QMİ sədri növbəti videokonfransda çıxış etdi

24 iyul 2020 / Özbəkistan
 
Əziz dostum, qardaşım
Usmanxon Alimov həzrətləri!
Özbəkistan Dini Komitəsinin sədri,
hörmətli Abduqapur Axmedov cənabları!
Azərbaycanın Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri,
hörmətli Mübariz Qurbanlı cənabları!
Hörmətli elm və din xadimləri, millət vəkilləri,
əziz dostlar!
 
Bu onlayn konfrans vasitəsilə sizləri salamlayır, hamınıza Uca Allahdan xeyir-dualar diləyirəm.
Mən, ilk növbədə, bu əlamətdar gündə əziz və möhtərəm qardaşım, özbək xalqının böyük oğlu, Özbəkistan dövlətinin lideri, Zati-aliləri Şavkat Mirziyoyevi anadan olmasının 63 illiyi münasibətilə təbrik etmək istəyirəm. Adını tarixin qızıl səhifələrinə yazan dəyərli Şavkat Mirziyoyev cənabları türk dünyasının tanınmış şəxsiyyəti kimi Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. Bu gün Peyğəmbər yaşına qədəm qoyan Zati-alilərinə Allahdan möhkəm cansağlığı, uzun ömür, Özbəkistanın parlaq gələcəyi və uğurlu inkişafı naminə görəcəyi bütün işlərə xeyir-dualar diləyirəm. Allahın mərhəmət nəzəri hər zaman Özbəkistan dövlətinin, xalqının və onun ali rəhbəri Şavkat Mirziyoyev cənablarının üzərinizdə olsun!
Hörmətli konfrans iştirakçıları!  Müstəqil Azərbaycan həm milli-mənəvi, həm də bəşəri dəyərlərin hamısı olaraq çıxış edir. Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev cənablarının elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl dəyərli töhfəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Bu yaxınlarda Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi 130-dək dövlət, o cümlədən qardaş Özbəkistan tərəfindən təqdir edildi və koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər ediləcəyinə ümid yaratdı. Bildiyiniz kimi,  bu xəstəlik minlərlə insanın ölümünə bais olmuş, cəmiyyətin sağlamlığına böyük təhlükə yaratmış, ölkələrin iqtisadi və mədəni əlaqələrinə ciddi zərbə vurmuşdur. Biz sizinlə bütün dünya dövlətləri və xalqları üçün gözlənilməz fəlakət olan çətin bir zamanda – viruslu xəstəliyin pandemiyası dönəmində görüşsək də, əminik ki, Allahın rizası ilə birliyimiz sayəsində ölkələrimiz bu fəlakətin öhdəsindən gələcəkdir, inşallah. Bizim birliyimiz – tarixin sınaqlarından keçmiş nailiyyətimiz, qardaşlıq salnaməmizdir.
Bu gün müstəqil Azərbaycanın və Özbəkistanın ən böyük nailiyyəti qardaş xalqların öz milli və dini dəyərlərini qoruması və bərpa etməsidir. Bu mədəni məziyyətlərinə görə qədim Özbək diyarı dünya müsəlmanlarının diqqətini yenidən cəlb etdi və ilk olaraq 2007-ci ildə Özbəkistanın paytaxtı Daşkənd İslam mədəniyyətinin mərkəzi elan edildi. Daha sonra bu ənənəni Azərbaycanın qədim diyarı Naxçıvan davam etdirərək 2018-ci ildə İslam mədəniyyətinin növbəti mərkəzi seçildi. Beynəlxalq İslam təşkilatı ISESCO tərəfindən 2020-ci ildə Özbəkistanın qədim şəhəri Buxaranın İslam mədəniyyətinin paytaxtı elan edilməsi isə bizi  çox məmnun edən əlamətdar hadisəyə çevrildi.
Azərbaycanın və Özbəkistanın bu şərəfli şəhərlərinin bütün İslam dünyası və özəlliklə, türk müsəlman mədəniyyəti üçün əvəzolunmaz əhəmiyyəti vardır. Hər iki ölkənin İpək Yolu üzərində yerləşməsi möhtəşəm müsəlman mədəniyyətinin yaranmasına, eyni zamanda Avropa intibahının təşəkkülünə rəvac vermişdir. Tarix boyu Özbəkistan və Azərbaycan, eləcə də bütün Qafqaz xalqlarının taleyində Şirvanın, Gəncənin, Buxaranın, Səmərqənd və Daşkəndin xüsusi rolu olmuş, elmi-iqtisadi və mədəni əlaqələrin formalaşmasına mühüm təsir göstərmişdir. Əbəs yerə deyil ki, İslam dünyasının ali təhsil mərkəzlərindən olan Buxara çoxsaylı Qafqaz din xadimlərinin elm və irfan məktəbi sayılmışdır və bu gün də sayılmaqdadır. 
Hörmətli konfrans iştirakçıları! Bildiyiniz kimi, mənim gənclik və tələbəlik illərim Buxarada, Səmərqənddə və Daşkənddə keçmişdir. Mənim bir din xadimi və Şeyxülislam kimi formalaşmağımda özbək xalqının, onun din alimlərinin və mütəfəkkirlərinin böyük rolu olmuşdur. Böyük məmnuniyyət hissi ilə qeyd etməliyik ki, bu gün elmi-maarifləndirici irsin qorunmasında Özbəkistan Prezidenti, Zati-aliləri Şavkat Mirziyoyevin müstəsna rolu vardır. Zati-aliləri Şavkat Mirziyoyev  insanların həyat dincliyinə, firavanlığa, gənc nəslin gələcəyinin təmin edilməsinə yönəlmiş ictimai islahatlarla özbək xalqının tarixi kimliyinin, bəşər mədəniyyətinə bəxş etdiyi dini-mənəvi dəyərlərin yenidən canlanmasına nail olmuşdur.
Mən xüsusilə Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyevin şəxsimə olan münasibəti və hörməti ilə daima fəxr edirəm, onunla Daşkənddə və Bakıda olan görüşlərimi, səmimi söhbətlərimi ehtiramla xatırlayıram. 70 illik yubileyim münasibətilə Özbəkistanın dövlət rəhbəri tərəfindən ölkənin ali mükafatı olan “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəf və qürur mənbəyidir. Çox arzu edirəm ki, Azərbaycan və Özbəkistan arasındakı elmi, mədəni və dini əlaqələr öz inkişafını yeni mərhələlərlə davam etdirsin, xalqlarımız üçün səmərəli və uğurlu olsun.
            Bu gün dünyada baş verən terrorizm, radikalizm, islamofobiya hallarına qarşı mübarizədə  Özbəkistan Azərbaycanın islami birlik çağırışını dəstəkləyir, sülh və demokratiya yolunda bərabər addımlar atılır. Bizim məqsədimiz Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış və İslam Həmrəyliyi çağırışı ilə yeni mərhələyə daxil olmuş münasibətlərin inkişafıdır. Çünki biz həmişə eyni etnik köklərə malik, tarixi və mentaliteti bir-birinə bənzəyən qardaş xalqlar olmuşuq və bu gün də çox məmnunuq ki, iki qardaş və dost liderlər - Zati- aliləri Şavkat Mirziyoyev və İlham Əliyev cənabları  Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə yardım edirlər. Biz fəxrlə təşəkkür edirik ki, Zati-aliləri Şavkat Mirziyoyev və özbək xalqı hər zaman Azərbaycanın dostu olduğunu bəyan edir, bizim üçün önəm daşıyan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi probleminə münasibətdə Özbəkistan dövləti öz prinsipial mövqeyini və dəstəyini nümayiş etdirir. Təəssüflə qeyd etməliyəm ki, son günlərdə sərhəd bölgəmiz olan Tovuzda növbəti dəfə Ermənistan tərəfin təxribatları nəticəsində
atəşkəs pozulmuş, zabitlərimiz və əsgərlərimiz şəhid olmuş, mülki əhali arasında insan tələfatı baş vermiş, dini-mədəni abidələrimizə zərər dəymişdir. Biz baş verənlərlə əlaqədar beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə rəsmi müraciətlər etmişik. Ümidvarıq ki, hər zaman olduğu kimi qardaş Özbəkistan dövləti hərbi münaqişələrin beynəlxalq sülh prinsipləri əsasında həllinin tərəfdarı olacaq, Azərbaycanın  ərazi bütövlüyünün tanınmasına  dair öz dəyişməz mövqeyini və dəstəyini yenə də davam etdirəcəkdir.
Hörmətli iştirakçılar!  Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsi və Özbəkistan Müsəlmanları Dini İdarəsi ilə qarşılıqlı münasibətlərin təməlində mənim əziz qardaşım, müfti həzrətləri Usmanxon Alimovla olan dostluğumuz və iki idarə arasındakı uzun illik əməkdaşlıq təcrübəsi durur. Mən xüsusi olaraq Özbəkistan Dini Komitəsinin sədri hörmətli Abduqapur Axmedova, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinə və onun hörmətli sədri Mübariz Qurbanlıya, müfti Usmanxon Alimov həzrətlərinə bu önəmli tədbirin təşkilinə görə təşəkkürlərimi bildirmək istəyirəm. Bu konfransda hər iki ölkənin elmi, dini və siyasi ictimaiyyəti üçün tarixi əhəmiyyət kəsb edən birgə memorandumun qəbul edilməsinə xeyir-dua verir, konfransın işinə uğurlar arzulayıram. İslam dünyasının əziz günü - qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə qardaş Özbəkistan və Azərbaycan müsəlmanlarını təbrik edirəm. Allah-Təaladan xalqlarımızın rifahı naminə böyük fədakarlıq göstərən hər kəsə sonsuz xeyir-dualar diləyir, dostluq və qardaşılığımızın əbədi olmasını Uca Yaradandan təmənna edirəm! Allah ümmətimizi və bütün dünyamızı bəlalardan hifz eləsin !Amin.   
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh.
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 336