QMİ sədri İordaniya Haşimi Krallığının səfirini qəbul etdi

 
 
23.01.2020
            Yanvarın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya Haşimi Krallığının ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi qəbul etdi.
            Səfiri səmimi salamlayan və ona ölkəmizdəki fəaliyyətində uğurlar diləyən QMİ sədri Azərbaycanla İordaniya arasında tarixən yaxın əlaqələrin mövcudluğunu qeyd etdi, qardaş ölkələrimiz arasında bütün sahələr, o cümlədən, mədəni-mənəvi sahədə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. Hələ sovetlər dönəmindən ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müstəqillik dönəmində bu əlaqələrin daha da dərinləşdiyini vurğulayan Şeyxülislam A. Paşazadə, dövlət rəhbərlərimiz arasında – Ulu Öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya liderləri Kral Hüseyn və Kral II Abdulla arasında səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu dövlətlərimiz və xalqlarımız üçün böyük nemət kimi dəyərləndirdi. İordaniya  İslam Mədəniyyəti Kral Akademiyasının həqiqi üzvü olması ilə fəxr etdiyini, 2007-ci ildə I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunmasından qürur duyduğunu bildirən QMİ sədri bu ölkəyə çoxsaylı səfərləri, iştirak etdiyi mötəbər tədbirlər barədə təəssüratlarını bölüşdü, oradakı tanınmış insanlar arasında dostlarını xatırladı.
           İordaniyalı səfir QMİ sədrinə səmimi qəbul üçün minnətdarlığını bildirdi və Şeyxülislama ölkəsinin tanınmış din xadimlərinin əsərlərindən hədiyyə etdi.
         Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olundu.
 
              
 QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 208