Şeyxülislam Allahşükür Paşazadənin QMİ Qazılar Şurasının iclasında çıxışı

17.02.2026
 
Möhtərəm Qazılarımız, səlahiyyətli nümayəndələrimiz, imamlarımız!
Dini qurumlarla iş üzrə Dövlət komitəsinin möhtərəm sədr müavini Sahib Nağıyev!  Hörmətli tədbir iştirakçıları!
          Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında hər birinizi salamlayır, Uca Allahdan bugünkü toplantımızın işinə rəvac diləyirəm.
    Biz mübarək Ramazan ayı ərəfəsindəyik. Aləmlərə rəhmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirəm. Uca Yaradanımız bizlərə buyurur ki:

               “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi...” (Bəqərə,183) 
       Şükürlər olsun ki, bu ilki Ramazan da ölkəmizin və xalqımızın taleyinə Zati-aliləri Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər abı-havasında daxil olur. Qarabağın bütün bölgələrində dövlət bayrağının dalğalanması, məscidlərin minarələrindən azan səslərinin ucalması, tarixi ədalətin - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası qalib xalq olaraq bizə nə qədər böyük qürur və fəxarət bəxş edirsə, dünyanın Azərbaycanın müzəffər siyasi liderinin sülh yolunu qəbul edib, təqdir etməsi, mükafatlandırması ilə bir o qədər iftixar duyuruq. 
Məlumunuz olduğu kimi, ali mükafat təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə Abu-Dabi şəhərində 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak etdim. Azərbaycan Prezidentinin bu mötəbər Mükafat ilə təltif olunması Azərbaycanın sülh mədəniyyətinə, dövlət rəhbərimizin insan həmrəyliyinə, insan qardaşlığı ideyaları naminə misilsiz fəaliyyətinə verilən yüksək mənəvi dəyərdir.  Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Ət-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub. Müsəlman Ağsaqqalları Şurasının üzvü olaraq iştirak etdiyim bu tədbirin əhəmiyyəti ölkəmiz, bölgəmiz üçün olduqca böyükdür və bütün dünya üçün gözəl örnəkdir. Bu gün müasir dünya üçün ən önəmli dəyər olan sülhün təşviqindən vacib heç nə ola bilməz.
Bu günlərdə Roma Papası 14-cü Leo ilə görüşdən qayıtmışam. Azərbaycandakı dini konfessiyaların başçıları ilə birlikdə Vatikanda olduqca vacib əhəmiyyətli ünsiyyətlərimiz oldu. Müqəddəs Taxt-Tacla Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin dini müstəvidə davam və inkişaf etdirilməsi Uca Allaha xoş gedən məramlar naminə əməkdaşlığımızı daha dərinləşdirir. Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim etdik. QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılması istiqamətində müzakirə apardıq. Dövlətimizlə Müqəddəs Taxt-Tac arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlər fonunda QMİ ilə Vatikan arasında dini-mənəvi müstəvidə əlaqələrin dərinləşməsi xüsusi önəm kəsb edir. 
    Bu il Azərbaycan bir sıra nüfuzlu tədbirlərə evsahibliyi edəcəkdir. Türk Dövlətləri Təşkilatı müsəlman dini liderlərinin növbəti 7-ci görüşünü bu il Bakıda keçirəcəyik. İslamofobiyaya dair mötəbər beynəlxalq tədbirimiz olacaq. Sədri olduğum Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclasını keçirəcəyik.
    Şükürlər olsun, İdarəmizin dini mərkəz olaraq xaricdəki nümayəndəlikləri, səlahiyyətli nümayəndələrimiz Gürcüstanda, Dərbənddə, Türkiyədə fəaliyyətlərini uğurla davam etdirirlər. İrəvanda qaziliyimizin bərpası lə bağlı işlər gedir – elə dünən Qərbi Azərbaycan İcması ilə birgə İdarəmizdə geniş tədbir keçirdik. İrəvan qazılığının tarixini əks etdirən sənədli nəşri - “İrəvan qazılığının tarixi” kitabını ərsəyə gətirmişik. Bütün bunlar soydaşlarımızın tarixi irsini, mənəvi abidələrini, mədəniyyətini dirçəltməyə xidmət edən addımlardır. 
    Hörmətli tədbir iştirakçıları! Ramazan ayı boyunca din xadimlərimiz məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin müzəffər sərkərdə - dövlət başçımızın müdrik qalibiyyət siyasəti sayəsində milli Zəfərimizin qazanılmasında şəhidlərin qəhrəmanlıqlarını, misilsiz quruculuq səylərinin ali dəyərini insanlara aşılamalı, təlqin etməlidirlər. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir.  Mübarək Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrini, yaxınlarını ziyarət etmək, himayə və ehtiram göstərmək, qazilərimizə diqqət və qayğı nümunəvi mənəvi örnəkdir. 44 günlük Vətən müharibəsi günlərində ön sıralarda olduqları kimi, bu gün də din xadimlərimiz xalqın yanında olmaqda davam etməli, onlara mənəvi xidmət göstərməklə Vətən qarşısında vətəndaşlıq və Allah qarşısında ruhani borclarını layiqincə yerinə yetirməlidirlər. Ulu Rəbbimiz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!     
     Xalqımıza təlqin və təşviq olunmalıdır ki, bu ayda ən böyük savab – Quranı daha çox tilavət etmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət yolu ilə getməkdir. Novruz ovqatlı builki mübarək Ramazanda edəcəyimiz dualar Allahın Dərgahında daha artıq qəbul olar, inşallah. Müqəddəs Ramazan ayı boyunca dualarda Vətənimizin tərəqqisi, xalqımızın rifah və əmniyyəti, və özəlliklə, dövlət rəhbərimizin Azərbaycan naminə, dövlətçiliyimiz inkişafı naminə misilsiz səylərinin uğurları üçün Uca Allahdan rəvac diləməliyik. Yaradanın Lütfü sayəsində bu il Novruzun müqəddəs Ramazan ayına təsadüf etməsi Novruz bayramıının mübarəkliyini, ülviliyini daha da artırır. Novruz müjdəli mübarək və müqəddəs Ramazan xalqımız, Azərbaycan üçün xeyirlərə vəsilə olsun, inşallah! Xalqımız üçün ənənəvi, əziz olan bu bayram günlərinin çoxgünlük tətil ilə qeyd olunması barədə dövlətimizin qərarı ilə əlaqədar dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk.
Azərbaycanın yerləşdiyi coğrafi məkan, üfüq xətti, en dairəsinə uyğun gələn elmi cəhətdən əsaslandırılmış təqvimə malik olmağımız milli və mənəvi vəhdətimizi təmin etmək məramına xidmət etməklə yanaşı, ölkəmizin müstəqilliyini ifadə edən dəyərlərdəndir.  Şamaxı Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 19 fevral 2026-cı ilə təsadüf edəcəkdir. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluğun qaydaları, əməllərini özündə əks etdirən Ramazan fətvası hazırlamışdır.  Bundan əlavə, QMİ-nin Fətva şöbəsi oruc ibadətinin vacibatları, özəl məqamları barədə ətraflı moizə hazırlayıb məscidlərimizin imamlarına yollayacaqdır ki, oruc tutan insanlar üçün maarifləndirmə işi aparsınlar. Qafqaz Müsəlmanları İdarəsinin 114 TV internet televiziyası Ramazan ayı boyunca Orucluğun fəzilətləri barədə xüsusi verilişləri ilə xalqımızın xidmətində olacaqdır.
               İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq böyük ehtimalla mart ayının 20-nə təsadüf edəcəkdir, inşallah. Orucluğun Fitrə zəkatını 10-15 manat civarında nəzərdə tutmuşuq. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin. Allahdan diləyimiz budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin!  
    Hörmətli qazılar, din xadimlərimiz! Bildiyiniz kimi, son zamanlar ən çox müzakirə olunan mövzular sırasında ilk yerdə süni intellekt durur. Təsadüfi deyildir ki, dövlət rəhbərimiz bu yaxınlarda bu aktual məsələyə dair xüsusi müşavirə keçirdi, dövlət qurumlarına müvafiq tapşırıqlar verdi. Cəmiyyətimizi maraqlandıran bu mövzu zəmanəmizin yeni reallığıdır və din xadimləri cəmiyyəti, dindarları bu istiqamətdə maarifləndirmə işində kənarda qalmamalıdırlar. Dinimiz İslam tərəqqi və rifah yönündə hər hansı yeniliyin, o cümlədən süni intellektin də əleyhinə deyildir. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Hər bir texnoloji yenilik bəşər övladının nəfinə, onun mənfəətinə xidmət etməlidir Bu bir həqiqətdir ki, yeni informasiya texnologiyaları bizlərə əvvəlki nəsillərdən daha artıq şərait və imkanlar yaradır. Bəli, biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik və bu, dini baxımdan caizdir. Həyatımızın bütün sahələrinə çox böyük sürətlə nüfuz edən süni intellektdən, rəqəmsal texnologiyalardan istifadə etməyin faydaları dindarlara çatdırılmalı, onun yardımından gündəlik həyatda yararlanmanın yolları aşılanmalıdır. Mühüm olan həddin aşılmaması, hər bir məsələdə olduğu kimi, texnologiyadan da etik çərçivədə istifadədir. Dini biliklərin təbliği və mənəvi dəyərlərin qorunması müstəvisində dinimizin yanaşması belə olmalıdır ki, süni intellekt hədis və təfsir tədqiqatlarını asanlaşdıra bilər, böyük həcmli məlumatları toplayıb emal edə bilər, lakin İslami dəyərlərin süni intellektə inteqrasiyası zamanı Uca Yaradanla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməlidir. Və ən əsası, İslami dəyərlərin məğzi dəyişdirilməməlidir. Namaz, dua və dini ayinləri heç nə əvəz edə bilməz. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Suni intellektin elm, təhsil, texnika, tibb, xidmət, istehsal və s. sahələrdə olduqca böyük imkanları vardır və bəşər övladı bu imkanlardan yararlanmaqdadır və bu caizdir. Suni intellekt insanlığın buğunədək topladığı elmi bilik və təcrübələri bir araya gətirərək onu yüksək sürətlə analiz edərək xidmətimizdədir. Bu, əməkdaşlıq, yaradıcılıq və insan təcrübəsinin müxtəlifliyini dəyərləndirən əxlaqi düşüncənin bir sahəsi olmalıdır. Prezident İlham Əliyev cənablarının təbirincə desək : “ Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək”.
Hörmətli tədbir iştirakçıları! Fürsətdən istifadə edərək İdarəmizin yenilənmiş, dövrün ehtiyaclarına müvafiq müəyyən dəyişikliklər edilmiş loqosunu sizlərə təqdim edirik. (Monitorda nümayiş olunur.  Səsə qoyulur). Xeyirli-uğurlu olsun!
Ramazan ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və onun silahdaşı Birinci xanım Mehriban Əliyevaya ən xoş arzu və diləklərimizi ifadə edir, dövlətimizin uğurlarının daha artıq olmasına Uca Allahdan xeyir-dualar diləyirik. Memarlıq və Şəhərsalma İli elan olunmuş 2026-cı il Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin vüsətinin artmasına, tarixi məscidlərimizin bərpası işinin davam etməsinə rəvac verər, inşallah.
 
*Materialardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1812