İslam ən kamil dindir

 

İslam bütün dinlərdən öz kamilliyi ilə fərqlənir. Buna görə də, İslam cəmiyyətə hər hansı başqa dindən daha çox faydalıdır. Bu həqiqət İslamın başqa dinlərə və ictimai cərəyanlarla müqayisəsi zamanı daha qabarıq şəkildə aşkar olur.

Allah-Təala tarix boyu heç vaxt insanlığı ilahi rəhbərsiz və yolgöstəricisiz qoymamışdır. Lakin bəşəriyyətin azğınlığa doğru meyli nəticəsində peyğəmbərlərin demək olar ki, hamısı güclü müqavimət və düşmənçiliklə qarşılaşmışlar. Onların bəzisi öz ümməti tərəfindən işgəncələrlə öldürülmüş, bəzisi sürgün edilmiş, təhqir olunmuşdur. Peyğəmbərlərin müəyyən qismi öz ümməti içində müvəffəqiyyət qazansa da, onların vəfatından sonra camaat yenidən küfr və cəhalətə doğru qayıtmışdır. Allah elçilərinin hamısının ilahi təlimləri, moizə və nəsihətləri, müqəddəs kitabları təhrif olunmuşdur. Lakin Allah heç zaman insanlara olan lütf və mərhəmətini kəsməmiş, onlara yeni peyğəmbərlər göndərmişdir. Məsələn, Həzrəti Musa peyğəmbərin (ə) vəfatından sonra onun təbliğ etdiyi müqəddəs "Tövrat" kitabının mətni dəyişdirildi və Musanın (ə) dini yəhudilik (iudaizm) adı altında fəqət bir millətə - yəhudilərə aid edildi. Allah həmin ümmətə digər böyük peyğəmbəri - İsanı (ə) və müqəddəs "İncil"i göndərdi. Lakin Həzrəti İnsanın (ə) öz xalqı onu dandı, "İncil"in mətinini təhrif etdi. Nəticədə xristianlıq adlı üçallahlı, anlaşılmaz bir din meydana gəldi.

Belə bir şəraitdə, VII miladi əsrin əvvələrində Allah-Təala təhlif olunmuş dinləri və ilahi kitabları bərpa etmək, təkallahlığı qərərlaşdırmaq məqsədilə son peyğəmbəri - Həzrəti Məhəmmədi (s) və son ilahi kitab olan Qurani-Kərimi göndərdi. Peyğəmbirimizin (s) təbliğ etdiyi İslam özündən əvvəlki dinlərin nöqsanlarını ifşa edib düzəltməyə və ürəklərdə əsil imanı, həqiqi etiqadı diriltməyə xidmət edir. İslamın gəlişiylə bütün başqa dinlər (buddizm, iudaizm, xristianlıq, atəşpərəstlik və s.) öz qüvvəsini itirdi. –ünki kamil bir din olan yerdə qeyri-kamil dinlərə ehtiyac yoxdur.

İslam ümumbəşəri dindir və bütün bəşəriyyətə ünvanlaşmışdır. Qurani-Kərimdə Allah-Təala Məhəmməd peyğəmbərə (s) xitabən buyurur: "Səni aləmlərə rəhmət (mərhəmət) kimi göndərdik " (Ənbiya, 107).

Heç də təsadüfi deyil ki, Qurani-Kərimin yüzlərlə ayəsi "Ya əyyuhən-nas" (Ey insanlar!) və "Ya əyyuhəl-ləzinə amənu" (Ey iman gətirmişlər!) xitabı ilə başlanır.

Təhlif olunmuş dinlərlə İslamın əsas fərqlərindən biri və ən əsası onların müqəddəs kitablarının bir-birindən kəskin fərqlənməsidir. Belə ki, "Tövrat" və "İncil" katiblər tərəfindən nə qədər təhriflərə məruz qalmışdırsa, Quran mətni öz nöqsansızlığı və toxunulmazlığı ilə insanı bir o qədər valeh edir. Qurani-Kərim əvvəldən-axıra saf İslam əqidəsinin bəyanedicisidir və "Tövrat"dakı bir çox kobud, nalayiq nöqsanlardan (Allahın insan cildinə girib Yəqub peyğəmbərlə (ə) güləşməsi və məğlub olması, Nuh peyğəmbərin (ə) şərab içib sərxoş halda yıxılması, Lut peyğəmbərin sərxoş vəziyyətdə doğma qızları ilə evlənməsi, Davud peyğəmbərin (ə) ərli qadına gözü düşməsi və s. bu kimi mənasız ifadələrdən) tamamilə uzaqdır.

Vaxtilə Həzrət İsa peyğəmbər (ə) tərəfindən təkallahlı hənif dini kimi təbliğ edilmiş, lakin sonralar büsbütün təhrif olunaraq İsanı (ə) Allahın oğlu, həm də Allah saymış xristianlıq da İslamla tam ziddiyyət təşkil edir. Xristianlıqdan fərqli olaraq, dinimiz üç Allaha, yaxud üçlü təbiətli Allaha imanı qətiyyətlə rədd edir və insanlığı qeyd-şərtsiz vahid Allaha doğru səsləyir. Dünya şöhrətli filosof Bertran Rassel (1872-1970) bu barədə fikirlərini belə ifadə edirdi: "Məhəmmədin dini sadə bir təkallahlıq idi. O, Allah haqqında anlayışların batini mahiyyətini əyib-burmamış və axırda dolaşıq-anlaşılmaz şəklə düşməmişdir".

Elm və sənətə münasibət məsələsində də İslam həmişə xristianlıqdan fərqlənmişdir. Orta əsrlər Avropasında alimlər və ixtiraçılar inkivizasiya məhkəməsinə çəkildikləri halda, müsəlman ölkələrindəki kitabxana və mədrəsələrdə oxuculara və tələbələrə təqaüd ödənilir, iş vəsaiti verilirdi. Qərb alimləri etiraf edirlər ki, xristian dünyası bugünkü naliyyətlərin çoxunu müsəlmanlardan mənimsəmişlər. Məşhur tarixçi Viktor Robinson Orta əsrlərin müsəlman və xristian mədəniyyətlərini müqayisə edərək yazırdı: "Avropanın yüksək məqamlı şəxsiyyətləri sənədə qol çəkməyi bacarmadıqları halda, müsəlman İspaniyasında mədrəsələrdə azyaşlı uşaqlar müxtəlif elmlərin sirrinə yiyələnirdilər. Avropanın xristian kilsə rahiblərinin başı dini mətnləri oxumağa qarışdığı halda, Kordovada (İspaniya) əzəmətli İskgəndəriyyə kitabxanası ilə müqayisə edilə biləcək nəhəng kitabxana yaradılmışdı".

Yəqin elə bu səbəbdən də məşhur fransız marifçisi Volter (1694-1778) İslama qarşı öz heyranlığını gizlədə bilmirdi: "İlahi, kaş bütün Avropa xalqları müsəlmanları özlərinə nümunə götürəydilər!"

Görkəmli rus yazıçısı L.N.Tolstoy (1828-1910) isə məktublarının birində açıqca etiraf edirdi: "Əgər ağıllı insan İslamı, yaxud provaslavlığı seçmək zərurəti qarşısında qalsa, şübhəsiz, İslamı seçər".

İslam dini Yaradan barəsində öz dəqiq və ciddi təsəvvürləri ilə hinduizm, buddizm və atəşpərəstlik kimi dinlərdən tamamilə ayrılır. Budda və Krşnanın yarıallahi, yarıbəşəri təbiəti barədə təlimlər, habelə Xeyir və Şər dualizmi İslamdakı Allah anlayışının tam ziddinədir. Hinduizmin əsasını təşkil edən tənasüx (ruhun bir bədəndən digərinə keçərək bir neçə ömür yaşaması) nəzəriyyəsi İslamda batil və əsassız sayılır.

Hinduizmdəki sinifli cəmiyyət və ciddi kasta sisteminin əksinə olaraq, İslam dinində hamı Allah qarşısında bərabər və eynihüquqlu elan edilir. Bizim dinimizə görə, zənci və ağdərili, ərəb və əcəm, varlı və kasıb, kəndli və şəhərli bərabər hüquqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyır. Üstünlük vəzifədə, sərvətdə, əsil-nəcabətdə deyil, yalnız imanda və əməli-salehlikdədir: "Allah yanında sizlərdən ən sevimli şəxs ən təqvalı olandır (yəni Allahdan ən çox qorxub, günahlardan çəkinəndir)". (Hücurat, 13).

Məşhur fransız şərqşünası Qustaf Le Bon "İslam və ərəb mədəniyyəti" adlı kitabında İslamın sair dinərdən üstünlüyünü ümumiləşdirilmiş şəkildə belə ifadə edir: "Başqa dinlərdə rast gəlinən dolaşıqlıq və ziddiyyətlərin heç biri İslamda görünmür. Nə qədər fikirləşsəniz də, İslamın bu əsas prinsipindən sadə bir şey tapa bilməzsiniz: Allah təkdir, bütün insanlar Allah qarşısında bərabərdilər. Elə bu səbəbdəndir ki, xeyli xristian İslamı daha üstün sayıb onu qəbul edir".

Allah-Təala İslam dininin üstünlüyünü və yeganə düzgün təlim olduğunu dananlara xatibən tam qətiyyətlə bəyan edir: "Hər kəs İslamdan başqa bir dini seçsə, ondan qəbul olunmayacaqdır və o, axirətdə zərar çəkənlərdəndir". (Ali-İmran, 85).

 Ana səhifə >>>