Ruhun "səyahəti"
Hər şeyə qadir olan Uca Yaradanın hansısa bir işində zərrə qədər də olsa çatışmazlıq olsaydı, şübhəsiz ki, o zaman dünyamızı naqisliklər bürüyərdi. Həyat bir ayrı rəngdə, insanlar bir ayrı formada olardı. Bəlkə də dünya əksinə dövr edərdi. Bu isə təbii ki, mümkünsiz idi. Özlüyündə mikrodünya olan insanın kiçik vücuduna diqqət diqqət yetirmək kifayətdir ki, dünyanın necə bir ilahi nizam üzərində qurulduğunu görmək mümkün olsun. İnsan vücudu isə yaradılış etibarı ilə sirr və müəmma olaraq bəşəriyyəti zaman-zaman heyrətləndirməkdədir. Həqiqətən də insanda həm təbiət, həm də heyvanat aləminə xas olan xarakterlər - inkişaf, qidalanma, habelə maddələr mübadiləsi kimi proseslərin eyniliyinin mövcudluğu heyrət doğurmaya bilməz.
Nəzərdən qaçırmayaq ki, insanın bədənində bir sıra fiziki və kimyəvi xüsusiyyətlər vardır. Məsələn, ürək və mədə hərəkətləri fiziki, yemək tikələrinin üzərinə daman ödün damcıları (mədə şirəsi) isə kimyəvi xüsusiyyətlərə malikdir. Onu da qeyd edək ki, bu cür xüsusiyyətlər insan bədənində olduqca çoxdur. Və bəzən haqlı olaraq sual edirlər ki, əgər ruh, fikir, düşüncə də maddidirsə, bəs onda nə üçün onlarla digər cismani xisusiyyətlər arasında fərqlər vardır?
Hər şeydən öncə qeyd edək ki, ruh, düşüncə, fikir insanı xarici mühitlə əlaqədə saxlayan və kənarda baş verən hadisələrdən onu xəbərdar edən xüsusi "hissəcik"lərdir. (Lakin bədənin fiziki və kimyəvi xüsusiyyətləri isə belə deyildir). Məhz bu "hissəcik"lər vasitəsilə biz asanlıqla vücudumuzdan kənardakı aləmlə əlaqə "yaradır" və orada baş verən müxtəlif səciyyəli hadisələrdən xəbərdar oluruq. Burada maraqlı bir sual yaranır: məgər xarici aləm bizim daxilimizə gəlir və biz bu yolla ondan xəbərdar oluruq? Təbii ki, "yox" cavabını verməliyik. Elə isə bəs bunun sirri nədir?
Əslində, xarici aləmin surəti (əksi) bizim zehnimizdə canlanır və biz də ruhun "xarici özündə əksetdirmə" xüsusiyyəti ilə onunla (xariclə) əlaqədə oluruq. Unudulmamalıdır ki, bu xüsusiyyətə bədənin kimyəvi və fiziki əlamətləri, həçinin digər qüvvələrinin heç biri malik deyildir. Demək, buradan aydın olur ki, xarici aləmdən xəbərdar olmaq üçün onları əhatə etmək lazımdır. Bu əhatə üçün isə beyin sistemi digər bədən üzvləri kimi xaricdən yalnız təsir ala bilər. İnsanın bədənindəki xüsusiyyətlərin bu fərqindən məlum olur ki, bədənin fiziki və kimyəvi xüsusiyyətlərindən əlavə, digər bir xüsusiyyəti də vardır. Məhz həmin xüsusiyyət insanı xariclə əlaqədə saxlayır. Bu xüsusiyyət isə yalnız ruha məxsusdur. Elə bir ruh ki, maddə aləmindən büsbütün kənardır. Bu, heç şübhəsiz ki, Allah-Təalanın hər şeyə qadir olduğunun bariz nümunəsidir.
Onu da vurğulamaq istərdik ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi çağdaş dövrümüzdə alimlər ruhun müstəqil və maddə aləmindən kənar olmasını müxtəlif elmi yollarla sübut etmiş və bunun əksini (ruhun maddə aləmindən kənar olmamasını) iddia edənlərə qəti cavab vermişlər.