Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə QMİ-də görüş

 
Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Azərbaycandakı digər konfessiyaların rəhbərlərinin də qatıldığı tədbiri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə açaraq qonaqları salamlayıb. Şeyxülislam həzrətləri belə tədbirlərin əhəmiyyətindən danışıb, ABŞ, Almaniya, Rusiya, İtaliya, Portuqaliya, Çexiya, Yunanıstan, Polşa, Rumıniya, Gürcüstan, Qazaxıstan, Misir və Vyetnamdan gələn gənclərin ölkəmizə səfərini müsbət qiymətləndirib, Azərbaycan reallıqlarını əyani şəkildə görmək imkanı qazandıqlarını bildirib.QMİ sədri ölkəmizdəki din-dövlət münasibətləri, bu sahədə son illərdə görülən işlər haqqında Qış Məktəbinin iştirakçılarına ətraflı məlumat verib. Şeyxülislam həzrətləri qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, din-dövlət münasibətlərində də müsbət nəticələr əldə edib, dinin cəmiyyətdəki rolunu düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bununla bağlı çox mühüm addımlar atıb. QMİ sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar da dövlət vəsaiti hesabına təmir və bərpa edilib, dini icmalara maliyyə yardımı ayrılıb. İslam ölkəsi olan Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa böyük töhfə verməkdədir. Burada səmavi dinlərin ardıcları sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Multikultural dəyərlərə, tolerantlığa önəm verən Azərbaycanda heç vaxt dinlər və məzhəblərarası münaqişə baş verməyib. Dünyanın müxtəlif ölkələrində Azərbaycandakı bu modelin bir nümunə kimi öyrənilməsi də təsadüfi deyil. Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin, Roma Papası Fransiskin Azərbaycana səfərlərini, məsciddə dindarlar qarşısında çıxışlarını, Bakıdan dünyaya verdikləri sülh və barış mesajlarını xatırladıb.

QMİ sədri Qış Məktəbinin iştirakçılarına Qarabağ problemi barədə də məlumat verib, Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərində vandalizm törətdiklərini qeyd edib. Qəsb olunan yaşayış məntəqələrində məscid və qəbiristanlıqlarla yanaşı digər dinlərə məxsus məbədlərin də dağıdıldığını xatırladıb. Şeyxülislam həzrətləri bildirib ki, iqtisadi və hərbi cəhətdən qüdrətlənən Azərbaycan öz ərazilərini azad etməyə qadirdir, lakin problemin sülh yolu ilə həlinin tərəfdarıdır. 25 il öncə baş verən Xocalı qətliamı barədə danışan QMİ sədri bildirib ki, dünya ictimaiyyətinə bu faciə barədə dolğun məlumat vermək üçün “Xocalıya ədalət!” kampaniyası keçirilir.
 
Ötən il Azərbaycanda “Multikulturalizm ili” olduğunu xatırladan Şeyxülislam Allahşükür Paşazadə deyib ki, 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilib. İl ərzində Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə müxtəlif tədbirlərin keçiriləcəyini deyib.
 
Şeyxülislam həzrətləri Beynəlxalq Qış Məktəbinin iştirakçılarına uğurlar arzulayıb, Azərbaycan reallıqları barədə öz ölkələrində obyektiv fikir formalaşdıracaqlarına inandığını bildirib.
 
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin ölkəmizdəki ordinarisi Vladimir Fekete, Dağ Yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının sədri Robert Mobili ölkəmizdəki tolerantlıq mühiti barədə qonaqlara məlumat veriblər.
 
Sonda Şeyxülislam Allahşükür Paşazadə Qış Məktəbinin iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
 
Qonaqlara QMİ-nin müxtəlif dillərdə nəşr etdirdiyi kitablar hədiyyə olunub.
 
 
 
 
 
.
 
 
.
 

Oxunub : 1182