Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib

 
15.11.2019
Noyabrın 15-də Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib.
 
 Baş Nazirin müavini, Sammitin Təşkilat Komitəsinin sədri Əli Əhmədov dini liderlərin bir araya gəlməsinin heç də asan olmadığını bildirib. “Lakin Azərbaycanda formalaşmış tolerantlıq mühiti ölkəmizi elə bir məkana çevirib ki, burada fərqli dinlərin nümayəndələrinin bir araya gəlməsi mümkün olub”, - deyə o əlavə edib.
 
Əli Əhmədov bildirib ki, iki gün ərzində Sammitdə çox dəyərli fikirlər səsləndirildi. Prezident İlham Əliyevin tədbirdəki nitqi kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Müasir cəmiyyətimizi düşündürən elə məsələlər var ki, bu məsələlər yalnız dialoq yolu ilə həll oluna bilər. Dini zəmində baş verən problemlərin həllində dini liderlərin üzərinə böyük vəzifələr düşür. Dini rəhbərlərin mənəvi nüfuzu bu baxımdan ən əsas resurslardan biridir. Müasir dünyada dini rəhbərlərin cəmiyyətdə birləşdirici rolunun artırılmasına ehtiyac var.
 
Sammitin böyük uğurla başa çatdığını vurğulayan Baş Nazirin müavini əmin olduğunu bildirib ki, tədbir ölkəmizdə dinlərarası anlaşmaya öz töhfəsini verəcək.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək. Bu tədbir Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə keçirildi. “Buna görə də dövlətimizin başçısına və birinci xanıma bütün din xadimləri adından təşəkkür edirəm. Müasir dünyada bu kimi tədbirlərə böyük ehtiyac var”, - deyə Allahşükür Paşazadə qeyd edib.

Oxunub : 167