahiyyət dairəsi hazırda Azərbaycan, Gürcüstan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsinin ali orqanı Qafqaz müsəlmanlarının Qurultayıdır. Qafqaz müsəlmanlarının XII Qurultayı 2009-cu ilin 12 avqustunda Bakıda keçirilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində keçirilmiş XI Qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilmişdir. Qeyd edək ki, 1823-cü ildən bu günə kimi 12 şeyxülislamımız və 11 müftimiz olub.
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri 2003-cü ildən - MDB Dinlərarası Şurasının yarandığı zamandan etibarən bu qurumun həmsədridir. Digər həmsədr Rus Pravoslav Kilsəsinin başçısı, mərhum Patriarx II Aleksi olmuşdur. Hazırda qurumun digər həmsədri Moskva və Bütün Rusiya Patriarxı Kirilldir.
Qurumun təşəbbüs və himayəsi ilə Beynəlxalq Sülhyaratma Forumu (2004, Moskva), dünya dini liderlərinin Moskva (2006) və Bakı (2010) Sammitləri gerçəkləşmişdir.
Qafqaz Xalqları Ali Dini Şurası 1993-cü ildə Qroznıda təsis edilmişdir. Yaradılma ideyası Şeyxülislam Allahşükür Paşazadə həzrətləri tərəfindən irəli sürülən Şura Qafqazda yaşayan müsəlman, xristian və yəhudi dininə mənsub olanların birgə təmsil olunduğu mötəbər qurumdur. Şeyxülislam Allahşükür Paşazadə Şuranın yarandığı andan bugünədək sədridir.
Şeyxülislam Allahşükür Paşazadə 2009-cu ilin iyulunda Moskvada təsis olunmuş MDB Müsəlmanları Məşvərət Şurasının, həmçinin QMİ Qazılar Şurasının sədridir.
QMİ ölkəmizdə olduğu kimi, bütövlükdə Qafqaz regionunda və İslam aləmində kifayət qədər geniş nüfuza malikdir. İdarənin nüfuzlu qurum kimi şöhrət qazanmasında Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin böyük xidmətləri vardır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin qayğı və problemləri ilə şəxsən maraqlanır və idarənin fəaliyyətinə hərtərəfli dəstək olur.
Hazırda Qafqaz Müsəlmanları İdarəsi Bakı şəhəri, Mirzə Fətəli, 7 ünvanında yerləşir.

Oxunub : 3297