Avropa Şurasından Şeyxülislama təşəkkür məktubu

13.06.2022
Avropa Şurası Baş Katibin Müavini cənab Byorn Berq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:
“Möhtərəm Şeyxülislam Həzrətləri,
Avropa Şurası adından Sizə “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda mayın 2-də Fransanın Strasburq şəhərində keçirilən konfransda iştirak etdiyinizə görə səmimi təşəkkürümü çatdırmaq istəyirəm. Sizin bu mühüm fikir mübadiləsinə verdiyiniz dərin töhfələr çox əhəmiyyətli idi. Mən xüsusilə dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitini təşviq etmək üçün bir araya gəlmələrinin zərurəti ilə bağlı fikirlərinizi alqışlayıram. Avropa Şurasının dinlərarası dialoq üzrə növbəti beynəlxalq konfranslarından birini Azərbaycanda təşkil edilməsi ilə bağlı təklifinizə görə də minnətdarlığımı bildirmək istərdim. İkitərəfli görüşümüzdə etdiyimiz fikir mübadiləsinə görə də Sizə təşəkkür etmək istərdim. Mən regionda sülhün bərqərar olması üçün Sizin göstərdiyiniz fəallığı və Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üzrə Fəaliyyət Planında dəstəklənən tədbirlərdən biri olan Bakı prosesinə fəal töhfənizi xüsusilə yüksək qiymətləndirirəm. Sizə bildirməkdən məmnunam ki, AŞ Nazirlər Komitəsinin mayın 19-20-də Turində keçirilmiş 132-ci Sessiyası ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsi konfransımızı, eləcə də Konfransın qəbul etdiyi Dinlərarası Dialoq üçün Strasburq Prinsiplərini bəyənmişdir. Qəbul edilmiş qərarda qeyd edildiyi kimi, Strasburq Prinsipləri qarşılıqlı hörmət, sülh və Avropa cəmiyyətlərində müxtəliflikbarədə məlumatlandırmanın artırılması məqsədilə maraqlı üzv dövlətlərin dəstəyi ilə oxşar illik konfransların keçirilməsi də daxil olmaqla, bu sahədə Avropa Şurasının gələcək işinə təkan verə bilər.. Mən bu prosesin növbəti addımları ilə bağlı bütün iştirakçıları ilə əlaqə saxlayacağam. Gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Byorn Berq
AŞ Baş Katibinin müavini”
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3356