Orucluğun fəlsəfəsi

 

Allah-Təala ibadətlər cərgəsində orucu ikinci yerdə tutmağı bizə əmr etmiş və bunun vacib olmasını müqəddəs Qurani-Kərimin "Bəqərə" surəsində Məhəmməd salavatullaha belə buyurmuşdur: "Ey imanı olanlar! Sizin üçün oruc yazılmışdır (vacib olmuşdur) və həmçinin sizdən əvvəlkilərə də. Ona görə ki, siz pəhrizkar olasınız".

Maraqlıdır, Qurani-Kərimin müqəddəs ayəsində "yazılmışdır" deyilir. Bəşər övladının batininə elmi nəzər salsaq və onu insan məntiqi ilə təhlil etsək, bu zaman məqsəd aşkar olar: həqiqətdə də hər hansı bir insan öz istəyini bir idarə rəhbərinə şifahi çatdırdığı zaman ona deyilir ki, "istəyinizi yazılı surətdə təqdim edin". Yəni bir işin tam rəsmi sənədləşməsi üçün mütləq "yazılı" sənəd olmalıdır. Məhz müqəddəs ayədəki "yazılmışdır" ifadəsi orucluğun əsas mahiyyətini - fəlsəfəsini özündə ehtiva edir. Orucluğun fəlsəfəsi dedikdə ilkin olaraq bu ibadətin özünəxas əhəmiyyəti göz önündə canlanır. "Fəlsəfə" sözünün mənası isə "hikməti sevirəm" deməkdir.

Hər bir həqiqətin ortaya çıxmasında təbii ki, əqli məntiqimizə istinad etməliyik. İnkar edilməz ki, zəka sahibi olan insan güclü məntiq sahibidir. Məntiq isə sözün məna və dəyərinə söykənərək həqiqət meyarına işıq salır. Hər hansı bir fəlsəfi fikrin incəliklərinədək varmaq yalnız güclü məntiqlə mümkünləşə bilər. Demək, məntiqi bütün elmlərin açarı saya bilərik. Böyük mütəfəkkir, qüdrətli dahi alim, İslam dünyasının fəxri və fəlsəfə elminin dərin bilicisi kimi tanınan Əbu Nasir Fərabinin dediyi kimi - elmlərin şahı məntiqdir.

Şübhəsiz ki, məntiqi dəyərləndirən sözdür - kəlamdır. Sevimli Peyğəmbərimiz (s) buyurur: "Dünyada ən qiymətli, ən dəyərli və kəlamın ağası yalnız Qurani-Kərimin kəlamıdır. Kəlamın dəyəri onun hikmətindədir. Hikmətin sahibi isə Yaradan Xaliq - Allah-Təaladır".

İndi isə orucluğun fəlsəfi mahiyyəti haqda daha ətraflı bəhs etməyə çalışaq. Orucluq dedikdə ilk olaraq nəzərə Ramazan ayı gəlir. "Ramazan" sözünün mənası isə "yandırmaq" deməkdir. Yəni fiziki-mənəvi nöqsan və günahları orucluğun təqva və pəhrizkarlığı ilə yandırıb kül etmək.

Ramazan ayının dərk olunması hər bir insanın özünün daxili imkanları çərçivəsindədir. Bəzi şəxslər Ramazanı sadəcə pəhriz, ac qalıb arıqlamaq kimi qəbul edirlər. Onu dərk etmək lazımdır ki, orucluq insana nə qədər fiziki sağlamlıq versə belə, onun mənəviyyata verdikləri heç nə ilə əvəzlənə bilməz. Məsələn, biz sivil həyat tərzindən danışdıqda şübhəsiz ki, ilkin olaraq qanunlara hörmət bəsləmək (doğru-düzgün danışmaq), yalan danışmamaq, məsuliyyətli olmaq kimi əməllərə riayət etmək gözümüzün önünə gəlir. Bu gün dünyada ən ciddi problem gözəl əxlaqa yiyələnməkdir. Demək, orucluq insan həyatını sivil məcraya yönəldən, onu gözəl əxlaqa sövq etdirən ən ali ilahi buyruqdur.

Ramazan ayı əxlaq məktəbinin ibadətlər içərisində ən qüdrətli müəllimidir. Ona görə də Ramazan ayının bütün günləri bizim üçün mübarək və fəzilətlidir. Əbəs yerə deyildir ki, bir çox dahilərin fikrincə, yatmaq həyat nişanələrindən hesab olunmur. Amma oruc saxlayanın yatmağı da ibadət hesab olunur. Bax, orucluğun əsas fəlsəfi qayəsi də elə budur. Bu fəzilətlər isə saymaqla tükənməz.

Orucluğun dəyərli və hikmət sirri bilinməyən günləri "Əhya" və ya Qədr gecələri sayılır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: "Sən (ey Məhəmməd,) dərk edə bilməzsən ki, Qədr gecəsinin fəziləti nədir; Qədr gecəsi min aydan xeyirlidir. Bu gecədə mələklər və ruh Allahın əmri ilə yerə nazil olar. Bu gecəni hansı şəxslər ki, sübhün açılmasına kimi oyaq qalarlar, Allahın salamı onlara olsun!"

Ayədən göründüyü kimi, Allah-Təala bu gecənin hikmətini öz istədiyi peyğəmbərindən (Məhəmməd salavatullahdan) belə gizli saxlamışdır. Qədr gecəsinin ən böyük dəyəri heç şübhəsiz ki, bu gecədə müqəddəs Qurani-Kərimin Məhəmməd salavatullaha nazil olmasıdır. Peyğəmbərimizin (s) buyurduğu kimi, Allah-Təala bu ayda rəhmət qapısını bəndəsinin üzünə açır, "Bu ay Mənə məxsusdur və onun mükafatını Mən verəcəyəm" - deyir. Hər bir məxluqun, xüsusilə bəşər övladı olan insanın ömrü və ruzisi yalnız Ramazan ayında və onun Qədr gecəsində yazılır.

Saf bir niyyətlə oruc tutan insan bu ayı bütün varlığı ilə yaşayır. Onun bədən üzvlərindən göz, qulaq, dil, əl və ayağı da orucluğun hökmlərinə riayət edir.

Ramazan ayı haqqında indiyə kimi cild-cild kitablar yazılsa da, mümkün deyildir ki, onun mahiyyət dəryasına insan məntiqi ilə kifayət edən qədər baş vurmaq mümkün olsun. –ünki onun fəlsəfəsini dəqiqliyi ilə açıqlamağa insan məntiqi acizdir.

Oruc tutan insan ətrafında olan bütün ehtiyacı olanlara imkanı müqabilində həm gərək maddi, həm də mənəvi dayaq dura bilsin. Bu ayda insan öz dilini, qəlbini və əməlini vəhdətə gətirməlidir.

Ramazanın sonluğu, yəni "Fitr" bayramı və onun gecəsi də xüsusi bir mahiyyət daşıyır. Yəni bu gecədə imkanlılar mütləq yoxsullar üçün fitrə ayırmalıdırlar. Fitrə ayrıldıqdan sonra sabahı bayram namazına gedən şəxs gərəkdi ki, ətrafında olan kasıb və fəqirləri sevindirsin, yəni məhz bundan sonra bayram namazına getsin. Bu əməl həm də onu sübut edir ki, "bizim insan adını daşımağa haqqımız vardır" - deyə bilək.

Şübhəsiz ki, nə qədər bu ayın mahiyyət və fəlsəfəsindən danışsaq belə, onun vəsfini söz ilə çatdırmaq mümkün olmayacaqdır. Arzum budur ki, başa vurmaqda olan bu ayı Allah-Təala hamımıza mübarək etsin, ibadətlərimiz qəbul olsun, Uca Allah xalqımızın və vətənimizin gələcəyini səadətli etsin. Amin!

Hacı Fuad Nurulla

 Ana səhifə >>>