Azərbaycan nümayəndə heyəti Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri ilə görüşüb

 
 
25.11.2019
 
Noyabrın 25-də Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov ilə görüşüb.
 
Vyaçeslav Bitarov Azərbaycan və Şimali Osetiya xalqları arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün davamlı işlər görüldüyünü deyib. Bildirib ki, uzun illər qonşuluq şəraitində yaşayan xalqlarımız arasında dostluq münasibətləri var.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinin tərkibində həm dövlət rəsmilərinin, həm də ölkəmizdəki müxtəlif konfessiya rəhbərlərinin iştirak etdiklərini deyib. Qeyd edib ki, bu amil Azərbaycanda mövcud olan multikulturalizmin əyani sübutudur.
 
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələrin əsas istiqamətlərini iki ölkənin prezidentləri müəyyənləşdirir və xalqların qarşılıqlı maraqları nəzərə alınır.
 
Səfər çərçivəsində Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidi də ziyarət olunub. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, hazırda məscidin ətrafında da abadlıq işləri davam etdirilir.
 
Nümayəndə heyəti, həmçinin Alaniya Tarix Muzeyində olub.
 

Oxunub : 1381