QURAN
Müqəddəs kitabımız Qurani-Kərimdir. O, Allah kəlamıdır və oxşarı olmayan ulu yazıdır. "Quran"
ərəbcə "qərəə" kökündən - "oxumaq" və ya bir çox hallarda "ucadan ibarə ilə oxumaq" mənasına uyğun gələn söz kökündən
əmələ gəlmişdir. Quranın tam yazılı mətni yalnız Peyğəmbərin (s) vəfatından sonra
ərsəyə gətirilmişdir.
Peyğəmbərin (s) səhabələrindən çoxu Quranın xeyli hissəsini əzbər bilirdi. Quran mətninin biliciləri, adətən, din işinə çox sadiq olan və İslam yolundakı bütün döyüşlərdə ilk sıralarda olan adamlar idilər. Əlbəttə, onların çoxu həlak olurdu. Buna görə də, artıq birinci xəlifə Hz.Əbu Bəkr (r) rəvayətə görə, sadiq katibi olan mədinəli 22 yaşlı Zeyd bin Sabitə göstəriş vermişdi ki, sağ qalmış Quran bilicilərini köməyə cəlb edərək, Quranın mətninin bütün mövcud yazılarını toplasın və müqəddəs kitabın bütün mətnini dəri parçaları üzərində, görünür - səhifələrdə yazsın. Bu mətn sonralar xəlifə Hz.Ömərin (r) ailəsində saxlanılırdı. Peyğəmbərin (s) bəzi digər səhabələri də eyni zamanda bu işlə məşğul olmuşlar. Übeyy ibn Kəb, Əbu Musa əl-Əşəri, Əbdullah ibn Məsud və başqaları da öz Quran nüsxələrini tərtib etmişlər. Beləliklə, Quranın bir neçə mətni meydana çıxmışdı. Nümunə mətninin əsası isə üçüncü xəlifə Hz.Osmanın (r) vaxtında, əvvəllərdə Zeyd bin Sabit tərəfindən tərtib edilmiş və xəlifə Hz.Ömərin (r) qızı Həfsənin (Hz.Məhəmmədin (s) xanımı) evində saxlanılan nüsxə əsas götürülməklə yaradılmışdır. Buna görə də, həmin nüsxə üçüncü xəlifənin adıyla - "Osman nüsxəsi" - adlanır.
Miladi tarixlə 651-ci ildə müasir Quranın iri Kufi xəttiylə ilk nüsxəsi meydana gəlmişdir. İlkin olaraq, üç nüsxə hazırlanmışdır. Bunlardan birini Dəməşqə (Şam), digərini Kufəyə, üçüncüsünü Bəsrəyə göndərmişlər. Əsl nüsxəni isə Hz.Osman (r) özündə saxlamışdır.
Tanınmış ərəb səyyahı İbn Bətutə (1304-1377) yazırdı ki, o, İraqda olarkən Hz.Osmanın (r) göstərişiylə tərtib edilmiş Quranın iki nüsxəsinin birini Dəməşqdə üstü qan ləkəli, ikinci kitabı isə Bəsrədə Hz.Əli (ə) məscidində görmüşdür.
Birinci nüsxə yanğın zamanı Dəməşqdə yanmışdır. İkinci nüsxəni Əmir Teymur (Teymurləng) Bəsrəni alarkən oradan Səmərqəndə gətirmiş və müqəddəs kitab təqribən 400 il orada qalmışdır. Orta Asiya Rusiyaya birləşdirildikdən sonra çar məmurları bu nadir əl yazmasını Xoca Əhrar məscidinin imamlarından 100 manata almış(!) və onu imperatorun Peterburqdakı kitabxanasına göndərmişlər.
Leninin şəxsi göstərişinə əsasən, nadir əlyazması müsəlmanlara qaytarılmalıdır, deyə, 1917-ci ilin dekabrından 1923-cü ilin iyulunadək Başqırstanın paytaxtı Ufa şəhərində saxlanıldı. Sonra isə Türküstan Muzeyləri və Qədim Abidələrin Mühafizə İdarəsinin xahişi ilə Sovet hökuməti Quranı Türküstan respublikasına vermək (qaytarmaq) haqda qərar qəbul etdi. O vaxtdan bəri Quran Daşkənddəki Özbəkistan Xalqlarının Tarixi Muzeyinin Əl Yazmaları Fondunda saxlanılır.Bu Quran nüsxəsi 353 səhifədən ibarət olub, qalın bərk dəridən hazırlanmaqla və bir üzü hamar və parlaqlı olmaqla sarı rəngli, başqa bir üzü isə ağ olub, kiçik qırışlar şəkilindədir. Hər bir vərəqdə 12 sətir, hər səhifədə yazının tutduğu sahə 50x44 ölçüdə olmaqla, vərəqin ümumi ölçüsü 68x53 sm-dir.
Quranda elə ayələr vardır ki, yalnız bir hərfdən ibarətdir. Məsələn, Quranın ən uzun ayəsi "Bəqərə" surəsinin 282-ci ayəsidir. Bu ayə bütöv bir səhifə həcmindədir və 30-dək cümlədən ibarətdir. "Ya-Sin" surəsinin və "Ha-Mim"lə başlayan surələrin ilk ayələri isə iki hərfdən, "Kaf" surəsinin birinci ayəsi isə cəmi bir hərfdən ibarətdir. Peyğəmbərimizə (s) gələn ilk vəhy "Ələq" surəsinin ilk dörd ayəsindən ibarət olmuşdur.
Quranda surələrin birincisi "Fatihə", sonuncusu isə "Nas" surəsidir. Ən qısa surələr "Kövsər", "Ələq" və "Nas" surələridir. "Kövsər" üç ayədən, "Ələq" və "Nas" surələri isə ayrı-ayrılıqda dörd ayədən ibarətdir. Bunun müqabilində "Bəqərə" 286 surədən ibarətdir. Son enən ayə "Maidə" surəsinin 3-cü ayəsidir. Son vəhyin gəlməsi ilə Peyğəmbərimizin (s) bu dünyaya vida etməsi arasında çox az bir müddət, yəni cəmi 14 gün fərq olmuşdur.
Quran 30 cüzə (hissəyə) və yaxud 16 qismə (hizbə - bölməyə) ayrılmışdır. Quranda 114 surə (fəsil) vardır. Bunların 90-nı Məkkədə, 24-ü Mədinədə nazil olub. Quranda 6211 (bəziləri 6666 deyir) ayə, 88639 söz və cəmi 323621 hərf vardır.
Quran ayələri miladi tarixinin 610-632-ci illəri arasında nazil olub. Quranın nazil olmağa başladığı gündən tamamlandığı günədək 22 il 2 ay 22 gün keçmişdir. Bu müddətin ilk 13 ili Peyğəmbərimizin (s) həyatının Məkkə dövrünə aiddir. Vəhylərin yazıya köçürülməsində üzərinə yazı yazıla bilən, o vaxt kağız olmadığına görə hər şeydən: yastı daşlardan, papirusdan, dəridən, parçadan, sümükdən, xurma ağaclarının qabığından və s. istifadə olunurdu.
Vəhy katiblərinin adlarından məlum olduğu kimi, onlar daim Peyğəmbərimizin (s) hüzurunda olan və gələn vəhyləri həmin andaca yazıya köçürən mötəbər şəxslər idilər. Müxtəlif dövrlərdə müxtəlif sayda olmuşlar. Zaman keçdikcə sayları artmış, 42 nəfərə çatmışdır. Tarixə düşmüş vəhy katiblərindən Əli (ə), Əbu Bəkr (r), Ömər (r), Osman (r), Zeyd bin Sabit, Zübeyr və başqalarının adlarını göstərə bilərik.
Quranın cildindəki yazı pak olmayan adamların ona toxunmasını qadağan edir. Quranı oxuyarkən onu qurşaqdan aşağı tutmaq hörmətsizlik sayılır.
QURANI Kərimi Azərbaycan, Rus, İngilis və Ərəb dillerinde oxuya bilərsiniz!