Qazaxıstan torpaqlarında Azərbaycan şəhidləri anıldı

 
 
         09.10.2021
          Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə burada yaşayan azərbaycanlılarla görüşdü. Səmimi görüşdə Vətən müharibəsi şəhidləri dərin hörmət və ehtiramla anıldı.
         QMİ sədri Şeyxülislam A. Paşazadə 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin görkəmli rolunu, siyasi iradəsini xüsusi qeyd etdi. Xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin  bərpa edilməsi yolunda canlarını fəda etmiş qəhrəman Azərbaycan Ordusunun əsgər və zabitləri dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün fəxarət mənbəyidir və şəhidlərimizin ruhları hər birimiz üçün əzizdir. Azərbaycanın haqq mübarizəsinə hər zaman mənəvi dəstək vermiş Qazaxıstan xalqına minnətdarlığını ifadə edən QMİ sədri Şeyxülislam A. Paşazadə qardaş ölkədə yaşayan azərbaycanlıların hər zaman yaşadığı ölkənin nümunəvi vətəndaşı olmağın və Vətənin mənafelərini uca tutmağın vacib olduğunu qeyd etdi.
          Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Ağalar Atamoğlanov görüşdə çıxış etdi, Azərbaycanın tarixi qələbəsindən bəhs etdi.
          Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri  Baş müfti Naurızbay Taqanulı görüşdə iştirak etdi və Azərbaycan şəhidlərinin xatirəsinə dua oxudu, ruhlarını rəhmətlə yad etdi.
         QMİ sədrinin müavini müfti Salman Musayev şəhidlərimiz üçün dualar oxudu, Allahdan rəhmət dilədi.
         Mərkəzi Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyasının sədri professor Darxan Xıdırəli Azərbaycan şəhidlərinin Anım tədbirində iştirak etdi.
         Vətən şəhidlərinin Anım mərasimi ehsan süfrəsi ilə başa çatdı.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2151