Azərbaycan nümayəndə heyəti Daşkənddə İslam abidələri və məscidlərlə tanış olub

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkənddəki İslam abidələrinə və məscidlərə baş çəkib.
 
Nümayəndə heyətinin üzvləri “Barak xan” mədrəsəsində olub, dindarlarla görüşüblər.
 
Allahşükür Paşazadə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb, din sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib və Özbəkistanda təhsil aldığı illəri xatırlayıb.
 
Nümayəndə heyətinin üzvləri “Moy Mubarak” mədrəsəsində saxlanılan “Qurani-Kərim”in dadir nüsxəsi ilə tanış olublar. Bildirilib ki, VII əsrə aid “Qurani-Kərim”i Səmərqəndə XIV əsrdə Əmir Teymur gətirib.
 
Qonaqlar Dimam Buxari adına Daşkənd İslam İnstitutuna da səfər ediblər. Təhsil ocağının müəllim və tələbə heyəti ilə keçirilən görüşdə şeyxülislam Allahşükür Paşazadə bildirib ki, o, əvvəlcə Buxaradakı “Mir Ərəb” mədrəsəsində, sonra isə bu institutda təhsil alıb.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı instituta “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını hədiyyə edib.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Daşkənd İslam Universitetinə də baş çəkib.
 
 
 
 
 
 

Oxunub : 1984