Qafqaz Müsəlmanları İdarəsi Ermənistandan bir qrup şəxsin Azərbaycanın işğal altında olan ərazilərinə
nümayişkəranə müdaxiləsini – «zəvvar» adı ilə Qarabağa – Şuşa və Xankəndinə yürüş etməsini Qarabağ münaqişəsinə
aidiyyatı olmadığını iddia edən Ermənistan dövlətinin münaqişəsinin həlli məsələsində tutduğu qeyri-konstruktiv
mövqenin bariz nümunəsi, aşkar göstəricisi kimi qiymətləndirir.
Dağlıq Qarabağ məsələsi ortaya atılan andan etibarən, bu qondarma problemin dinc yolla həlli üçün əlindən
gələni əsirgəməmiş, ermənilərin dini rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş, münaqişənin dini müstəviyə keçməməsi,
dini çalar kəsb etməməsi üçün gərgin səy və ardıcıl fəaliyyət göstərmiş Qafqaz Müsəlmanları İdarəsi öz mənəvi
haqqından çıxış edərək bəyan edir ki, Eçmiadzində əyləşənlər öz soydaşlarını “İrəli, Ermənistan, Allaha doğru” çağırışı
ilə xeyir-dua verərək, işğal altında saxladıqları əzəli Azərbaycan torpaqlarına yönləndirməklə öz xalqını, millətini sonu
görünməyən uçuruma sürükləyirlər. Biz təəssüf edirik ki, Eçmiadzin rəhbərliyi əldə olunmuş razılaşmalarin ruhuna xilaf
çıxaraq, münaqişənin sülh yolu ilə həll olunmasına yardımçı olmaq əvəzinə, onun daha da dərinləşməsinə rəvac verir.
Dini hisslərdən münaqişələrin, dini ədavətin qızışdırılması vasitəsi kimi istifadə olunması qəti yolverilməzdir. Bu, erməni
Katolikosunun da iştirakçısı olduğu Dünya din xadimlərinin 2006-cı ildə Moskvada keçirilmiş Zirvə görüşünün Yekun
sənədində də öz əksini tapmışdır. Din xadimlərinin bu işdə üzərlərinə böyük məsuliyyət düşür və xalqlarımızın,
millətlərimizin sabahı naminə bunu dərk etmək lazımdır.
Hesab edirik ki, din və dinlərarası münasibətlər insanlar və xalqlar arasında nifaq deyil, qarşılıqlı anlaşma
yaratmağa xidmət etməlidir. Dinlərarası dialoqun genişləndiyi, dünya dinlərinin sülhyaratma potensialından tam
istifadə olunması qayğısına qalındığı, bu işə BMT səviyyəsində dəstək verildiyi bir zamanda erməni din xadimlərinin
fətvası ilə baş verən son olay isə təcavüz və işğala haqq qazandırmaq anlamına xidmət edərək, dialoqun inkişafına yer
qoymur; hərçənd ki, problemin ən optimal həll yollarından biri dialoqdur.
QMİ olaraq bu aksiyaya öz qəti etirazımızı bildirir, erməni yürüş iştirakçılarının Azərbaycan tərəfinin razılığı
olmadan dövlətimizin ərazisinə daxil olmasının qeyri-qanuni beynəlxalq normalara zidd olduğunu bəyan edir və
yürüşün dini çalar daşımasının nə qədər acınacaqlı fəsadlara gətirib çıxara biləcəyi təhlükəsi ilə bağlı ciddi düşünməyi
erməni tərəfindən tələb edirik.