Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifi qəbul etdi

 
 
25.04.2019
Aprelin 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifi qəbul etdi.
           Səmimi qardaşlıq şəraitində keçən görüşdə qonağı salamlayan QMİ sədri A. Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən qonağa bəhs etdi. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini, dövlət başçımızın bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirməsinin, qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyalarını irəli sürməsinin bu töhfələri artırdığını qeyd edən A. Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd etdi. Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam A. Paşazadə, iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək növbəti beynəlxalq forumu xüsusi vurğuladı və rumın müftinin də bu tədbirə dəvətli olduğunu diqqətə çatdırdı.
           Öz növbəsində, Rumıniya muftisi M. Yusif Azərbaycana səfərdən məmnunliğunu bildirdi və ağsaqqal din xadimi kimi Şeyxülislam A. Paşazadə ilə görüşə böyük dəyər verdiyini diqqətə çatdırdı. Multikulturalizmə həsr olunmuş Madriddə keçirilən Beynəlxalq Konfransda iştirakını rəğbətlə xatırlayan ruminiyalı qonaq, Şeyxülislamın dəvətilə Vyana beynəlxalq Konfransında da məmnuniyyətlə iştirak edəcəyini vurğuladı. Daha sonra M. Yusif üzvü olduğu, Şeyxülislam A. Paşazadənin isə Direktorlar Şurasında təmsil olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin yeni fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi etdi.   
           QMİ sədri A. Paşazadə bildirdi ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında  əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Bildirdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcəkdir. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir  dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirdi.
          Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən M. Yusif Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu vurğuladı. Fransanın da çoxkonfessiyalı ölkə olduğunu bildirən qonaq dövlətin dinlərarası sülh şəraitini təmin etməli olmasının vacibliyinə diqqəti çəkdi. Bu işdə din xadimlərinin, dini liderlərin böyük roluna diqqəti çəkən rumıniyalı qonaq Şeyxülislam A. Paşazadənin dinlərarası əməkdaşlıq sahəsində böyük təcrübəyə malik olduğunu və onun Rumıniya Patriarxı ilə əlaqələrinə böyük önəm verdiklərini diqqətə çatdırdı.
           Şeyxülislam A. Paşazadə son zamanlar Yeni Zelandiya, Şri-Lanka, Yaxın Şərqdə baş verən hadisələr ətrafına Rumıniya müftisi ilə fikir mübadiləsi apardı. Bildirildi ki, çoxsaylı insan tələfatına səbəb olmuş silsilə terror aktlarını xatırladaraq dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərini  ümumbəşəri faciələr kimi dəyərləndirərək, bu təhdidlərdən bəşər ailəsinin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyinə diqqəti çəkdi.
           Görüşdə Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri  Dan İanku iştirak edirdi.
            Görüş fotonun çəkilməsi və xatirə hədiyyəsinin təqdim olunması ilə başa çatdı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir! 

Oxunub : 2321