İslamda zəkat
Füruiddinin altıncı maddəsi olan "zəkat" ərəb sözüdür və əmlakın müəyyən hissəsinin şəriət göstərişləri ilə Allah yolunda verilməsi deməkdir. İslam təlimində zəkat həm də qanuniləşdirilmiş "sədəqə" də adlanır. Sədəqə şəriət qanunu ilə əmlak və gəlir üzərində qoyulan bir növ vergidir. Zəkat verməyin əsası nemətlərin halallığı üçün müəyyən olunmuş qismini Allah əmrinə görə şəriətə ödəməkdir. Məhz buna görə də "zəkat" sözü "təmizlənmək, pak olmaq" mənasında işlədilir. Qeyd edirik ki, zəkatın tarixi İslamdan çox-çox əvvələ təsadüf edir və bu haqda Quranın "Nur", "Nəml", "Fussilət" və digər surələrində bilgi verilir.
Qurani-Kərimdə aydın şəkildə buyurulur ki, cismən və ruhən sağlam olan hər bir müsəlmanın illik müəyyən gəliri varsa, o, kənd təsərrüfatından, sənətdən və ya ticarətdən qazanc əldə edirsə, o zaman sədəqə verməyə məcburdur. Əmlak sahibindən ancaq o halda sədəqə alına bilər ki, onun gəliri müəyyən edilmiş ən aşağı həddən (nisab) artıq olsun.
Şəriət alimləri 9 əşyanın zəkatının vacibliyini bildirirlər:
1.Buğda.
2.Arpa.
3.Xurma.
4.Kişmiş.
5.Qızıl.
6.Gümüş.
7.Dəvə.
8.Qaramal.
9.İnək (öküz), qoyun.
Zəkat o zaman vacib olur ki, ölçü (nisab) miqdarına çatsın və onun sahibi həddi-buluqlu, ağıllı, azad, bir sözlə, malının sahibi olsun. Biz nümunə üçün qoyundan (qeyd: qoyunun beş ölçüsü vardır) verilən zəkatın miqdarını və onun nisabını (ölçüsünü) göstəririk:
1. 40 qoyunu olan şəxs 1 qoyun zəkat verməlidir.
2. 121 qoyuna çatanda 2 qoyun verməlidir.
3. 201-dən 3 qoyun zəkata düşür.
4. 301-dən 4 qoyun, 5-ci və sonrakı hər 100-ə 1 qoyun artırmaqla zəkat verilir. Qoyun vermək istəməyən şəxs dövrün qiyməti ilə pulunu verə bilər.
Zəkatın yığılması xüsusi toplayanlara və onun köməkçilərinə tapşırılmalı, toplanılan vəsait şəriət büdcəsinə təhvil verilməlidir. Toplanmış zəkatdan lazımi məqsədlər üçün istifadə edilməsi Qurani-Kərimdə ətraflı bəhs edilmişdir.
Zəkatın kim tərəfindən kimə və necə verilməsi haqda ətraflı məlumatı şəriət alimlərindən ala bilərsiniz.