QMİ sədrinin birinci müavini Moskvada keçirilən dinlərarası forumda iştirak edib.

Martın 25-də Moskvanın "Prezident" mehmanxanasında “Dinlərarası sülhə nail olmağın yolları: ilahiyyatçıların, diplomatların və ictimai xadimlərin rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans Rusiyanın Müsəlmanları Ruhani Məclisi, Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla İş üzrə Şurası, Rus Pravoslav Kilsəsi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, İSESCO və Pravoslav Fələstin Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Tədbirdə dünyanın 39 ölkəsindən tanınmış ilahiyyatçı, diplomat, alim, ekspert və ictimai xadimlər iştirak etdilər. Konfransın təşkilatçıları və iştirakçılarına Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskva şəhərinin meri Sergey Sobyan tərəfindən salamlama xitabları göndərilib.
Konfransda sülhün və beynəlxalq sabitliyin qorunması üçün dinlərarası dialoqun rolu barədə geniş fikir mübadiləsi aparıldı. Konfrans iştirakçıları dinlərarası sülhün qorunması, müxtəlif dinlər və mədəniyyətlərin nümayəndələri arasında əməkdaşlıq, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və dostluq mühitinin qorunub saxlanması məsələlərində Rusiyanın, eləcə də digər ölkələrin təcrübəsi haqqında danışdılar.
Azərbaycan dindarlarını təmsil edən Qafqaz Müsəlmanları İdarəsinin Birinci müavini, müfti Salman Musayev tədbirdə çıxış edib. Dünyanın bir çox yerlərində dini və etnik nifrət zəminində baş verən terror aktlarına diqqətləri çəkən natiq ekstremizmə, radikalizmə, islamofobiya və ksenofobiyaya qarşı mübarizənin yalnız bütün dövlətlərin, siyasi xadimlərin və dini qurumların birgə səyləri ilə mümkün olduğunu ifadə edib. O, xüsusilə vurğulayıb ki, ənənəvi dinlər arasındakı dialoqun dərinləşməsi istiqamətində gənclər ilə işləmək, onların şüurlarının zərərli ideologiyaların təsiri altına düşməsinin qarşısını almaq, onlara nifrət və anti-humanist fikirlərin aşılanmasını önləmək vacibdir. Salman Musayev öz çıxışında Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə apardığı geniş beynəlxalq miqyaslı fəaliyyətindən, şəxsən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin dünyada, o cümlədən, post-sovet məkanında konfessiyalar arası və millətlər arası sülhə verdiyi böyük töhfələrdən bəhs etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə xüsusilə toxunan Salman Musayev demişdir: “Dini liderlər olaraq biz hərbi deyil, beynəlxalq hüququn və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə yardım göstərən bütün səyləri alqışlayırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yüksək vasitəçilik missiyası üçün Rus Pravoslav Kilsəsinə dərin minnətdarlığımı bildirmək istəyirik.”
Qeyd edək ki, QMİ sədrinin dinlərarası sülh və əməkdaşlıq istiqamətində sərf etdiyi səylər Konfransın yekun sənədində öz əksini tapmışdır.

Oxunub : 1175