Bunları bilmek vacibdir

Hicri-qəməri təqvimi

Hicri-qəməri tarixi miladi tarixlə 638-ci ildə qəbul edilib. 622-ci ildə Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə hicrət etmişdir. Hicrət Səfər ayının 24-də başlanmış, Rəbiyül-əvvəl ayının 8-dək davam etmişdir. Rəbiyül-əvvəlin 9-da Peyğəmbər (s) Mədinəyə daxil olmuşdur. Həmin gün - hicri-qəməri təqvimində ilin başlanğıcı olan 1 Məhərrəmdən 68 gün keçirdi. Müsəlman ərəblər 68 günü heçə sayaraq, müsəlman erasını Rəbiyül-əvvəlin 9-dan deyil, Məhərrəmin 1-dən hesablamağa başladılar. Həmin il Məhərrəmin 1-i (miladi) 622-ci ilin 16 iyuluna, cümə gününə təsadüf edirdi.>>>

 

Din

Din - "yol, təriqə, qayda" deməkdir. Eyni zamanda, Allah tərəfindən peyğəmbərləri vasitəsilə bildirilən ilahi əmrlərin, qadağaların və hökmlərin hamısına birlikdə din deyilir.

 

Islam

İslam - lüğətdə "boyun bükərək təslim olmaq" deməkdir. Həmçinin, Allahın hökmlərinə tabe olmaq mənasını bildirir. Əgər İslam dinini bir ağaca bənzətsək, o zaman aydın olar ki, onun beş kökü (üsul) və on budağı (füru) vardır. Bu haqda növbəti yazılarda ətraflı məlumat ala bilərsiniz.

 

Müsəlman

Müsəlman - lüğətdə "təslim olmuş, tabe olmuş" mənaları ilə yanaşı olaraq, o kəsə deyilir ki, Allaha, peyğəmbərə, məada, cənnətə, cəhənnəmə, mələklərə və Qurana inanmaqla, Allah-Təalanın itaətində olsun, dilindən, əlindən heç kəsə bir ziyan dəyməsin.

 

Kəlmeyi-teyyubə (gözəl kəlmələr)

1.La ilahə illəllah (Allahdan başqa heç bir ilahi varlıq yoxdur).

2.Muhəmmədən rəsulullah (Məhəmməd Allahın rəsuludur).

3.(Şiə məzhəblilərdə müstəhəbbi olaraq) Əliyyun vəliyullah (Əli Allahın vəlisidir).

 

Kəlmeyi-şəhadət (şəhadət kəlmələri)

1.Əşhədu ən la ilahə illəllah (Şəhadət verirəm ki, Allah təkdir (vahiddir), şəriki yoxdur).

2.Əşhədu ənnə Muhəmmədən rəsulullah (Şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur).

3.(Şiə məzhəblilərdə müstəhəbbi olaraq) Əşhədu ənnə əmirəlmumininin Əliyyən vəliyullah (Şəhadət verirəm ki, əmirəlmöminin Əli Allahın vəlisidir).

 

Üsuliddin (dinin kökləri)

Dinin rüknləri əsasən ikidir: üsuliddin (dinin kökləri) və füruiddin (dinin budaqları). Bu baxımdan, İslam dinini bir ağaca oxşadırlar. Ağacın yerin altında kökləri, üstündə isə gövdəsi və budaqları olur. Onların vəhdəti ağac anlayışını verir. Bu səbəbdən də üsuliddin və füruiddin İslam dini üçün kök və budaq mənasında işlədilir. Ağacın kökləri onun əsasını və qidalanmasını təşkil etdiyi kimi, üsuliddin də İslamın əsasını və kökünü təşkil edir. Üsuliddin insanın mənəvi və ruhani aləmini qidalandırmaq, tərbiyələndirmək, və mühafizə etmək üçün verilmiş qanundur. Bunu insan öz batini (daxili) aləmində qəbul edir. Onun qəbul edib-etməməsini zahirdə bilmək olmaz. Müsəlman həm də o kəsə deyilir ki, üsuliddini səmimi qəlbdən və vicdanı ilə qəbul edib, ona inansın. Üsuliddin beş maddədən ibarətdir:

1. Tövhid - Allahın vahidliyinə inanmaq və Onu şəriksiz bilmək.

2. Ədl - Dünyada hər şeyin hesab və nizam üstündə qurulmasına və Allahın adil olmasına inanmaq.

3. Nübuvvət - 124 min peyğəmbərin haqq olmasına inanmaq.

4. İmamət - Peyğəmbərdən (s) sonra Həzrət Əli (ə) və onun on bir övladının imamlığını və rəhbərliyini qəbul etmək.

5. Məad - Qiyamət günü yenidən dirilib, dünyada etdiyimiz yaxşı-yaman işlərimizə görə Allahın hüzurunda hesab verəcəyimizə inanmaq.

 

Füruiddin (dinin budaqları)

"Dinin budaqları" adlandırılan füruiddin insanın bədəninin tərbiyə və mühafizəsi üçün Allah-Təala tərəfindən verilmiş qanundur. Füruiddin, eyni zamanda, insanın və insan cəmiyyətinin cismani cəhətdən səhhət və mühafizəsini təmin edən tədbirlər və qanunlardır.

Füruiddin 10 maddədən ibarətdir:

1. Namaz - Gündə beş dəfə Allaha yaxın olmaq məqsədi ilə namaz qılmaq.

2. Oruc - Müsəlmanların hər il Ramazan ayında dan yeri söküləndən axşam gün batanadək haram işlərdən və yeyib-içməkdən çəkinmək.

3. Həcc - Kifayət qədər vəsaiti və səfər üçün fiziki qüvvəsi olan hər bir müsəlmanın ömründə bir dəfə Kəbə evini ziyarət etməsi.

4. Cihad - Allah yolunda müqəddəs savaş.

5. Xüms - İldə bir dəfə hər bir müsəlmanın artıq qalan malının beşdə birini Allah yolunda verməsi.

6. Zəkat - Hər bir müsəlmanın malının müəyyən hissəsini kasıblara və xeyir işlərə xərcləməsi.

7. Əmr be-məruf (yaxşı işə çağırmaq) - Hər bir müsəlman insanları haqq yoluna, yaxşı işlərə dəvət etməlidir.

8. Nəhy əz-münkər (pis işlərdən çəkindirmək) - Hər bir müsəlman insanları pis yoldan qaytarmalı və onları günah işlər görməkdən çəkindirməlidir.

9. Təvəlla - Allahın dostları ilə dostluq etmək.

10. Təbərra - Allahın düşmənləri ilə düşmən olmaq.

 

İman

"İman"ın lüğəti mənası "bir insanı doğru-düzgün sözlü bir kimsə olaraq qəbul etmək, ona inanmaq" deməkdir.

Dini qəbul edib, ona əməl etməyə iman deyilir. İmanın altı şərti vardır və belə ifadə edilir:

* Allaha iman.

* Onun mələklərinə iman.

* Allahın kitablarına iman.

* Allahın peyğəmbərlərinə iman. * Axirət gününə iman. * Qəza və qədərin xeyrinə və şərinə iman.

 

Mömin

Dini və imanı qəbul edən şəxslərə "mömin" deyilir. Yəni Allahı tək bilən, Allahın göndərdiyi Qurani-şərifə inanan, ərkani dinə (dinin əsası və sütunları deməkdir) əməl edən, Qiyamət gününə, cənnət və cəhənnəmə şübhə etməyən şəxslərə "mömin" deyilir.

 

Peyğəmbər

"Nəbi" - "ərəbcə", "peyğəmbər" isə farsca - "xəbər aparan" mənalarını özündə ehtiva edir. Yəni Allah-Təala ilə insanlar arasında "xəbər aparıb-gətirən şəxs". Allah-Təala insanlara doğru yolu göstərmək üçün əmrlərini, qanunlarını peyğəmbərlərin vasitəsi ilə bildirmişdir. >>>

 

Mələklər

"Mələk" kəlməsinin cəmi "məlaikə deməkdir və "qüvvət, xəbərçi, elçi" mənalarını verir. Mələklər cisimdir, lətifdir, nuranidirlər, diridirlər, ağıllıdırlar. İnsanlarda olan şər, yamanlıq, mələklərdə yoxdur. Hər şəklə girə bilərlər. Mələklərin başlıca vəzifəsi yorulmadan, usanmadan Tanrıya ibadət və itaət etməkdir. Mələklər heç vaxt günaha batmırlar. təqsirkar olmurlar. Onların pis işlərini təsəvvür etmək də mümkün deyildir, çünki nəfssiz olaraq yaradılmışlar. Onlar həmişə Allahı zikr edirlər.

Mələklər çoxdur və sayı bizə dəqiq bəlli deyil. Mələklərin bir-birindən üstünlükləri vardır. Ən üstünləri bunlardır:

1. Cəbrail (ə) - onun vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağanları bildirməkdir. Eyni zamanda, Allahın qismətini yazmaq və Qiyamət günü hamının hesabını verməkdir. Dini əsatirə görə, nəhəng boya malik olub, ayaqları yer üzərində, başı isə buludlara toxunan məxluqdur.

2. Mikail - onun vəzifəsi ucuzluq, bahalıq, qıtlıq, bolluq, iqtisadi qayda-qanun (nizam), firavanlıq və asayiş gətirmək, bütün kainata göz yetirmək, hər bir maddəni hərəkət etdirməkdir.

3. İsrafil - Qiyamət gününün gəlib çatdığını xəbər vermək üçün (Qiyamət ərəfəsində) öz surunu (şeypurunu) çalacaq. O, suru iki dəfə üfürəcəkdir. Birincisində bütün insanlar öləcəkdir. İkincisində isə hamısı təkrar diriləcəkdir. Təfsirlərə görə, İsrafilin ayaqları yerin aşağı qatlarında, başı isə Allahın taxtı yanındadır. Onun dörd qanadı olub, bədəni tüklə, ağızla və dillə örtülmüşdür. Hər gün - gündə üç dəfə və gecə üç dəfə cəhənnəmə baxıb dərddən və rəhmdillikdən zar-zar ağlayır.

4. Əzrail - insanların canını alan və ölənlərin ruhunu canından çıxardandır. Təfsirlərə görə, Əzrailin dörd üzü, dörd min qanadı var. Bədəni yer üzündəki insanların sayı qədər göz və dillə örtülmüşdür. Əzrail ona kömək edən mələklərlə hər gün (hər bir) evə iki dəfə baş çəkir ki, kimin əcəli yetişdiyini bilsin. Ölən kafirdirsə, onun ruhunu cəsəddən güclə çəkib çıxarır, yox əgər mömindirsə, onun canını rahatlıqla alır.

 

QURAN

Müqəddəs kitabımız Qurani-Kərimdir. O, Allah kəlamıdır və oxşarı olmayan ulu yazıdır. "Quran" ərəbcə "qərəə" kökündən - "oxumaq" və ya bir çox hallarda "ucadan ibarə ilə oxumaq" mənasına uyğun gələn söz kökündən əmələ gəlmişdir. Quranın tam yazılı mətni yalnız Peyğəmbərin (s) vəfatından sonra ərsəyə gətirilmişdir. >>>

 

İbadət

"İbadət" ərəbcədən tərcümədə "Allaha xidmət etmək" deməkdir. Bu anlayış beş vəzifənin yerinə yetirilməsini nəzərdə tutur:

* Kəlmeyi-təyyibəni və kəlmeyi-şəhadəti dillə deyib, ürəkdə ona əməl etmək

* Namaz

* Oruc

* Zəkat

* Həcc

Bundan əlavə, Allahın qadağan (haram) buyurduqlarından çəkinmək və Allahın buyurduğu işləri (halal) yerinə yetirmək də bura daxildir.

 

Əhkam

İnsanların həyatda dini vəzifələrini müəyyənləşdirən İslamın əməli göstərişlərinə "əhkam" deyilir.

Hər bir işi ki, insan əmələ gətirir, o əməlin İslamda xüsusi hökmü vardır. Bu, elə hökmlərdir ki, əməli işlərimizdə, boynumuza gələn təklifləri izah edir və yol göstərir. Bu hökmlər beş hissədən ibarətdir: vacib, müstəhəbb, haram, məkruh və mübah.

1. Vacib - o işlərdir ki, gərək yerinə yetirilə və o əməli tərk etməyin müqabilində insanı əzab gözləyir (məsələn, namaz və oruc kimi vacib olan ibadətlər).

2. Müstəhəbbi - o işə deyərlər ki, onu yerinə yetirmək yaxşıdır və savabı vardır, lakin insan o işi tərk etsə, onu əzab gözləmir (məsələn, salam vermək və sədəqə paylamaq kimi xeyirxah işlər).

3. Haram - o işlərdir ki, gərək insan onları tərk edə. Yox, əgər insan o işlərdən əl çəkməsə, onda da insanı əzab gözləyir (məsələn, böhtan atmaq, yalan danışmaq və zülmkarlıq kimi bəd əməllər).

4. Məkruh - o işlərdir ki, onu tərk etmək yaxşıdır və o iş görülməsə, savabı vardır. Lakin o iş görülsə belə, onun əzabı yoxdur (məsələn, həddindən çox yemək, çox yatmaq və s.).

5. Mübah - o işlərə deyirlər ki, onu yerinə yetirmək və ya tərk etməyin nə əzabı var, nə də ki, savabı (məsələn, yol getmək və ya oturmaq və s.).

 

Qüsllər

Ən vacib qüsllər yeddidir. Bu yeddi qüsldən yalnız cənabət qüslündən sonra namaz qılmaq olar. O birilərindən sonra mütləq dəstəmaz alıb namaz qılınmalıdır:

1. Cənabət qüslü.

2. İstihazə qüslü. Bu qüslü qadınlar heyzdən 10 gün sonra edirlər.

3. Heyz qüslü. Bu qüslü qadınlar 3 günlük heyz xəstəliyindən sonra edirlər. 4. Nifas qüslü. Bu qüslü də qadınlar doğuşdan 10 gün sonra edirlər.

5. Meyit qüslü. Ölünü yuyub, pak edəndən sonra ona 3 qüsl verilir: - sidr ilə;

- kafur ilə;

- xalis su ilə.

6. Meyitə əldəymə qüslü. Bu, meyitə əl dəyən adama vacibdir.

7. Nəzir və ya and qüslü. Nəzir edir və and içir ki, qüsl edəcəyəm.

Eyni zamanda, ütün qüsllər iki qismə bölünür:

1. Tərtibi (hissə-hissə).

2. İrtimasi (birdəfəlik su ilə əhatə olunma).

Bütün qüsllərə niyyət vacibdir: "pak olmaq üçün su ilə qüsl edirəm, vacib qürbətən iləllah" (Allaha yaxınlaşmaq üçün).

Və ya "pak olmaq üçün suyun dibinə baş vurmaqla qüsl edirəm, vacib qürbətən iləllah".

tərtibi qüslün qaydası

a) yuyunmaq, b) pak olmaq, c) niyyət etmək.

Niyyət etdikdən sonra suyu başdan boğaza qədər tökmək lazımdır. Sonra suyu sağ çiyinə, daha sonra sol çiyinə - ayaq barmaqlarına qədər tökmək lazımdır ki, bədəndə zərrə qədər su damcıları dəyməyən yer qalmasın.

irtimasi qüslün qaydası

İnsan özünü birdəfəlik suyun altına vurub, başı suyun içinə girən kimi niyyət etməlidir. Əgər su dayazdırsa, sinəyə qədər suda dayanır, niyyət edib suya batır, sonra suyun içində ayaqları ilə təkan verib oradan (sudan) çıxmalıdır.

 

Təyəmmüm

Su tapılmasa, yaxud vaxtın azlığından və xəstəlikdən dəstəmaz almağa imkan olmasa, dəstəmaz əvəzinə təyəmmüm edilir. Təyəmmüm dəstəmaz və qüslü əvəz edir. Bu iş təmiz torpaqla, daşla, qumla icra olunur.

Təyəmmümün qaydası

Niyyət: təyəmmüm edirəm dəstəmaz əvəzinə (qüsl əvəzinə) qürbətən iləllah.

* Hər iki əli qoşalaşdırmalı, əllərin içini pak torpağa, quma, daşa (hansı olsa) vurmaq lazımdır.

* Alnı məsh etmək: əlləri qoşalaşdırıb başın tük bitən yerindən, qaşların üstündən burunun ucuna qədər çəkmək lazımdır.

* Sonra sol əlin içi ilə sağ əlin üstünə (biləkdən barmaqların ucuna qədər) çəkir və eyni olaraq sağ əlin içi ilə sol əlin üstünə də əvvəlki qayda ilə məsh çəkir.

 

Dəstəmaz

Dəstəmazdan qabaq bədən üzvləri (əl, üz, ayaq və s.) pak olmalıdır. Dəstəmaz vaxtı onlar quru olmalıdır. Dəstəmaz pozularsa, namaz qılmaq üçün yenidən dəstəmaz almaq lazımdır. Namaz üstə dəstəmaz pozularsa, namaz batil olur. Buna görə, yenidən dəstəmaz almaq vacibdir. >>>

 

Azan

"Azan" ərəbcə bildirmək, elan etmək deməkdir. Müsəlmanları namaza səsləyən azan yeddi cümlədən ibarətdir. Beş vədə vacib namazların vaxtı çatdıqda müəzzin məscidin minarəsindən və ya hündür bir yerdən onları elan edir.

Diqqətinizə çatdıraq ki, sübh namazı üçün azan adətən iki dəfə verilir: biri namazın vaxtından 20 dəqiqə əvvəl - namaza hazırlığı bildirir və təharətin, təmizliyin icrası ələ əlaqədardır. İkinci azan isə namaza başlamaq üçün verilir.

 

Iqamə

İqamə azandan sonra və namazdan əvvəl oxunur.

 

Namaz

"Namaz" fars sözüdür, ərəbcə ona "səlat" deyilir. Namaz insanın Allaha itaətinin ifadəsidir. Şəriətə görə, hər bir müsəlman gündə beş vaxt (sübh, zöhr, əsr, şam, xiftə) namaz qılmalıdır. Namaz füruiddinin birinci rüknünü təşkil edir. Namaz müsəlmanların vacib olaraq icra etdiyi ibadət formasıdır. Şəriətə görə, hər bir müsəlman gündə veş vaxt, 17 rəkət olmaqla namazı icra etməlidirlər. >>>

 Ana səhifə >>>