Peyğəmbər

"Nəbi" - "ərəbcə", "peyğəmbər" isə farsca - "xəbər aparan" mənalarını özündə ehtiva edir. Yəni Allah-Təala ilə insanlar arasında "xəbər aparıb-gətirən şəxs". Allah-Təala insanlara doğru yolu göstərmək üçün əmrlərini, qanunlarını peyğəmbərlərin vasitəsi ilə bildirmişdir.

Əqidəmizə görə, peyğəmbərlərin sayı 124 min olmuşdur. Bunlardan 313-ü mürsəl, yəni göndərilən, 5-i isə ulul-əzm peyğəmbərlərdir. Ulul-əzm peyğəmbərlər aşağıda adları çəkilənlərlir:

* Nuh (ə) - nəciyullah (Allahın nicat verdiyi).

* İbrahim (ə) - xəlilullah (Allahın dostu).

* Musa (ə) - kəlimullah (Allah ilə danışan).

* İsa (ə) - ruhullah (Allahın ruhu).

* Məhəmməd (s) - həbibullah (Allahın sevimlisi).

Peyğəmbərlərdən beşi: Adəm, Şis, İdris, Nuh, İbrahim (ə-lar) süryani (assuri) dilində, digər beş nəfər: İshaq, Yəqub, Musa, Davud, İsa (ə-lar) əbrani (ibrit) dilində, beş nəfər: Hud, Saleh, Şüeyb, İsmayıl (ə-lar) və Məhəmməd (s) isə ərəb dilində danışmışlar.

Peyğəmbərlərdən beş nəfəri - İbrahim, İshaq, Yəqub, Lut və İsmayıl (ə-lar) eyni dövrdə göndəriliblər: İbrahim (ə) Qüdsə, İshaq (ə) Şam diyarına, Yəqub (ə) Kənana, sonra Misirə, İsmayıl (ə) Hicaza və Yəmən tərəfə, Lut (ə) Şam ətrafına göndərilmişlər.

Üç peyğəmbər - Yusif (ə), Davud (ə) və Süleyman (ə) həm də padşahlıq etmişlər.

Peyğəmbərlərdən hamısına deyil, bir qisminə - Adəmə (ə) 10, Şisə (ə) 50, İdirisə (ə) 30, İbrahimə (ə) isə 10 səhifə (yazı yazıla bilən hər cür ləvazimata səhifə deyirdilər), yəni müqəddəs yazılar nazil olmuşdur.

Dörd peyğəmbər kitab sahibi sayılır: Musaya (ə) "Tövrat", Davuda (ə) "Zəbur", İsaya (ə) "İncil", Məhəmmədə (s) isə "Qurani-Kərim" nazil olmuşdur.

Qurani-Kərimdən başqa, yerdə qalan kitabların, səhifələrin heç biri konkret bir zamana və bir qrup xalq və millətlərə göndərildiyindən vaxtları keçmiş, fəaliyyəti dayanmış, hökmləri qalmamışdır. Qurani-Kərim son kitabdır. Yalnız bir zamana, bir qəbiləyə məxsus deyildir, bütün insanların kitabıdır. Onun hökmü Qiyamətə qədər davam edəcəkdir. İnsanlar üçün yeganə qurtuluş yolu Qurana qulaq asmaqdır. Quran işıqdır, nurdur və hidayət qaynağıdır.

Qurani-Kərimdə adları bildirilən peyğəmbərlərin adları aşağıdakı kimidir:

1. Adəm (ə).

2. İbrahim (ə). 3. Lut (ə).

4. İsmayıl (ə)

5. İshaq (ə).

6. Yəqub (ə).

7. Yusif (ə).

8. Əyyub (ə).

9. İdris (ə).

10. Nuh (ə).

11. Hud (ə).

12. Saleh (ə).

13. Şüeyb (ə).

14. Musa (ə).

15. Harun (ə).

16. Davud (ə).

17. Süleyman (ə).

18. İlyas (ə).

19. Zəkəriyyə (ə).

20. Əl-Yəsə (ə).

21. Yunus (ə).

22. Zul-Kifli (ə).

23. Yəhya (ə)

24. İsa (ə)

25. Məhəmməd (s).

 Ana səhifə >>>