Şeyxülislam Allahşükür Paşazadədən başsağlığı məktubu

24.06.2024
 
 
 
 
Azərbaycan Respublikası Daxili işlər naziri
general-polkovnik cənab Vilayət EYVAZOVA
 
 
         Hörmətli cənab nazir!
        
         Xəzər rayonu ərazisində axtarışda olan şəxsin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı Daxili İşlər Nazirliyinin üç əməkdaşının- polis kapitanı Eldəniz Məmmədovun, polis serjantları Mahir Ağayevin və Mirəli Heydərovun qətlə yetirilməsi barədə xəbəri dərin kədər hissi qarşıladım.
         Rəhbərlik etdiyiniz Daxili İşlər Nazirliyinin əməkdaşları ölkəmizdə sabitliyin, ictimai asayişin  və qanunçuluğun qorunması üçün daim əzmlə çalışmış, qarşıya qoyulan əmr və tapşırıqların yerinə yetirilməsi üçün xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər.
         Azərbaycan dövlətçiliyinin qorunmasında, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında, 44 gülük Zəfər savaşında və işğalçılara qarşı anti-terror əməliyyatlarında polis əməkdaşlarının göstərdiyi igidlik Azərbaycan Respublikasının  Prezidenti möhtərəm İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmiş, vətəndaşlarımızın daxili işlər orqanlarına qarşı hörmət və etimadını daha da artırmışdır.
         Sabitliyin yüksək səviyyədə təmin olunduğu bir zamanda polis orqanın əməkdaşlarına qarşı bu cür xain hücumu qətiyyətlə pisləyir, Sizə, xidməti vəzifələrini yerinə yetirərkən canlarını qurban verən zabit Eldəniz Məmmədovun, serjantlar Mahir Ağayevin və Mirəli Heydərovun ailələrinə şəxsən öz adımdan və dindarlar adından dərin hüznlə başsağlığı verirəm.
         Xalqımız əmindir ki, belə hadisələr polis əməkdaşlarının mübarizə əzmini və qətiyyətini qıra bilməz. Ölkəmizdə sabitliyi pozmaq, qarışıqlıq yaratmaq istəyən qüvvələrin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
         Bir daha Sizə, rəhbərlik etdiyiniz nazirliyin bütün əməkdaşlarına və həyatını itirmiş polislərin doğmalarına dərin hüznlə başsağlığı verirəm.
         Allah rəhmət eləsin!
 
                                                      Şeyxülislam
                                                               Allahşükür PAŞAZADƏ

Oxunub : 5389