Qafqaz Müsəlmanları İdarəsində toplantı keçirildi

 Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması münasibəti ilə toplantı keçirildi. Qurani-Kərimin tilavəti ilə başlanan mərasimdə İslam dini uğrunda və ərazi bütövlüyümüzün qorunası yolunda canlarından keçən şəhidlər ehtiramla yad olundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə toplantını açaraq ölkəmizin həyatında mühüm hadisələr baş verdiyini diqqətə çatdırdı. Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinə toxunan Şeyxülislam həzrətləri referendumun uğurla başa çatdığını, xalqımızın ölkə başçısının siyasətinə növbəti dəfə dəstək verdiyini bildirdi. QMİ sədri qeyd etdi ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə kömək edəcək. Şeyxülislam Allahşükür Paşazadə dindarlarımızın da səsvermədə aktiv iştirak etdiyini bildirdi. QMİ sədrinin sözlərinə görə, din xadimləri həmişə olduğu kimi, daim dövlətçiliyi müdafiə edir, ölkə rəhbərinin milli-mənəvi dəyərlərə göstərdiyi diqqəti yüksək dəyərləndirir, dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan qüvvələrə layiqli cavab verirlər.
Şeyxülislam həzrətləri Məhərrəm ayının başlanması münasibəti ilə QMİ Qazılar Şurasını fətva hazırladığını bildirdi, Aşura mərasiminin mövcud qanunlara uyğun, ictimai asayişi qorumaqla keçirilməsi üçün tapşırıqlarını verdi.
QMİ sədrinin müavini Hacı Fuad Nurullah Qazılar Şurasının fətvasını mərasim iştirakçılarının diqqətinə çatdırdı. Fətva yekdilliklə qəbul olundu. (Fətvanın tam mətni ilə saytımızda tanış ola bilərsiniz).
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Səyavuş Novruzov, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, QMİ sədrinin səlahiyyətli nümayəndələri Hacı Şahin Həsənov, Hacı Surxay Məmmədov fikir və mülahizələrini bildirdilər.
Toplantıda həmçinin Malik Bilalovun QMİ-nin Zaqatala rayonu üzrə Qazısı vəzifəsinə təsdiq olunması məsələsinə də baxıldı.  
Mərasimə yekun vuran Şeyxülislam həzrətləri tövsiyə və tapşırıqlarını verdi.
Sonda mərasim iştirakçılarına ehsan verildi.

Oxunub : 1844