05 NOYABR 2024
QMİ kitabxanası
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN KİTABXANASI HAQQINDA TARİXİ ARAYIŞ
1828-ci ildə Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqlarının bir qismi Rusiya imperiyası daxilində cərəyan edən hadisələrin tərkib hissəsinə çevrilir. Hökumət müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq qərarı verir. Nəhayət, çar II Aleksandr 5 aprel 1872-ci ildə "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" imzalayır. 1873-cü ilin 2 yanvarında təntənəli açılışı olan Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1917-ci il Fevral burjua-demokratik inqilabına qədər Tiflisdə fəaliyyət göstərir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülür. Amma İdarə arxiv və kitabxanasını Bakıya gətirməyə imkan tapmır. Buna səbəb 1920-ci ilin 28 aprelində 11-ci Qırmızı ordunun Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyması olur. 1920-ci ilin mayında bolşevik hökuməti Ruhani İdarəsinin fəaliyyətinə qadağa qoyur, dini ədəbiyyatın kütləvi şəkildə məhv edilməsinə başlanılır. Bu siyasət XX əsrin 80-ci illərinin ortalarına kimi davam edir...
II Dünya müharibəsi illərində müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa düşən bir qrup rəhbərin təklifilə SSRİ Ali Soveti Rəyasət Həyətinin 1944-cü il 14 aprel tarixli 17 saylı qərarına əsasən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 24 ildən sonra məhdud çərçivədə fəaliyyətini yenidən bərpa etsə də, 80-ci illərə qədər İdarə bəlli səbəblərə görə öz kitabxanasını yenidən yarada bilmir. Məlumdur ki, ateist kommunist rejimi dini məzmunlu yazılara qarşı barışmaz mövqe nümayiş etdirirdi.
Yüzlərlə xalqı və milləti zor gücünə özündə birləşdirmiş Sovet Sosialist Respublikalarının saxta “ittifaqı”, kommunist nəzəriyyəsi ilə təcrübəsi arasında heç bir əlaqənin olmadığını açıq-aydın sübut edən nümunə idi. 80-ci illərin ortalarından başlayaraq ölkənin ictimai-siyasi həyatında baş verən gərgin və təlatümlü hadisələr “aşkarlıq” və “yenidənqurma” siyasəti ilə aradan qaldırılmağa cəhd edilir.
Belə bir gərgin tarixi dövrdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bütün maneələrə baxmayaraq, fəaliyyətini xeyli genişləndirə bilir. İdarə rəhbərliyinin reallaşdırdığı fəaliyyət sahələrindən biri mövcud dini kitabları bir yerə toplamaq üçün atdığı addımlar olur. Qurani-Kərimi, ümumiyyətlə dini məzmunlu kitabları açıq şəkildə saxlamaq qadağan olunduğundan İdarə rəhbəri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyətə başlayır. O, Azərbaycan ilə yanaşı, Qafqaz regionunda ayrı-ayrı şəxslərdə saxlanılan, özündə zəngin tarixi ehtiva edən nəfis, qədim yazılı abidələri öz vəsaiti hesabına əldə etməyə başlayır. Başlanılan bu böyük və müqəddəs iş nəticəsində ən qədimləri 1526-cı ilə aid Quran və 1571-ci ilə aid Fiqh kitabı (Qəvaidul-əhkəm fi muərrifətul-həlal val-həram) olmaqla 2677 ədəd əlyazma və 1231 ədəd hərfbasma və daşbasmadan ibarət nəfis və dəyərli qədim kitablardan ibarət kitab bazası yaradılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Təzəpir məscidi əsaslı şəkildə təmir etdirilərək dindarların istifadəsinə veriləndə idarənin inzibati binasında geniş və müasir tələblərə cavab verən kitabxana yaradılır. Böyük zaman kəsiyində, çətinliklə əldə edilmiş, müxtəlif tarixi dövrlərə aid dini və elmi ədəbiyyat bu kitabxananın əsas fondunu təşkil etdi. Gizli şəkildə toplanılan və min bir əziyyətlə mühafizə edilən kitablar 70 illik sovet əsarətində qalan mənəvi mədəniyyətimizin fonunda nəhayət, xilas olub, gün işığına çıxdı.
Hazırda Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ən zəngin Şərq yazılı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır. Burada mühafizə edilən təxminən 500 illik bir dövrü əhatə edən Azərbaycan və digər müsəlman ölkələrinin türk, ərəb və fars dillərində yazılmış 2677 ədəd əlyazma abidəsindən 115 ədədi Quran, 2323 ədədi Quran cüzləri, 239 ədədi isə dini və dünyəvi elm sahələrini əhatə edən kitablardır. Bu əlyazmaların əksəriyyəti dini mövzuda olsa da, ədəbiyyat (106 ədəd), ədəbiyyat nəzəriyyəsi (5 ədəd), dil (3 ədəd), riyaziyyat (4), tibb (3 ədəd), astronomiya (11 ədəd) kimi dünyəvi elmlərə aid əsərlər də kolleksiyada yer alır.
Qədim kitablarla yanaşı mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis, alman, fransız və başqa dillərdə çap olunan 10 min nüsxə kitab saxlanılır. Kitabxanada həmçinin gözdən əlil olanlar üçün kitab fondu təşkil olunub.
Qeyd edək ki, kitabxananın zəngin fondundan hazırda ilahiyyatçılar, elmi tədqiqatçılar, din xadimləri, ümumiyyətlə yerli və xarici ölkələrin müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşları istifadə edirlər.
Memarlıq baxımında Şərq üslubunda inşa edilmiş, müasir texniki standartlara uyğun təchiz edilmiş kitabxana İdarə, eləcə də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının elmi-mədəni, intellektual və mənəvi mərkəzi olmaqla yanaşı, xarici ölkələrdən İdarəyə rəsmi səfərlərə gələn qonaqların ziyarət etdiyi əsas məkandır.