V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib


03.05.2019

Xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək Azərbaycan dövlətinin din siyasətinin əsas hədəfləri sırasındadır.

Bu sözləri mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib. A.Paşazadə qeyd edib ki, ölkəmizdə bütün dinlərin mənsublarına bərabər şərait yaradılıb, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün lazımi tədbirlər görülüb. Azərbaycanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan QMİ sədri bu prosesdə fəal iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycandakı tolerant mühitin bütün dünyaya nümunə olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.

 
 

Oxunub : 289