Qurban bayramı
Qurban bayramı günü cəmərəyə daş atmaq və qurban kəsmək ibadəti İbrahim peyğəmbərdən (ə) qalmışdır. Belə ki, Hz.İbrahim (ə) Allahdan oğul istəmişdi. Allah-Təala İsmayılı ona əta etdi. Sonra röyada gördü ki, oğlunu qurban kəsir; başa düşdü ki, bu, Allahın əmridir. Odur ki, Allahın əmrinə əməl etmək istədi. Şeytan onu bu işdən daşındırmağa çalışdı. Hz.İbrahim (ə) yerdən bir daş götürüb ona atdı.
Hz.İbrahimin (ə) oğlunu Allaha qurban verməyə hazırlaşması barədə "Saffat" surəsinin 104 və 107-ci ayələrində ətraflı bilgi verilir.
Quranda verilən bilgilərə görə, Allah-Təala Hz.İbrahimə (ə) bu sınaqdan üzüağ çıxdığına görə, ona bunun əvəzində bir qoç (qoyun) kəsməyi buyurur. İbrahim peyğəmbər (ə) oğluna əvəz göndərilən qurbanlığı kəsir. Odur ki, şeytana daş atmaq və qurbanlıq kəsmək o gündən vacib olmuşdur. Qurban kəsərkən belə niyyət edilir: "Bismillah, bu qurbanı kəsirəm (çox adam iştirak edərsə - kəsirik), qürbətən iləllah". Sonra "Bismillah" və "Allahu-Əkbər" deyəndən sonra xüsusi dua oxuyurlar. Qurbanı kəsdikdən sonra bu duanı oxuyurlar: "Allahümmə təqəbəl minni" (İlahi, qurbanımı qəbul et).
Tamamilə sağlam, heç bir şikəstliyi olmayan 6 aylıqdan böyük olan qoyunu, 2 yaşından böyük olan qaramalı və 3 yaşından böyük olan dəvəni qurban kəsmək olar. Qoyunu bir nəfər, qaramalı 7 nəfər, dəvəni isə 12 nəfər kəsə bilər.
Hər bir adama bir qurban kəsmək daha yaxşıdır. Əgər imkanı yetməzsə, o zaman şərikli qurban kəsməyə icazə verilir. Əgər qurban qoyun və keçi olarsa, erkək olması; qaramal olarsa, dişi olması yaxşıdır. Qurbanı kəsərək üç hissəyə bölüb, bir hissəsini yoxsullara, bir hissəsini dost-tanışa vermək və bir hissəsini də öz ailəsi üçün saxlamaq lazımdır.