Şeyxülislam Allahşükür Paşazadə həzrətləri müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində çıxış edib

23.05.2019 
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm Prezident İlham Əliyev cənabları !
Dəyərli qonaqlar!
 
 
Allah-Təalanın mübarək Ramazan ayının iftar süfrəsində Sizləri salamlayır, qonaqlarımıza, xüsusən dövlət rəhbərimiz, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məclisimizdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından və şəxsən öz adımdan salam-dualarımı və dərin minnətdarlığımı bildirirəm. Burada iştirak edən dəyərli din və dövlət xadimlərinə, dini konfessiya rəhbərlərinə, millət vəkillərinə, xarici ölkələrin nümayəndələrinə təşəkkür edirəm.
 
Qurani-Kərimin nazil olduğu, duaların qəbul edildiyi mübarək Ramazan ayında İftar mərasimində Sizinlə görüşmək böyük dəyər kəsb edən əlamətdar ənənəyə çevrilib. Bu qardaşlıq məclisini bizlərə əmanət etmiş böyük insan, dahi dövlət xadimi, mənim unudulmaz, əziz qardaşım – Ulu Öndər Heydər Əliyevdir.
Hər il biz onun şəxsiyyətinin dəyər və miqyasını, ucalıq və müdriklik zirvəsini bir daha kəşf edir, əziz xatirəsini böyük ehtiramla yad edirik. Heydər Əliyev bizə müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət etdi. Xalqımıza, dövlətimizə müdrik rəhbər bəxş etmiş dahi Heydər Əliyevə və möhtərəm Zərifə xanıma Allah rəhmət eləsin, ruhları şad olsun!
Zati-aliləri!  Azərbaycan torpagına qədəm basan hər kəsin şahidi olduğu tərəqqi və uğurların təməlində Siz -- dövlət rəhbərimizin fəaliyyəti və müdrik siyasəti durur. Sizin həyata keçirdiyiniz siyasətin yaşam gücü dövlət – xalq birliyində, Prezident - vətəndaş həmrəyliyindədir.  Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.
Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verir. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik Bakı prosesinin müəllifi məhz möhtərəm dövlət başçımız İlham Əliyevdir. Azərbaycanın birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə geniş miqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın  inkişafına öz töhfəsini verir.
Möhtərəm cənab Prezident! Biz Sizin dünya səviyyəsində qəbul olunan qlobal ideyalarınızdan ilham alaraq bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm və tolerantlıq modelini böyük qürurla təqdim edirik.
Zati-alilərinizin xeyir-duası və təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məramı nadir multikulturalizm modelinin yaradılması və inkişafına dair qlobal ideyalarınızı təbliğ etməkdir. Məhz bu məramla, inşallah, bu ilin iyununda Mərkəzimiz tərəfindən BMT-nin Cenevrə İnsan haqları və qlobal dialoq mərkəzi, habelə KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinin həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyi, Avstriya dövlətinin ali dəstəyi və iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-ə yaxın din və dövlət nümayəndələrinin, elm və ictimaiyyət xadimlərinin iştirak edəcəyi Beynəlxalq konfrans keçiriləcəkdir.
Dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimiz adına uğur və Sizin siyasətinizin təntənəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya çapında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır. Azərbaycanda beynəlxalq ictimaiyyəti narahat edən problemlərin həlli yönündə dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri arasında səmərəli fikir mübadiləsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır. Biz Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ilə əməkdaşlıqda Zati-ailərinizin irəli sürdüyü istiqamətlər yönündə yeni əməli layihələr üzərində işləyirik.
Fərəhləndirici haldır ki, ölkəmiz 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş birinci Sammitinin davamı olaraq sivilizasiyalararası dialoqun inkişafına daha bir töhfə verməyə hazırlaşır. Zati-alilərinizin Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə sərəncamı, heç şübhəsiz, tarixi bir qərar oldu. Müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə önəmli töhfə olacaq bu beynəlxalq tədbirin dəyərini zaman və dünya ictimaiyyəti verəcəkdir.
Zati-aliləri! Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım Ulu Öndərin Bibiheybətdən başlatdığı ali mənəviyyat yoluna sadiqliyinizi hər zaman əməli səylərinizlə nümayiş etdirirsiniz.
Ali himayənizi heç vaxt əsirgəmədiyiniz, xalqımız üçün müqəddəs məkan sayılan Təzəpir məscidinin ətrafında aparılan abadlaşdırma işləri, genişləndirilən ərazidə salınan möhtəşəm xiyaban, məscidin ilkin tarixi layihəsinə uyğun yenidən qurulması barədə iradəniz — bütün bunlar milli-mənəvi dəyərlərimizə, tariximizə olan yüksək qayğının təzahürü, xalqımıza böyük hədiyyədir. Zati-alilərinizin mənəvi irsimizə sahib çıxaraq şəxsi vəsaitiniz hesabına XX əsrdə Vladiqafqazda azərbaycanlı xeyriyyəçi Muxtarov tərəfindən inşa edilmiş məscidi tam bərpa etdirməniz isə bütün Qafqaz bölgəsi müsəlmanlarına, orada yaşayan soydaşlarımıza böyük hədiyyədir. Möhtərəm cənab Prezident! Cənabınıza xas yüksək mənəvi xüsusiyyətlərdən biri də odur ki, Siz təkcə İslam deyil, bütün dinlərin dini-mədəni irs nümunələrinə sahib çıxaraq, ölkəmizdəki, həmçinin ölkə xaricindəki istər xristian, istər yəhudi məbədlərinə eyni dərəcədə diqqət və himayə göstərirsiniz.
Peyğəmbərimiz Mühəmməd Salavatullahın hədisində buyurulur ki, insanların ən xeyirlisi xalq üçün daha faydalı olanıdır. Zati-aliləri! Azərbaycanın iqtisadi qüdrətinin artırılması yönündə səyləriniz, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrində fəal iştirakımız, sosial layihələrə verdiyiniz dəstək -- xalqımızın rifahı, dövlətimizin mənafelərinə xidmət edir. Siz və Mehriban xanım bütün vətəndaşlara həyatın ən çətin məqamlarında - təbii fəlakətlərdə, yanğınlarda, baş verən faciələrdə yüksək insani dəyər verir, onların problemlərinə diqqətlə yanaşırsınız. Dünyanın inkişaf etmiş dövlətlərinin miqrant böhranını aradan qaldıra bilmədiyi bir dövrdə Siz, möhtərəm cənab Prezident, Azərbaycan qaçqın və məcburi köçkünləri üçün böyük qayıdış planları həyata keçirirsiniz. Cocuq Mərcanlıda Zati-alilərinizin inşa etdirdiyi məscidin, aparılan quruculuq işlərinin mənəvi önəmi xalqımız üçün sözlə ifadə olunmayacaq qədər böyükdür.
Ölkəmizdə həyatın bütün sahələrində gerçəkləşdirdiyiniz islahatlar, Novruzda bayram sevincinə çevrilən əfv fərmanınız – xalqımızın nəzərində böyük humanistliyin təzahürü, əsl liderə xas əzəmət və siyasi qüdrət nümunəsidir.
Zati-aliləri! Qədirbilən xalqımız Sizin səy və əməllərinizin – dövlətimizin uğurlu gələcəyinə xidmət etdiyindən əmindir. Lakin bizi istəməyən, gözü götürməyən bədxah qüvvələr Azərbaycanı bu qədər inkişaf etmiş gördükcə böhtan və iftiralarla xalq-dövlət birliyini pozmağa çalışırlar. Təəssüf ki, bədxah qüvvələr Azərbaycana qarşı mübarizələrində bəzən soydaşlarımızdan da istifadə etməyə çalışırlar. Şeyxülislam olaraq, soydaşlarımıza üzümü tutaraq bildirmək istəyirəm ki, Vətəni sevmək imandandır və dəvət edirəm ki, Allahın hər zaman açıq olan Tövbə qapılarından keçib doğru yola qədəm qoysunlar, xalqımızın, dövlətimızın mənafelərini hər şeydən uca tutsunlar.
Bu yaxınlarda 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi gündən-günə geriləyən, maddi və mənəvi iflasa uğrayan, demoqrafik böhran yaşayan Ermənistan üçün ağır zərbədir. Ordumuzun artan qüdrəti, insanlarımızın Sizə sədaqəti bədxahları narahat edir, hətta dini zəmində qarşıdurma yaratmaq, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olan daxili və xarici qüvvələr də yox deyildir. Lakin bu cür insanlar heç nəyə nail olmayacaqlar. Allahın köməyi və Azərbaycan xalqının dəstəyi həmişə Sizinlədir, möhtərəm cənab Prezident! Sizi əmin etmək istəyirəm ki, apardığınız siyasi xəttin qələbəsi yolunda hər zaman sizin yanınızdayıq! Biz, dindarlar, Sizi dövlət rəhbəri kimi Məkkədə – müqəddəs məkanda seçmişik, xeyir-dualar vermişik və seçimimizə sadiqik. Allah-Təala hər zaman haqqın tərəfindədir!
Zati-aliləri! 70 illik yubileyim və Şeyxülislamlıq fəaliyyətimin 40 illiyi münasibətilə verdiyiniz ali qərar və sərəncamınızla cənabınıza xas olan böyüklük nümayiş etdirərək, şəxsimə, Azərbaycan xalqı, dövlətçiliyimiz, müqəddəs dinimiz yolunda xidmətlərimə böyük dəyər verdiniz. 40 il ərzində Şeyxülislam olaraq dini mərkəzimizi Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi saxlaya bilmiş, Sizin, cənab Prezident, dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa nail olmuşuq. Bu illər ərzində İdarəmizə, şəxsimə olan hörmət və diqqətiniz, özəl münasibətiniz, fəaliyyətim barədə dəyərli fikirləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Zati-alilərinizin məni dost, qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm və bu yüksək etimadınızla fəxr edirəm. Hər zaman, hər yerdə qürurla deyirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat vardır, Heydər Əliyev yolunun davamı və Uca Yaradanımızın xeyir-duası vardır.
Möhtərəm cənab Prezident! Bizim yeganə problemimiz, ağrılı yerimiz Qarabağ problemidir ki, onun da tezliklə Allahın köməkliyi və Ali Baş Komandanımızın əzmi, qətiyyəti sayəsində torpaqlarımızın azad olunacağına əminik. Bu əziz gündə Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah-taala bizə Sizin rəhbərliyinizlə müzəffər ordumuzun igid əsgəri, göz nurunuz, oğul Heydər Əliyevin əzəli torpaqlarımıza zəfər bayrağı sancmasını görməyi bizlərə nəsib etsin, inşallah! Bu müqəddəs və mübarək Ramazan ayında Zati-alilərinizə və möhtərəm ailənizə ən gözəl arzularımızı yetiririk. Uca Allah hər zaman Sizi qorusun, yardımçınız olsun!
Müqəddəs Ramazan ayında etdiyimiz dualar qəbul olar, inşallah! Bu niyyətlə hamıya — dəvət olunan mötəbər qonaqlara, dini konfessiyaların möhtərəm başçılarına, diplomatik nümayəndələrə bir daha “Xoş gəlmisiniz!” deyir, Allahdan hər birinizə xeyir-dualar diləyirəm!
 
            Allah-Təala Azərbaycanı hifz eləsin! Amin!
 
 

 *Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1007