Qəzəbini cilovlayan ağlına da sahib olar

 

Mümkündür ki, insan yaşadığı həyatda müxtəlif çətinliklərlə qarşılaşsın və bu zaman ilahi imtahanla baş-başa dayansın. Burada insandan tələb olunan yeganə şey isə səbr etməkdir. –ünki məhz səbr etməklə bütün müşkülləri adlamaq mümkündür. Əks halda insan özünü yeni müşküllərlə baş-başa qoyacaqdır. Bəlkə də illərlə qazandığını (burada maddiyyət nəzərdə tutulmur) bircə anın içindəcə itirəcəkdir. İslam Peyğəmbəri (s) bu haqda gözəl bir hədis buyurub: "Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər".

Bu hədisdən bir daha aydın olur ki, ən qəzəbli vaxtlarda belə insan öz ixtiyarını əldən verməməli, yəni səbr edib, hər bir işi ağıl və təmkinlə yoluna qoymağa çalışmalıdır. İmam Sadiq (ə) buyurur ki, "hər kim qəzəbini cilovlaya bilməsə, ağlına da sahib ola bilməz". Göründüyü kimi, qəzəb hətta hikmət sahiblərinin qəlbinin hikmətini də bircə anda yox etmək qüdrətindədir. Deməli, səbr etmək ilahi bir nemətdir və məhz bu nemətlə məqsədə çatmaq mümkünləşə bilər.

Müqəddəs kitabda - "Bəqərə" surəsində buyurulur: "Ey iman gətirənlər! (Həyatın ağır hadisələri müqabilində) səbr (dözümlülük və) namazdan kömək alın, (çünki) Allah səbr edənlərlədir".

Burada Allahın səbr edənlərlə olmasının mənası Onun (Yaradanın) səbr edən bəndəsinə köməyi, uğur verməsi, düz yola istiqamətləndirib məqsədə çatdırması və s. kimi başa düşülə bilər. Heç şübhəsiz ki, bunların da hamısının arxasında Axirət Sahibi dayanır.

Təbii ki, əqlən hər bir şəxs Allah-Təala tərəfindən nazil olan xüsusi nemətləri əldə etmək üçün müəyyən istedada, qabiliyyətə malikdir. Sadəcə, bu istedad və qabiliyyətdən gərəyincə istifadə etməyi bacarmaq başlıca şərtdir. Burada isə ən birinci vasitə namaz sayılır. –ünki namaz qılan şəxs başa düşür ki, Allah-Təala hər yerdə hazırdır və onun (həmin şəxsin) bütün əməllərinə nəzarət edir. Demək, namaz hər bir şəxsin öz Rəbbi qarşısındakı iman və təvəkkül, xalis dua və ibadət formasının mahiyyətini əks etdirən göstəricidir. Lakin nəzərdən qaçırmayaq ki, iman təkcə sözlə hasil olmur.

İmanlı gərək öz qarşısına çıxan bütn hadisələrdə səbr və dözümlülük göstərsin ki, Allaha olan etiqadının düzgünlüyünü izhar edə bilsin. Bu da Allah-Təaladan kömək istəmək və həmd-səna etməklə mümkündür. Həzrəti Əli (ə) buyurur ki, "təqvalılar qısa bir müddət səbr etməklə uzun-uzadı rahatlıq tapırlar". Amma etiraf edək ki, səbr qədər çətin və dözülməz ikinci bir şey yoxdur. Elə mahiyyət də bundadır ki, belə bir dözülməzliyə dözüb, səbrlə istəyinə nail ola biləsən. Bunu bizdən Allah-Təalanın Özü istəyir. Allahın istəyini yerinə yetirmək isə insanın nicat tapmasında əsas vasitədir.

 Ana səhifə >>>