83. əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi

(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. Vay halına çəkidə və ölçüdə aldadanların!
2. O kəslər ki, özləri insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
3. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
4. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
5. Özü də dəhşətli bir gündə?!
6. O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
7. Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
8. Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
9. O, yazılı bir kitabdır!
10. O gün vay halına yalan sayanların!
11. O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
12. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
13. Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) əvvəlkilərin əfsanələridir (uydurmalarıdır!)” -deyər.
14. Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
15. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
16. Sonra Cəhənnəmə vasil qalacaqlar.
17. Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
18. Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
20. O, yazılı bir kitabdır.
21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
22. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.
23. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər.
24. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
25. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
26. Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
27. Ona təsnim (suyu) qatılmışdır.
28. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verilər).
29. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
30. (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
31. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
32. Onları (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” -deyirdilər.
33. Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir.
34. Bu gün isə möminlər kafirlərə güləcəklər.
35. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (görsünlər ki,)
36. Kafirlər etdikləri əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)

Oxunub : 4258