Jurnalistlərə sertifikatlar təqdim edildi

  
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurası ilə birgə jurnalistlər üçün “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda treninq təşkil edib.
Dekabrın 8-də treninqin yekunları ilə bağlı tədbir keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək mətbuatın ölkəmizin həyatında oynadığı vacib roldan danışdı. Şeyxülislam həzrətləri media təmsilçiləri üçün “Milli-mənəvi dəyərlər və KİV” mövzusunda treninqin keçirilməsini mühüm hadisə adlandırdı, belə vacib tədbirə dəstək verdiyinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova təşəkkür etdi.  
Qafqaz Müsəlmanları İdarəsinin sədri belə tədbirlərin davamlı olması üçün addımlar atılacağını diqqətə çatdırdı, dini icmalara mətbuat nümayəndələri arasında əlaqələrin inkişafına nail olmağın vacibliyini qeyd etdi. Şeyxülislam həzrətləri ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu xatırlatdı, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə xidmətlərini xüsusi qeyd etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin cəmiyyətdə maarifçilik sahəsində həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirdi və dövlət-din münasibətlərinin inkişafına töhfə verdiyini qeyd etdi. Mübariz Qurbanlı rəhbərlik etdiyi komitənin mətbuat təmsilçiləri üçün belə treninqlərin gələcəkdə də keçirilməsinə dəstək verəcəyini bildirdi.
Sonra söz Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşova verildi. Mətbuat Şurasının sədri jurnalistlər arasında ixtisaslaşmanın vacibliyini qeyd etdi, aparıcı KİV nümayəndələrinin təmsil olunduğu belə treninqlərin vacibliyini bildirdi. Əflatun Amaşov bu işə verdiyi dəstəyə görə Şeyxülislam Allahşükür Paşazadəyə və komitə sədri Mübariz Qurbanlıya minnətdarlıq etdi.
Treninq iştirakçıları adından çıxış edən Akif Qurbanoğlu,  Bəturə Nəbiyeva və Almaz Qasımova yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər, belə tədbirlərin davamlı olması üçün təkliflərini diqqətə çatdırdılar.
Sonda treninqi uğurla başa çatdıranlara sertifikatlar, QMİ-nin nəşr etdirdiyi kitablar və pul mükafatı təqdim olundu.
 
 
 
 
 

Oxunub : 1376