Şeyxülislam Allahşükür Paşazadə Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib

 

29.08.2019
 Qafqaz Müsəlmanları idarəsinin sədri hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib.

 Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nüməyəndə heyəti bu gün Məkkə şəhərində Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib və bu nəfis örtüyün hazırlanmasında iştirak edib.

Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman şeyx Allahşükür Paşazadəni yerli rəsmilərdən kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.

Kəbə evinin örtüyünün hazırlandığı sexin rəhbərliyi QMİ sədri şeyx Allahşükür Paşazadəni qarşılayan zaman, istehsal müəssisəinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.

Ziyarət zamanı QMİ sədrinə Kəbə evinin örtüyünün bir parçası hədiyyə edilib.

QMİ sədri şeyx Allahşükür Paşazadə də öz növbəsində Məkkə və Mədinənin müqəddəs hərəmlərində görülən işlərə görə Səudiyyə Ərəbistanın aidiyyatı qurumlarına təşəkkürünü bildirib.
 

Oxunub : 1621