Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar şəhidlərinin xatirəsini anma tədbiri keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. A. Paşazadə bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş 20 Yanvar faciəsi nə qədər zaman keçsə də əsla unudulmayacaq. Milyonlarla azərbaycanlının qəlbinə azadlıq toxumu səpən 20 Yanvar faciəsindən 30 il keçir. Amma zaman bu günün ağrısını və yaratdığı qürur hissini qəlbimizdən silə bilməz. Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-Təalanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir. Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində canlarından keçən şəhidlərimiz bizim müstəqil, azad yaşamağımız üçün öz canlarını fəda ediblər. Şəhidlik bir zirvə, qəhrəmanlıq məktəbidir.

Şeyxülislam vurğulayıb ki, 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

Diqqətə çatdırılıb ki, bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Beləliklə, 20 Yanvar xalqımızın birlik və vəhdətini təcəssüm etdirən məqama çevrildi. Qafqaz Müsəlmanları İdarəsi xalqımızın ağır günlərində faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri oldu, hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi, yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili – bütün bunlar QMİ-nin fəaliyyətinin yalnız görünən tərəfi idi. O məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və xalqa həqiqi mənəvi dəstək oldu.

A. Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılması, haqq işimizə dəstək qazanılması, törədilən cinayəti bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilməsi üçün var qüvvəsi ilə çalışdı.

Dini lider olaraq, zamanında SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini nümayiş etdirmiş Şeyxülislam təəssüf hissi ilə deyib ki, 20 Yanvar faciəsi bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Azərbaycan xalqının tam mənəvi haqqı var ki, öz qatillərini - M.Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də var. QMİ bu günədək 20 Yanvar faciəsinin hər ildönümündə dünya ictimaiyyətinə ünvanlı bəyanatlarında bunu təkidlə israr edir.

Şeyxülislam deyib ki, məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra 20 Yanvar faciəsi əsl hüquqi-siyasi qiymətini aldı. 1994-cü il mart ayının 29-da Azərbaycan parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. O vurğulayıb ki, şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir.

Şəhid ailələrinin hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan A.Paşazadə deyib: “Biz inanırıq ki, Allahın köməyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək. Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq”.

Bütün Qafqazın şeyxi 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verərək onlara Allahdan rəhmət diləyib.

Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış edərək 20 Yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən danışıblar. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə, ilk növbədə, milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda, tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanatı oxunub.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Oxunub : 753