Martın 7-də Bakıda «Müqəddəs Ana» katolik kilsəsinin rəsmi açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanda rəsmi səfərdə olan Vatikanın dövlət katibi kardinal Tarçizio
Bertone, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, habelə Azərbaycandakı xristian və
yəhudi dini konfessiyalarının başçıları iştirak etmişlər.
Açılış mərasimində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış etmişdir:
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm Prezident!
Zati-aliləri İlham Əliyev həzrətləri!
Hörmətli kardinal Bertone həzrətləri!
Hörmətli Vladıko Aleksandr həzrətləri!
Hörmətli Semyon Borisoviç!
Hörmətli tədbir iştirakçıları!
Biz bu gün özünün tolerantlıq sahəsində böyük nailiyyətləri ilə tanınan qədim Azərbaycan torpağında daha bir
ibadət ocağının açılış mərasiminə toplaşmışıq. Bu mötəbər tədbiri salamlamağı özüm üçün böyük şərəf və fəxri vəzifə
hesab edir, nəzərdə tutduğumuz bütün xeyirli məqsəd və niyyətlərimizin müstəcəb olması üçün Uca Yaradandan rəvac
diləyirəm.
Müstəqillik qazandıqdan sonra Azərbaycanda milli-mənəvi dəyərlərin bərqərarı və inkişafı, dinlərarası əlaqələrin
yüksək tolerantlıq müstəvisində gerçəkləşməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin dəyərli ənənələri ilə bağlıdır.
Azərbaycanda dinə münasibət sahəsində yürüdülən məhz düşünülmüş, müdrik siyasətin nəticəsində dünya ictimaiyyəti,
o cümlədən, nufuzlu beynəlxalq təşkilatlar və dünyanın görkəmli din xadimləri ölkəmizin sülhpərvərliyini, tolerantlıgını,
özgə əqidələrlə dialoqa hazırlıq ruhunu etiraf və təqdir edir. Vaxtilə, Roma Papası II İohann Pavel Azərbaycanda
olarkən mərhum Heydər Əliyevlə görüşündə, daha sonra isə Azərbaycanda yaşayan müxtəlif dini konfessiya
nümayəndələrini Vatikanda qəbul edərkən, Azərbaycanda mövcud tolerantlıqla fəxarət duymağa tam mənəvi
haqqımızın olduğu fikrini xüsusi vurğulamışdı. Azərbaycanın tolerantlıq sahəsində örnək rolunu, həmçinin, Moskva və
bütün Rusiya Patriarxı II Aleksi həzrətləri və bir çox başqa tanınmış şəxslər olduqca yüksək dəyərləndirmişlər.
Bugünkü uğurlarımız da məhz yüksək ənənələri davam etdirən Azərbaycan Respublikası Prezidenti möhtərəm
İlham Əliyev həzrətlərinin dini-mənəvi dəyərlərə verdiyi önəm, göstərdiyi böyük qayğıdan qaynaqlanır. Biz, dindarlar
dövlət rəhbərinin müqəddəs dəyərlərə ehtiramlı münasibətini dərin minnətdarlıqla qarşılayır, olduqca yüksək
qiymətləndiririk.
Hər kəs özünə arzuladığını başqalarına da arzulamalıdır. Bugünədək təcavüz və terrorizmin acı nəticələrini
üzərində hiss etməkdə olan Azərbaycan xalqı bütün dünya xalqlarına əmin-amanlıq, rifah, səadət diləyir və bunu həm
sözdə, həm də əməldə nümayiş etdirir. Bu gün iştirakçısı olduğumuz mərasim buna bariz nümunədir.
Bizim ən ümdə məqsədimiz ərazi bütövlüyümüzün bərpası, doğma Qarabağın təcavüzkarlardan azad olunması,
vətəndaşlarımızın torpaqlarına qayıtmasıdır. Biz, inşallah, Qarabağa qayıdaraq erməni vandalları tərəfindən dağıdılmış
müqəddəs ibadətgahlarımızın yenidən həyata qaytarılacağı günü səbirsizliklə gözləyirik. Biz, bəşəriyyət adına ləkə olan
Xocalı faciəsinin harayını bütün dünyanın eşitməsini, ermənilər tərəfindən törədilmiş azərbaycanlıların soyqırımının
lənətlənməsini, haqq səsimizə səs verilməsini istəyirik. Bu işdə biz sizdən də dəstək umuruq.
Mən əminəm ki, inşallah Azərbaycanda müxtəlif din mənsubları arasında mövcud səmimi qardaşlıq əlaqələrimiz
bundan sonra da inkişaf edəcək və müqəddəs dəyərlərin bərqərar olması yolunda əməkdaşlığımız hər zaman davam
edəcəkdir.
Fürsətdən istifadə edərək, Roma Katolik Kilsəsinin başçısı əlahəzrət XVI Benediktə öz səmimi salamlarımı
yetirirəm. Bugünkü hadisə ilə əlaqədar Azərbaycanda yaşayan katolik dini icmasını təbrik edir, onların sevincinə şərik
olduğumu bildirirəm.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone
Təzəpir məscidində olmuşdur
Martın 8-də Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone Təzəpir məscidində olmuşdur. Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qonağa məscidin tarixi barədə, hal-hazırda burada
aparılan bərpa işləri barədə geniş məlumat vermişdir.
QMİ sədri Təzəpir məscidi ətrafında aparılan kompleks tikintisi barədə də qonağı məlumatlandırmışdır. O
bildirmişdir ki, kompleksə Qafqaz Müsəlmanları İdarəsinin yeni inzibati binası, İslam Universitetinin tədris binası,
beynəlxalq simpoziumların keçirilməsi üçün konfrans zalı, dini mərasimlər zalı daxil olacaqdır.
Kardinal Təzəpir məscidi ilə yaxından tanış olmuş, bərpa və tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Şeyxülislamın iqamətgahında görüş
Martın 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan
Vatikanın dövlət katibi kardinal Tarçizio Bertoneni öz iqamətgahında qəbul etmişdir.
Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq demişdir ki, Bakıda katolik kilsəsinin açılması ölkəmizdə
tarixən mövcud olan tolerantlığın təntənəsinin daha bir təzahürü, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla
davam etdirilməsinin təsdiqidir. Şeyxülislam xüsusi vurğulamışdır ki, Azərbaycan dünyada təkcə iqtisadiyyatınin
tərəqqisi, nefti və başqa sərvətləri ilə tanınmır. Bizim ən böyük sərvətimiz mənəviyyatımız, mədəniyyətimiz,
tolerantlığımızdır. Azərbaycanda bütün insanlar sülh şəraitində yaşayır və öz dinlərinə sərbəst etiqad edirlər.
QMİ sədri qonağa təcavüzkar Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bunun nəticəsində bir
milyondan çox dinc insanın qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat vermişdir. O bildirmişdir ki, işğal
altında olan əzəli Azərbaycan ərazilərində tarixi, dini abidələr, o cümlədən qədim alban abidələri ermənilər tərəfindən
məhv edilmişdir.
Kardinal Tarçizio Bertone səmimi qəbul üçün Şeyxülislama öz dərin minnətdarlığını bildirərək demişdir: “Vatikan
irgindən və dini etiqadından asılı olmayaraq, bütün insanlara sülh arzulayır. Papa II İohann Pavelin Azərbaycanda
yüksək səviyyədə və səmimiyyətlə qəbul edilməsi bütün dünyada yaxşı mənada əks-səda doğurmuşdur. Papa buradan
çox xoş xatirələrlə getmişdir.”
Qonaq qeyd etmişdir ki, Roma Katolik Kilsəsi Bakıda bu kilsənin açılış mərasimində Azərbaycan Prezidenti İlham
Əliyevin iştirak etməsini və dərin məzmunlu nitqini heç vaxt unutmayacaqdır. T. Bertone xatırlatmışdır ki, Vatikan
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xidmətlərini yüksək qiymətləndirərək, onu öz ordeni ilə
mükafatlandırmışdır.
Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə qonağa xatirə hədiyyələrini təqdim etmişdir. Kardinal, öz
növbəsində, Şeyxülislama Vatikanla bağlı nəfis albom hədiyyə etmişdir.
QMİ mətbuat xidməti