Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Zurab Pataradzeni qəbul etdi

 10.10.2019
Oktyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul etdi.
Görüş zamanı QMİ sədri səfirə noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Sammiti barədə ətraflı məlumat verdi, Patriarxın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərdən danışdı. Səfir, öz növbəsində, Gürcüstan Baş Nazirinin Azərbaycana dünənki uğurlu səfəri barədə təəssüratlarını Şeyxülislamla bölüşdü.
Daha sonra Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələri barədə söhbət oldu. Bildirildi ki, tarixin sınaqlarından keçmiş bu əlaqələr hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz və dini liderlərin müdrikliyi sayəsində yüksək səviyyəsini qoruyub saxlaya bilmişdir. QMİ sədri Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirdi. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğuladı.
Görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələ müzakirə olundu və Patriarxın Şeyxülislam A. Paşazadəyə ünvanlı son məktubu ətrafında da fikir mübadiləsi oldu. Səfirlə söhbətində QMİ sədri Keşikçidağ məsələsinin dövlətlərarası xarakter daşıdığını vurğulayaraq, məsələnin Azərbaycanın suverenliyi çərçivəsində, müvafiq hökumətlərarası komissiyalar tərəfindən Azərbaycan-Gürcüstan xalqları və dövlətləri arasında mövcud ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirdi.
Bu əsnada, Şeyxülislan səfirə Patriarx II İliya həzrətlərinin bu ilin may ayında verdiyi, Gürcü Patriarxlığının rəsmi vebsaytında yer alan bəyanatını xatırlatdı. Bir neçə ay bundan əvvəl Keçikçidağ kompleksi ətrafında yaranmış məsələ ilə bağlı açıqlamasında Patriarx II İliya bildirmişdi ki, “təəssüflər olsun ki, baş verənləri analiz edərkən, Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən
başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır... Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”.
Dəvətə görə Şeyxülislam A.Paşazadəyə təşəkkür edən səfir Keşikçidağ ətrafındakı məsələnin hökumətlərarası komissiyalar tərəfindən həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını bildirdi. Yekdil qənaətə gəlindi ki, bu kimi məsələləri qızışdıran kənar qüvvələr məkrli niyyətlərə xidmət edirlər. Səfir hansısa maraqlı qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı sahədə xələl gətirməsinə imkan verilməyəcəyini vurğuladı və bu işdə Azərbaycan və Gürcüstan dini liderlərinin müdrikliyinə əmin olduğunu bildirdi. Görüşün sonunda səfir Şeyxülislamın salamlarını və görüş barədə məlumatları Patriarx II İliya həzrətlərinə şəxsən yetirəcəyini diqqətə çatdırdı.
QMİ-nin Mətbuat Xidməti
 
 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 201