İslamda xüms

Füruiddinin beşinci maddəsi olan "xüms" ərəbcə beşdə bir deməkdir. İslamın vergi növlərindən biridir. Xüms müxtəlif mülkiyyət və mənfəət növlərindən (qazancdan, mədənlərdən, dəfinələrdən, hərbi qənimətdən və s.-dən) dövlətin nəfinə (xeyrinə) tutulur.

Xümsün ilk tarixi Peyğəmbərin (s) başçılıq etdiyi Ühüd savaşından (qəzavatdan) sonra əldə edilən qənimətin bölüşdürülməsi ilə başlanmışdır. Bu haqda "Ənfal" surəsinin 41-ci ayəsində bilgi verilir.

Yeddi şeydən xüms vermək vacibdir:

1. Qazanc-mənfəət.

2. Mədən (yeraltı sərvət). 3. Xəzinə (dəfinə).

4. Halal malın haramla qarışığı.

5. Dənizin dibindən çıxarılmış cəvahiratlar.

6. Müharibədə əldə edilən qənimət.

7. Qeyri-müsəlmanın müsəlmandan aldığı torpaq.

Xüms illik qazancın ailədə məsrəf olunan hissəsinin artıq qalan miqdarından (ikinci ilə keçən gündən) verilməlidir. İlin ortasında və hər hansı bir ayında birdəfəlik gələn mənfəətdən də həmin gün onun xümsü verilə bilər.

Xüms iki hissədən ibarətdir: xüms və mali-imam (imam malı). Xümsün bir hissəsi Peyğəmbər (s) nəslindən olan seyyidlərin yoxsuluna, ikinci hissəsi isə seyid olmayan yoxsula verilir. Məsələn, 100 manat xüms varsa, onun əlli manatını yoxsul seyidə, qalan 50 manatı isə digər imkansıza verilir. Namaz qılmayan, ümumiyyətlə İslam qanunlarına əməl etməyən şəxslərə (istər seyid olsun, istərsə də adi şəxs) xüms vermək olmaz.

Xüms əməliyyatının icrası qaydaları vilayətin baş din xadimləri tərəfindən həyata keçirilməlidir. Hər bir şəxs xüms hissəsini ayırıb istədiyi yoxsul seyidə verə bilər. Lakin mali-imam hissəsini isə ya müctəhid, ya müctəhid tərəfindən vəkil olunmuş şəxs, ya da dini müvəkkil (axund, molla) paylamalıdır. Bu da onların əlilə dini məsrəflərə, ictimai işlərə və cəmiyyətin mənafeyinə xərclənməlidir.

 Ana səhifə >>>