Oruc

 

"Rəcəb Allahın, Şəban mənim, Ramazan da ümmətimin ayıdır".
Peyğəmbər (s)


Oruc füruiddinin ikinci rüknüdür. Müsəlman icmasında oruc (ərəbcə "əs-saum", farsca "ruzə" və ya "ruze", türkcə "oruc") bizə gəlib çatan şəkildə namzdan sonra, Məhəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrət etməsindən 18 ay sonra (miladi 624-cü ildə) Şaban ayının 15-ci günü vacib buyrulmuş və o vaxtdan tətbiq edilməyə başlanmışdır. O vaxta qədər müsəlmanlar özlərindən qabaq olan kəslər kimi oruc tuturdular. Quran Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu (hicri-qəməri) Ay təqviminin 9-cu ayı olan Ramazan ayının son on gecəsindən birində vəhyin nazil edilməsinin başlanması ilə əlaqələndirmiş və müsəlmanları Ramazan ayında oruc tutmağa çağırmışdır.
Oruc İslamın əsaslarından biridir və insanın ruhi paklığı üçün vacib buyrulub. Bu da o deməkdir ki, insan sübh azanından əvvəl, şam azanına qədər Allahın fərmanına itaət etmək məqsədi ilə bəzi əməllərdən: yeməkdən, içməkdən, ənnik-kirşan çəkməkdən, əylənməkdən, cinsi əlaqədən və s. bu kimi işlərdən özünü qorumalıdır.
"Ramazan" ərəbcə "rəməzə" sözündəndir və mənası "yandırmaq" deməkdir. Məhz bu ayda - Ramazanda günahları yandırmaq mümkündür.
Mübarək Ramazan ayının orucu bir neçə şərtlərlə yerinə yetirilir:
* Şəxs həddi-buluğa (kişilər 15, qızlar isə 9 yaşında) çatmış olmalı.
* Əqli cəhətdən sağlam olmalı.
* Müsafir (səfərdə) olmamalı.
* Təmiz olmalı.
* Oructutma xəstəliyə və ya onun şiddətlənməsinə səbəb olmamalıdır.

Şəriət qanunlarına görə, əgər kimsə orucun onun səhhətinə mənfi təsir göstərdiyini görürsə, oruc tutmaya bilər. Bu, xəstə və yaşlı adamlara, hamilə və südəmər uşağı olan qadınlara aiddir. Sonradan sağalıb oruc tutmağa imkanı olanlar və səfərdə olanlar tutmadıqları günlərin sayı qədər başqa vaxt oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə imkanı daxilində hər günün əvəzində bir imkansızı doyurmalıdırlar.
Oruc tutan kəsin özündə mənəvi həyatın ən böyük hadisəsini - Allaha yaxınlıq hissini duymaq, qavramaq bacarığı tərbiyə etməsi orucluqla əlaqədar onun qarşısında duran ən mühüm vəzifədir. Belə bir tərbiyənin aşılanması orucluğun ruhani məzmununda İslam anlamının mahiyyətini təşkil edir. Orucluğun möminlər üçün açdığı mənəvi imkanların genişliyini nəzərə alsaq, Ramazanda Cənnət qapılarının taybatay açılması, Cəhənnəm qapılarının isə bağlanması barədəki hədisi-şərifin mənası aydın olar.
İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən də, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaq dərsi təlqin edilir. Harama aludə olmaqdansa, özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. Bütün orucluq ayı gündən-günə təkrar edilən bu dərs insanın iradəsini möhkəmləndirir, onda şeytan vəsvəsəsinə və tovlanmasına qalib gəlmək bacarığı tərbiyə edir, ona ani istəklərin, ötəri şəhvətlərin qulu olmamaq, vacib işləri qoyub ikinci dərəcəli işlərə uymamaq, günbəgün davam edən vurnuxma içində həqiqi yaxşılığın və xeyirxahlığın səmtini itirməmək qabiliyyəti aşılayır.
Orucluğun insanda tərbiyə etdiyi əxlaqi keyfiyyətləri təkcə özünü yeməkdən, içməkdən saxlamaq düzgün olmazdı. Orucluq hər şeydən əvvəl, insandan tələb edir ki, yalan danışmaqdan, dilinə pis söz gətirməkdən, pis niyyətə düşməkdən, səmimi olmamaqdan və başqa natəmiz əməllərdən çəkinsin. Bir hədisi-şərifdə deyilir: "Əgər bir kimsə yalan danışmağı və ikiüzlülük etməyi tərk etməmişdirsə, onun yeməkdən və içməkdən imtina etməsinə Allahın ehtiyacı yoxdur". Əksinə, orucluq ayında qərəzsiz kömək, sədəqə, yetimə və yoxsula əl tutmaq, müxtəlif xeyirxah əməllər təqdir olunur. Bu cür əməllər Peyğəmbərin (s) keçdiyi həyat yolundakı parlaq misallara uyğun gəlir. Rəvayətə görə, Peyğəmbər (s) insanların ən səxavətlisi idi. Ancaq Ramazan ayında o öz səxavətini daha çox artırardı.
Orucluğun daxili məzmunu bu ayinə əməl edilməsinin xarici şərtlərini də müəyyən edir. Orucluq 29, yaxud da 30 gün davam edir.
Orucluq Ramazan ayında təzə Ayın - hilalın görünməsi ilə başlayır və onun rüblərini keçdikdən sonra Şəvval ayında yenidən görünməsi ilə başa çatır. Səma buludlarla örtülərsə, o zaman bunu dəqiq hesablama aparmaqla da müəyyən etmək olar. Sevindirici haldır ki, 2004-cü ildən başlayaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxıda yerləşən Astro-fizika rəsədxanasının alimləri ilə birgə ilk dəfə olaraq Azərbaycanın milli təqvimini tərtib etdi. Və həmin tərtibə əsasən ölkə müsəlmanları orucluğun başlanması, günün çıxması, namaz vaxtları, habelə Ramazan bayramının dəqiq vaxtını bilərək, o sayaq da hərəkət etdilər. Şeyx həzrətlərinin sözləri ilə desək, innən belə Azərbaycanda nə Səudiyyə Ərəbistanının, nə Türkiyənin, nə də İranın tərtib etdiyi təqvimlə deyil, yalnız öz milli təqvimimzə uyğun olaraq oruc tutacağıq. Təbii ki, bu, olduqca böyük bir uğurdur.
Oruc o zaman batil olur ki, müsəlman məcburiyyət qarşısında deyil, qəsdən Günəşin doğması ilə batması arasındakı vaxt ərzində orucun tələblərinin heç olmasa birini pozmuş olsun. Orucu batil edən şeylər əsasən bunlardır:
- qəsdən yemək və içmək;
- qəsdən boğazına toz və ya tüstü daxil etmək;
- qəsdən qusmaq;
- qəsdən başını suya batırmaq;
- gündüz cima etmək (cinsi əlaqə);

- Allahın, peyğəmbərin, imamların kəlamlarına uydurmalar əlavə etmək (qəsdən and içmək).
Ramazan orucundan başqa tutulan könüllü oruc günləri də müddətli olmamalıdır. Məsləhət görülür ki, üç gündən artıq olmasın. Məsələn, Ərəfat günü (Qurban bayramından bir gün əvvəl) könüllü oruc tutmaq müstəhəbbidir. Hətta, Şəban ayının sonuncu günlərini Ramazan ayına birləşdirməyin savabı da böyükdür. Könüllü oruc bir də o şərtlə tutulur ki, müsəlmana vacib buyurulan ayinlərin tam yerinə yetirilməsinə mane və İslamın müəyyən etdiyi hüdudları aşmasına səbəb olmasın. Belə ki, bu hüdudların xaricində İslama yabançı olan və bədənin ifrat dərəcədə üzülməsi başlana bilər.
İslamın orucluğa əməl edilməsi məsələsinə bu insanpərvər münasibəti kəffarə, fidyə və nəzir orucu haqqındakı qaydaları da səciyyələndirir.
* Kəffarə orucu - dinin müəyyən ehkamının pozulması ilə əlaqədar müsəlmanın işlətdiyi günahın yuyulması məqsədilə tutulan orucdur. Məsələn, qəsdən 1 gün orucunu yeyən adam əvəzində 2 ay 1 gün (61 gün) kəffarə orucu tutmalıdır və ya oruc tutan şəxs gündüz öz əyalına yaxınlıq etmişsə, onda 3 kəffarəni icra etməlidir; yəni 61 gün oruc tutmalı, 10 fəqiri doyurmalı, 10 imkansızı libasla təmin etməlidir.
* Fidyə orucu - şəriətə əsasən müəyyən edilmiş bir əməlin yerinə yetirilməsində yol verilən acizliyin əvəzi kimi tutulur. Məsələn, əgər həcc ziyarətində olan zəvvar müəyyən bir səbəbə görə ehramın ehkamlarına tam əməl edə bilmirsə, o zaman ya bir qurban kəsməli, ya da müəyyən olunmuş gün oruc tutmalıdır.
* Nəzir orucu - müəyyən bir məqsədin ad edilməsi və həyata keçirilməsi ilə əlaqədar tutulur. Məsələn, bir şəxs arzu edir ki, filan mətləbim müsbət həll olunsun - 1, 2, 3 və s. gün oruc tutacağam.
Orucluğun ictimai sahədəki dəyərlərinə gəldikdə isə onun möminlər arasında qardaşlıq, qarşılıqlı anlaşma, bərabərlik, bir-birinin ehtiyaclarına qayğıkeş münasibət yaratmağa yönəldiyini göstərmək lazımdır.
Ramazanın fəlsəfi tərəfinə gəldikdə isə ilk növbədə demək lazımdır ki, orucluq - insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Bu ay ruhun tərəqqisi və Allaha tərəf pərvaz etməsidir. Peyğəmbərimiz (s) bir hədisində buyurub ki, "oruc cəhənnəm oduna qarşı qalxandır". Həqiqətən də oruc günahlarımızın qarşısının alınmasında ən böyük qalxandır. Oruc insanları səbrə, təmkinə, mərhəmətli olmağa dəvət edir, əxlaqımıza - iç dünyamıza nəzarəti gücləndirir. Bir sözlə, insanda sağlam ruhla sağlam bədənin vəhdətini gerçəkləşdirir. Peyğəbərimiz (s) buyurmuşdur: "Oruc tutsanız sağlam olarsınız".
Oruc tutmaq insanı mənən saflaşdırır, iradəsini möhkəmləndirir, qəlbini iman işığı ilə nurlandırır, nəfsini paklaşdırır, onu məkr, hiylə və riyadan uzaq olmağa sövq etdirir, ən başlıcası isə kamilliyə yüksəlməsində ona yardımçı olur.
Oruc tutmağın bir fəlsəfəsi də ictimaiyyət arasında bərabərçiliyi yaratmasındadır. Orucluq zamanı varlı da, kasıb da bərabər olur. İnsan məhz bu ayda ruhən və cismən saflaşır, sözün həqiqi mənasında insan olur.
Orucluğun böyük tibbi əhəmiyyəti da vardır. Belə ki, oruc tutan şəxs oruc tutmaqla həm də özünü müalicə edir. Bir hədisdə deyilir: "Mədə dərdlərlə dolu bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır". Nəzərdən qaçırmayaq ki, il ərzində insanın həzm mexanizmi həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət verir, onu yeniləşdirir.
Ayların sultanı sayılan Ramazan hər bir müsəlmanın şəxsiyyətində, onun insan kimi formalaşmasında, tərbiyəsində olduqca mühüm yer tutur. Unudulmamalıdır ki, müqəddəs Qurani-Kərim məhz bu ayda - Ramazanda nazil edilmişdir. Və məhz bu ayda Həzrəti Məhəmməd (s) peyğəmbərlik məqamına yüksəlib.
Bir həqiqət də budur ki, kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir müsəlman bu mübarək ayda oruc tutub, Allah-Təalanın buyurduqlarını yerinə yetirməyə borcludur. Necə ki, Qurani-Kərimdə - "Bəqərə" surəsinin 183-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib olunduğu kimi, sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz".
Qeyd etmək istərdik ki, halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva, yaxud isti su ilə iftar açmaq xüsusilə savabdır.
Oruc niyyət edilərək, imsak (obaşdan) vaxtından iftar vaxtınadək (orucu batil edən hallardan uzaq olmaqla) yerinə yetirilən müqəddəs bir ibadətdir
* İmsak - sübh namazını qılıb, yeyib-içməyi başa vuraraq oruca başlamaq vaxtıdır. Yəni namaz vaxtından bir qədər əvvəl yeyib-içməyi dayandırıb, oruca başlayaraq niyyət edilməlidir. Həmin vaxtdan oruclu sayılırsan.
* İftar - orucun açıldığı, eləcə də axşam (şam) namazının başlanma vaxtıdır. Öncə namaz qılıb, sonra iftar açmaq daha yaxşıdır.
Qeyd: axşamdan sonra oruca niyyət edilsə belə, imsak vaxtına qədər yemək-içmək olar.
Oruc tutan şəxs belə niyyət etməlidir: "Allah rizası üçün Ramazan ayının tamamını (və ya sabahkı gününü) oruc tuturam qürbətən iləllah".
Ramazan ayının (Cəfəri məzhəbində - şiəlikdə) 19-cu, 21-ci və 23-cü, (Hənəfi məzhəbində isə) 27-ci gecələri Qədr (Əhya) gecəsi - Qurani-Kərimin yer üzünə endirilməyə başladığı min aydan xeyirli bir gecələrdir.
Bir hədisdə deyilir: "Uca və böyük Allah buyurub ki, orucluq Mənə aiddir, onun mükafatını Mən verəcəyəm".

 

Fitr bayramı


Fitr bayramı - Ramazan ayının başa çatması münasibəti ilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sözündəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran günü, təzə Ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, "oruc namazın qəbul olunsun",- deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır.
Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.
 

Orucluğun tarixindən


İslama qədər orucluq - yemək-içməkdən imtina etmək və ya yeyib-içməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dövrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-Kərimin hökmünə əsasən, orucluğun ancaq Ramazan ayında keçirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimi ilə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür.
Ramazan bayramı hicrətin 14-cü ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan müsəlmanların rəsmi bayramı elan edilmişdir.

 Ana səhifə >>>