QMİ sədri Çeçenistana səfər edib.

 
23.08.2019
Avqustun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfər edib. Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü ilə bağlı tədbirdə, eləcə də Qroznı yaxınlarında yerləşən Şali şəhərində Məhəmməd peyğəmbər məscidinin açılış mərasimində iştirak etmək məqsədilə gerçəkləşən Qroznı səfərində Şeyxülislam həzrətləri ilə birlikdə MM sədrinin birinci müavini Ziyafət Əsgərov, DQİDK sədri Mübariz Qurbanlı, eləcədə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də olublar. Səfər çərçivəsində Şeyxülislam həzrətlərinin Çeçenistan başçısı Ramzan Kadırov ilə görüşü baş tutub. Şeyxülislam A. Paşazadə Ramzan Kadırova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. O,  Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun əziz xatirəsini yad edib, onun davamçısı Ramzan Kadırovun başçılığı altında qardaş Çeçenistanın son illərdə əldə etdiyi böyük nailiyyətləri qeyd edib.
Çeçenistan başçısı Ramzan Kadırov öz növbəsində Şeyxülislam A. Paşazadənin bütün Qafqazın dini lideri olduğunu vurğulayaraq ona öz dərin ehtiramını bildirib.
Səfər çərçivəsində Şeyxülislam həzrətləri Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını ziyarət edib və mərhumun ruhuna dualar oxuyub.
Eyni zamanda, QMİ sədri tədbirdə iştirak edən bir sıra xarici qonaqlarla, o cümlədən, Səudiyyə Ərəbistanın Kralı Salman bin Səudun xüsusi müşaviri, şeyx Səəd Nasir Əl-Şitri ilə görüşüb. Görüş zamanı cənab Əl-Şitri Şeyxülislama Kral Salmanın Səudiyyə Ərəbistanını ziyarət etmək dəvətini çatdırıb. İki ölkə arasında dini-mənəvi əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirən A. Paşazadə, cənab Əl-Şitridən Kral Salman bin Səud həzrətlərinə dəvət üçün öz təşəkkürünü və salam-dualarını çatdırmasını xahiş edib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 127