Qafqaz Müsəlmanları İdarəsi Şamaxıda zona müşavirəsi keçirdi

 
04.04.2019
Aprelin 4-də Şamaxı “Cümə” məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında fəaliyyət göstərən din xadimlərinin zona müşavirəsi keçirilib.
Qurani-Kərim tilavət olunduqdan sonra Azərbaycan dövlətçiliyinin müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub. QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev tədbiri giriş sözü ilə açaraq ordumuzun “Aprel zəfəri” barədə danışıb: “Bir neçə gün öncə xalqımız “Aprel hadisələri”nin növbəti ildönümünü qeyd etdi. Əmin olduq ki, Azərbaycanın qüdrətli ordusu ərazilərimizi işğaldan azad etməyə qadirdir və inşallah Ali Baş komandanımızın rəhbərliyi ilə belə zəfərlərimiz çox olacaq. Allah dövlətimizi daha da güclü, bayrağımızı daim uca etsin”.
Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını toplantı iştirakçılarının diqqətinə çatdıran Müfti bildirib ki, müşavirə QMİ sədrinin müvafiq tapşırığına əsasən keçirilir. Məqsəd ölkəmizdəki din-dövlət münasibətləri sahəsində görülən işləri müzakirə etmək, Qazı və səlahiyyətli nümayəndələrin hesabatlarını dinləmək, bölgələrdəki din xadimlərinin problem və təkliflərini öyrənməkdir.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxış edərək bildirib ki, zona müşavirəsinin Qafqazın ən qədim məscidlərindən biri saylan Şamaxı “Cümə” məscidində keçirilməsinin rəmzi mənası var: “734-cü ildə inşa edilən ibadət ocağı dövlət başçımız İlham Əliyevin diqqət və qayğısı sayəsində bərpa olunaraq 2013-cü ilin mayın 17-də yenidən dindarlarımızın ixtiyarına verilib. Şimalı Qafqaz müftilərinin də iştirakı ilə keçirilən açılış mərasimində prezidentimiz İslam dininin xalqımızın tarixində və mədəniyyətində mühüm rol oynadığını qeyd edib, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizə daim önəm verdiyini bir daha dünyaya çatdırıb. Şamaxının ən ucqar dağ kəndi olan Dəmirçidə 755-ci ilə aid məscidin təmir olunması həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müqəddəs dinimizə böyük ehtiramının göstəricilərindən biridir. Son dövrlər ölkəmizdə “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” və “Nəsimi İli” elan olunması bütün Azərbaycan vətəndaşları kimi qədim Şirvan bölgəsində yaşayan dindarların da sevincinə səbəb olub. Ölkə rəhbərimizin hər il müqəddəs Ramazan bayramını din xadimləri ilə birgə qeyd etməsi, Şeyxülislam həzrətlərinin ünvanına yüksək fikirlər səsləndirməsi inanclı insanlar tərəfindən rəğbətlə qarşılanır.
Mərəhmət Mustafayev yığıncağın təşkilinə görə QMİ sədrinə minnətdarlığını bildirib: “Təkcə Qafqazda deyil, bütün dünyada sülhün, əmin-amanlığın qorunmasında, ölkəmizdə din-dövlət münasibətlərinin inkişafında, məzhəblərarası qardaşlığın, vəhdətin bərqərar olmasında Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətləri var. Təsadüfi deyil ki, idarəmizin sədri dünyada nüfuzlu dini liderlərdən sayılır və qəbul olunur. Bu da bölgələrdə çalışan din xadimlərinin məsuliyyətini bir qədər də artırır”.
QMİ-nin səlahiyyətli nümayəndəsi Şamaxı-Qobustan bölgəsindəki dini durum, görülən işlər və problemlər barədə hesabat verib: “Bölgəmizdə 53 məscid var, onlardan 28-i Şamaxının, 25-i isə Qobustan rayonunun ərazisindədir. Şamaxıdakı məscidlərdən 16-sı, Qobustandakı məscidlərdən isə 14-ü rəsmi dövlət qeydiyyatından keçib. Bir neçə məscidin dövlət qeydiyyatına alınması üçün sənədləri aidiyyəti qurumlara göndərilib. Bölgə məscidlərində 7 Quran kursu var, onların qanunvericiliyə və QMİ tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun fəaliyyət göstərməsinə ciddi nəzarət olunur. Daha 7 Quran kursunun sənədləri QMİ-də baxılma mərhələsindədir. Ötən ildən başlayaraq Mənəvi Dəyərlərin Təbliği Fondundan bölgəmizdə 28 din xadimi maddi yardım alır. Onlardan 17-si Şamaxı rayonunda, 11-i isə Qobustan rayonunda çalışır. Bölgədə cümə və bayram namazları, Aşura və digər dini mərasimlər QMİ Qazılar Şurasının tövsiyələrinə uyğun, ictimai asayişə riayət olunmaqla keçirilir. Din xadimləri bölgənin ictimai həyatında fəallıq göstərir, anım və hüzn günlərində, din-dövlət münasibətlərinə və maarifləndirmə mövzularına həsr olunan konfranslarda yaxından iştirak edirlər”.
Mərəhmət Mustafayev şəhid və aztəminatlı ailələrin daim diqqət mərkəzində saxlandığını bildirib: “Məscidlərdə toplanan ianələr hesabına şəhid ailələrinə, xəstə və qayğıya ehtiyacı olanlara, bölgədə məskunlaşan qaçqın, köçkünlərə yardım edilir. Dini bayramlarda və anım günlərində ehsanlar verilir”. Səlahiyyətli nümayəndə inanclı insanlara göstərdikləri diqqət və qayğıya görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova minnətdarlığını bildirib.
QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov hesabatında bildirib ki, rayon ərazisindəki 30 məsciddən 17-si rəsmi dövlət qeydiyyatına alınıb. Mənəvi Dəyərlərin Təbliği Fondu 10 din xadiminə maddi yardım verir. 12 məsciddə cümə namazları qılınır və dini ayinləri QMİ-nin təyin etdiyi din xadimləri həyata keçirir. Dini mərkəzin təsdiqlədiyi xütbələrdə din-dövlət münasibətlərinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət verilir. Ağsu ərazisində rəsmi açılan 2 Quran kursunun gündəlik fəaliyyəti də QMİ-nin tərtib etdiyi əsasnamə və proqrama uyğun qurulub”.
Nurəddin İslamovun sözlərinə görə, cümə və bayram namazlarında iştirak edənlərin sayı, məscidlərdə qeyd olunan mərasimlər, keçirilən xeyriyyə tədbirlər, göstərilən yardımlar barədə QMİ-yə məlumat verilir. Səlahiyyətli nümayəndə bildirib ki, rayon dindarları ölkədəki inkişafı, sabitliyi, dini tolerantlıq mühitini daim yüksək dəyərləndirir,  din-dövlət münasibətlərinin inkişafına töhfə verməyə çalışırlar: “Ölkə başçısına, Şeyxülislam həzrətlərinə, rayon rəhbərliyinə dindarlarımızın minnətdarlığını yetirir, sabitliyi, dinlər, məzhəblərarası vəhdəti qorumağa həmişə səy göstərəcəyimizi bildirirəm”.
QMİ-nin Aparat rəhbəri Simran Həsənov zona müşavirəsində çıxış edərək bildirib ki, idarə sədrinin tapşırığına əsasən təkcə paytaxtda deyil, ayrı-ayrı bölgələrdə belə toplantılar keçirilir. Məqsədimiz görülən işlərə nəzər salmaq, QMİ sədrinin əmr və tapşırıqlarını çatdırmaq, yerlərdə problemləri öyrənməkdir. Qədim tarixə malik Şamaxı “Cümə” məscidində ilk dəfədir ki, belə geniş tərkibdə müşavirə reallaşır. Şirvan torpağının dinimiz və dövlətçilik tariximizdə mühüm yeri var, Şeyxülislam həzrətləri də bu bölgəyə daim diqqət ayırır. Səlahiyyətli nümayəndələrin hesabatlarından göründüyü kimi, yerlərdəki din xadimlərimiz xeyli iş görüblər, həllini gözləyən problemlər də var. İşimizi günün tələbləri səviyyəsində qurmaq, kollektivçilik ruhunu gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək QMİ-nin prioritetlərindən biridir. Dini mərkəzin yerlərə təyin etdiyi şəxslər işlərini səlahiyyətlərin çərçivəsində həyata keçirməli, dövlət qurumları ilə əməkdaşlıq və qarşılıqlı etimad əsasında çalışmalıdırlar”.
Aparat rəhbəri “Dini etiqad azadlığı haqında” qanuna edilən dəyişikliklər, QMİ sədrinin əmr və göstərişləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
QMİ-nin Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov, bölgə Qazısı Ceyhun Rüstəmov, Şamaxı “İmamzadə” məscidinin imamı Elşən Rüstəmov, Qobustandakı “Heydər” məscidinin imamı Çingiz Babaşov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndirib, belə müzakirələrin əhəmiyyətindən danışıblar.           
Zona müşavirəsinə yekun vuran QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev tapşırıq və tövsiyələrini verib, qaldırılan problemlər, səslənən təkliflər barədə Şeyxülislam həzrətlərinə məruzə olunacağını bildirib.
Müfti bölgəyə səfəri çərçivəsində bu ilin fevralında zəlzələdən ziyan çəkən məscidlərin vəziyyəti ilə də tanış olub, təbii fəlakətin nəticələrini operativ aradan qaldırdıqlarına görə Şamaxı Rayon İcra hakimiyyətinə və digər dövlət qurumlarına QMİ rəhbərliyi adından minnətdarlıq edib.
 
 
 
 
 
 
 
 
   *Materialdan istifadə zamanı sayta istinad vacibdir!*

Oxunub : 2290