Azərbaycan – tolerantlıq və inkişaf ölkəsi

01.02.2019
Xəbər verdiyimiz kimi, ötən həftə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla Parlamentlərarası Dostluq Komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə görüşüb.
Nümayəndə heyətinin sədri bu görüş və Azərbaycanla bağlı təəssüratlarını öz ölkəsindəki nüfuzlu “Ər-Riyad” qəzetində dərc etdirib. Fayez bin Abdulla Əl-Şəhrinin yazısını dəyərli oxucularımızın diqqətinə təqdim edirik.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam  Allahşükür Paşazadə ilə səmimi söhbətimiz Azərbaycanda görəcəyim yeganə dini və məzhəb tolerantlığı durumunun göstəricisi olmadı. Bakını gəzərkən, istər rəsmi şəxslərlə görüşərkən, istərsə də adi sakinlərlə ünsiyyət qurarkən məndə bir daha əminlik yarandı ki, Azərbaycanın həqiqətən də tolerantlıq və inkişaf ölkəsidir.
Nümayəndə heyətimizin üzvləri paytaxt Bakının məscidlərində bəzi vacibi namazlarımızı qıldığımız zaman maraqlı mənzərə  ilə üzləşdi - sünni və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar. Onu da öyrəndik ki,  Şeyxülislam Hacı Allahşükür Paşazadə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini lideridir. O, Gürcüstanda, Rusiyanın Şimali Qafqaz respublikalarında yaşayan sünni və şiə məzhəblərindən olan müsəlmanların hər birinin məzhəbinə görə fətva verir.
Azərbaycandakı birgəyaşayış nümunəsi diqqəti cəlb edən yeganə məsələ deyil, 30 ildən az bir müddət ərzində bu ölkənin sürətli inkişafı heyrət doğuran işdir. Şərqlə Qərbin qovşağında yerləşən bu ölkə 1991-ci ildə- Sovetlər Birliyinin süqutundan sonra  müstəqillik qazanıb. Qərb qonşusu Ermənistan tərəfindən silahlı təcavüzə  məruz qalıb, Azərbaycanın 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi hələ də işğal altındadır. Rəsmi Bakı isə işğalla barışmaq istəmir, ərazi bütövlüyünü təmin etmək üçün var gücü ilə  mübarizə aparır.
Beynəlxalq qurumların hesabatlarından da bəlli olur  ki, Azərbaycan iqtisadiyyatı həyata keçirilən  islahatlar nəticəsində inkişaf edir, bu sahədə əhəmiyyətli addımlar atan ilk 10 ölkənin birinə çevrilib.
Azərbaycan xalqı qonaqpərvərliyi, qapısını döyən hər kəsə diqqət və səxavət göstərməsi ayrı bir mövzudur. Burada qonağa kəklikotlu, limonlu, nanəli, yaxud gülablı çay, mürəbbə təqdim olunur.  Azərbaycan mətbəxinin müxtəlif çeşidli ləziz təamları, xüsusilə də məşhur plov qonaqları heyran edir. Paytaxt Bakı inanılmaz dərəcədə sürətlə inkşaf edir, müasirləşir, lakin bunula yanaşı qədimliyini, əsrlərdən gələn adət-ənənələrini də unutmur. 
Səfər zamanı ziyalılarla görüşlərim zamanı bir məsələni də hiss etdim. Azərbaycanlılar ailəyə  böyük önəm verir, mədəni dəyərlərə sayğı göstərir, qədimliklə müasirlik arasında balans yara bilmələri ilə fəxr edirlər. Bunu evlərdə qonaq olarkən, Bakının mərkəzində əcnəbi turistlərlə dolu mağazaları gəzərkən də hiss etmək mümkündür. Hər addımda suvenirlər, qədim əşyalar satılan mağazalara rast gəlirsən.
Sanki burada hər şey insanların rahatlığı, firavanlığı üçün düşünülüb. Necə deyərlər,  insanları məmnun etmək çox vacibdir, əgər dərk edilən olmasa belə...
 
Dr. Fayez bin Abdula Əl-Şəhri,
Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla Parlamentlərarası Dostluq Komitəsinin sədri.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 231