Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib

 
Dekabrın 5 də Masallı rayon Gənclər Evində təşkil edilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin əməkdaşları, ictimaiyyət nümayəndələri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. R.Talıbov bildirib ki, Ümummilli lider xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan tədricən bütün təhlükələrdən qurtuldu, ölkəmiz günü-gündən inkişaf etməyə başladı. Bu inkişaf milli-mənəvi dəyərlərmizi də əhatə etdi.  İslamla bağlı dini-mərasim və adətlərin layiqincə keçirilməsi üçün hər cür şərait yaradıldı. Ümrə ziyarəti icra etməsi, Təzə pir məscidində, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibi Heybət məscid kompleksinin yenidən qurulmasının təşəbbüskarı olması Ulu öndərin xalqının milli və dini dəyərlərinə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi milli kimliyi ilə bağlı mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi.
 Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin məsul işçisi Abbas Abbaszadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, “Masallı Ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov və digər natiqlər Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıblar.
Tədbirin sonunda Rəşid Talıbov konfransın təşkilində göstərdiyi köməkliyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova dindarlar adından minnətdarlığını bildirib.
 
 

Oxunub : 910