IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

 
            
O Bir Olan Yaradanın adı ilə!
Möhtərəm Forum iştirakçıları!
 
Azərbaycan torpağında sizləri salamlayır, adətimiz üzrə «Xoş gəlmisiniz» deyirəm.
 
Bugünkü mötəbər qlobal tədbirdə iştirak edən bütün siyasi, ictimai və din xadimlərinə xeyirxah əməllərində Ulu Tanrıdan uğurlar diləyirəm.
 
Müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi O Bir Olan Yaradanımızın istəyidir. Bu ali həqiqət heç zaman unudulmamalıdır ki, Uca Rəbbin yaratdığı bəşər ailəsinin üzvləri olaraq bizləri birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən, ayıran amillərdən qat-qat möhkəm və mühümdür
 
Siyasi, iqtisadi, milli və dini zəmində narahatlıqlar yaşanan zəmanəmizdə Mədəniyyətlərarası Dialoqa dair növbəti Forumun Bakıda keçirilməsi məntiqi qərar kimi dəyərləndirilməlidir. Müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki,  dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa, inkişaf etməyə qadirdir.
 
Məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilmişdir. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tuğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Zati-aliləri Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində  dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Azərbaycanın birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə geniş miqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilməsinə ali xidmətdir. 
 
Bizim xalqımız, dövlətimiz bu uğurlara Ulu Öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etdi. Dahi şəxsiyyət olaraq mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına, Azərbaycan cəmiyyəti daxilində  milli, dini, məzhəblərarası harmoniya məsələlərinə hər zaman xüsusi diqqət yetirirdi. «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi olan ulu öndərimiz tolerantlıq, multikulturalizm kimi ümümbəşəri önəm kəsb edən dəyərləri məhz Azərbaycanın nümunəsində dünya miqyasında analoqu olmayan bir fenomenə çevirməyə müvəffəq oldu.
 
Beləliklə, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelini, mədəniyyətlərarası dialoq və əməkdaşlığın yüksək təzahürü olan multikultural həyat tərzini qloballaşan dünyaya təqdim edir.
 
Bu günlər növbəti ildönümünü qeyd etdiyimiz Ulu Öndərin zəngin mənəvi irsi həqiqətən tək bizim ölkəmiz, bölgəmiz deyil, dünya çapında bəhrələnəsi bir xəzinədir. Bu müdrik mənəviyyat yolunun məhək ideyalarının tədqiqi və təbligi bəşərin ümumi rifahına, dünyamızda müxtəlif mədəniyyət daşıyıcıları olan insanlar arasında dialoq və əməkdaşlığın yüksəlişinə xidmət etmək iqtidarındadır. Çox şadam ki , Ulu Öndər Heydər Əliyevin mənəviyyat məktəbinə layiqli dəyər verilərək, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ayrıca bir bölümü məhz bu mövzuya həsr olunmuşdur.
 
MÖHTƏRƏM TƏDBİR İŞTİRAKÇILARI! Dini lider olaraq, mən bugünkü nüfuzlu beynəlxalq tədbirə öz xeyir-dualarımı yetirir, Forumun işinə uğurlar diləyirəm. Əminəm ki, bugünkü forum dünyada sülhün və əmin-amanlığın, mədəniyyətlərarası harmoniyanın güclənməsinə öz layiqli töhfəsini verəcəkdir, inşallah.
  Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirin işinə rəvac versin! AMİN!
 
 
 Allah-Təala müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur:
«Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız, öyrənəsiniz deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allahın Nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edəninizdir» (Hucurat, 13).
 
 
 
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1886