İcma rəhbərinin yubileyi qeyd olunub

 “Əjdərbəy məscidi” dini icmasının sədri Hacı Həmdulla Babayevin 60 yaşı tamam olub. Nəsimi Rayon İcra Hakimiyyətində bununla bağlı tədbir keçirilib. Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, Azərbaycan dövləti dini və milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət ayırır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu dövlət siyasətini Prezident İlham Əliyev ardıcıl və uğurla davam etdirir.
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon ərazisində yerləşən Əjdərbəy məscidinin ölkənin dini və ictimai həyatında mühüm rol oynadığını deyib, “Əjdərbəy məscidi” dini icmasının sədri Hacı Həmdulla Babayevin fəaliyyətini müsbət qiymətləndirib. Asif Əsgərovun sözlərinə görə, 2004-cü ildən bu icmaya sədrlik edən Hacı Həmdulla Babayev azərbaycandakı mövcud dini tolerantlığın, multikultural mühitin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğinə öz töhfəsini verməyə çalışır. Ölkəmizdə keçirilən beynəlxalq və respublika səviyyəli forumlarda, konfranslarda rayon dindarlarını layiqincə təmsil edir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 60 illiyi münasibəti ilə Hacı Həmdulla Babayevi təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb və xatirə hədiyyəsi bağışlayıb.
“Əjdərbəy məscidi” dini icmasının sədri Hacı Həmdulla Babayev ona göstərilən diqqət və qayğıya görə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq edib, Prezidentin elan etdiyi “Multikulturalizm ili” çərçivəsində həyat keçirilən tədbirlərdə “Əjdərbəy məscidi” dini icmasının bundan sonra da fəallıq göstərəcəyini deyib.

Oxunub : 3214